26.01.2026
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
Məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin müraciəti əsasında
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin
hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının
pensiyası ilə bağlı xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına
münasibətdə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər -
Bakı İnzibati Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini,
Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən
təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə
doktoru L.Ələsgərovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə
doktoru F.Əliyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərardad
qəbul edib.
Qərardadda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınsın.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı
hissəsində göstərilənlərə görə Bakı İnzibati Məhkəməsinin müraciəti üzrə ayrıca
Qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam
verilsin.
Azərbaycan
Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinin və 149-cu maddəsinin
I hissəsinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi
mövqelərə əsasən pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi
növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu
stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə
dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin.
