26.05.2025
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və II
hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan
Respublikası Qanununun 41 və 76-cı maddələrinin Mülki Prosessual Məcəllənin
128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu İş üzrə hakim
C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin
müraciətini və Milli Məclisi Aparatının mülahizəsini, Ali Məhkəmə, Vəkillər
Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən
təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ
kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Ə.Əliyevanın və həmin
kafedranın müəllimi S.Hüseynovun rəyini və iş materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin I və II hissələrinə, 62-ci maddəsinə və bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə
aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Milli Məclisə təklif
edilsin. Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun
apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında
ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin. Qanunverici orqan tərəfindən
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə
tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən
edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq
edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.