14.05.2025
Fərhad Abdullayevin sədrliyi
ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan
Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin
“Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə
baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər - Azərbaycan
Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizəsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası və Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis
mülahizələrini, ekspert - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət
hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229,
274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri
yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir. Şəxsin
əməlində başqa cinayət tərkibinin də olduğu halda o, yalnız həmin cinayətə görə
məsuliyyətə cəlb edilir.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.