04.04.2025
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun
sorğusu əsasında Ali Məhkəmənin Cinayət Kollegiyasının 2024-cü il 22 may
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, konstitusiya məhkəmə
icraatının tərəfləri Azərbaycan Respublikası Prokurorluğunun və Ali Məhkəmənin
mülahizələrini, Milli Məclis Aparatı, Bakı Apellyasiya Məhkəməsi və Vəkillər
Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın, Milli
Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri
doktoru, professor A.Rüstəmzadənin rəylərini və iş materiallarını araşdırıb
müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinin,
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya
Qanununun 23.4 və 24-cü maddələrinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
1, 3 və 5-ci maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar
çıxdığı və cinayət tərkibini müəyyənləşdirən beynəlxalq müqavilələr yalnız
Cinayət Məcəlləsinə əlavə və ya dəyişikliklərin edilməsi ilə bağlı müvafiq
qanunların qəbul edilməsi vasitəsilə tətbiq oluna bilər.
Azərbaycan
Respublikası Konstitusiyanın 63-cü maddəsinin I hissəsinə, qanunçuluq və hüquqi
müəyyənlik prinsiplərinə, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 312-1-ci
maddəsi ilə publik maraqların qorunduğu nəzərə alınaraq həmin maddədə nəzərdə
tutulmuş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi (differensiasiyası) Milli Məclisə tövsiyə edilsin.
Qərar dərc
edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.