28.01.2025
Yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Aparatının 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
İclası açan Fərhad Abdullayev
bildirib ki, bu gün banisi Ulu Öndər Heydər Əliyev olan müasir Azərbaycan dövləti
ən yüksək inkişaf mərhələsini yaşayır. Tarixin ən mühüm və taleyüklü məsələsi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan
Ordusunun parlaq Qələbəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal
xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu. Bu gün azad
edilmiş ərazilərdə dövlətimizin Əsas Qanunu olan – Konstitusiyanın hüquqi qüvvəsi
bərpa olunub.
Dövlət başçısı İlham Əliyevin
rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın yaxından iştirakı ilə böyük müvəffəqiyyətlə icra olunan bərpa-quruculuq
işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi
ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan
Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Qeyd
edilib ki, bu Sərəncamı rəhbər tutaraq Konstitusiya Məhkəməsi bu il bir sıra tədbirlərin
keçirilməsini nəzərdə tutur.
Bildirilib ki, Konstitusiya Məhkəməsinin
Plenumu tərəfindən ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun və
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları, məhkəmələrin müraciətləri
və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı bir sıra mühüm qərarlar qəbul
edilmişdir. Konstitusiya Məhkəməsinə hesabat ili ərzində ümumilikdə 2049 ərizə
və konstitusiya şikayəti, onlardan 859 ərizə və konstitusiya şikayəti onlayn
müraciət vasitəsilə daxil olub. Plenum tərəfindən baxılmış konstitusiya işləri
ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həmin
qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual
qanunvericiliyin, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək,
inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh vermiş, qərardadlarda
isə tətbiqedici orqanlar üçün praktiki izahlar vermişdir. Digər məsələlər üzrə
konstitusiya şikayətləri müvafiq açıqlamalarla aidiyyəti orqanlara göndərilmiş
və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə imtina
edilmişdir.
Vurğulanıb ki, 2024-cü ilin mühüm
hadisələrindən biri fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi
olub. Bununla bağlı fevralın 13-də Konstitusiya Məhkəməsində növbədənkənar
Prezident seçkilərinin nəticələrinin rəsmən elan olunmasına dair Konstitusiya Məhkəməsi
Plenumunun iclası keçirilib.
Sədr qeyd edib ki,
Konstitusiya Məhkəməsinin Plenumu ötən ilin iyunun 27-də Azərbaycan
Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il
21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar
seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət
edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin
buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan
Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxıb. Daha sonra sentyabrın
1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin
nəticələri Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən təsdiqlənib.
Bildirilib ki, 2024-cü ilin
oktyabr ayında Konstitusiya Məhkəməsi Elm və Təhsil, Gənclər və İdman nazirlikləri
ilə birlikdə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin tələbələri,
habelə Xankəndi və Şuşa şəhərləri, Füzuli, Laçın, Zəngilan və Xocalı
rayonlarının orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Zəfər
çalmış dövlətin Əsas Qanunu” mövzusunda hüquq olimpiadası təşkil edib və qaliblər
mükafatlandırılıb.
Diqqətə çatdırılıb ki, ötən il
ölkəmiz dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan Birləşmiş
Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29), eyni zamanda, Kioto Protokolunun Tərəflər
Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı
sessiyasına ev sahibliyi edib.
Konstitusiya Məhkəməsinin
nümayəndələri COP29 çərçivəsində keçirilmiş konfrans və seminarlarda iştirak
ediblər. Ötən il sentyabrın 18-20-də Asiya Konstitusiya Məhkəmələrinin və
Ekvivalent İnstitutlar Assosiasiyasının 6-cı Konqresində Konstitusiya Məhkəməsinin
nümayəndə heyəti iştirak edib. Konqresin yekununda qəbul edilən Banqkok Bəyannaməsində
Asiya ölkələrinin Konstitusiya Məhkəmələri Bakı şəhərində keçirilən COP29 tədbirinə
öz dəstəklərini ifadə etmişlər.
İclasda Aparat rəhbərliyinin
çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib.
Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində
toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası,
tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr
dinlənilib.
Sədr yekun nitqi ilə çıxış edərək
diqqətə çatdırdı ki, Konstitusiya Məhkəməsi müəllifi Ulu Öndər Heydər Əliyev
olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət
quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək
olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.
Hesabat iclasının sonunda Fərhad
Abdullayev 2024-cü ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı,
qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hakimlərin
icraatında olan işlərlə bağlı tövsiyələr etmiş, cari ildə Konstitusiyanın qəbul
olunmasının 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransın və digər tədbirlərin
keçirilməsi ilə əlaqədar təşkilati işlərin başlanması üçün müvafiq tapşırıqlar
vermişdir.