02.12.2024
Dekabrın
2-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə
görüş təşkil edilib.
Tədbir
iştirakçılarını salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil
Azərbaycanın ilk Konstitusiyasının ölkəmizin gələcəyini, hüquqi inkişaf
strategiyasının əsas prioritetlərini müəyyən etdiyini vurğulayaraq, hüquq
sisteminin mahiyyətini müəyyənləşdirən mütərəqqi qanunların qəbul olunması və
dünyəvi, hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna toxundu.
Sədr
vurğuladı ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayının 19-20 tarixlərində keçirilmiş lokal
xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə sayəsində dövlətimizin
Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa
olundu.
Fərhad
Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı
məhkəmə sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin
olunması məqsədi daşıyır. Dövlət Başçısının məhkəmə hakimiyyətinin müstəqilliyinin
təminatçısı kimi hakimlərin müstəqil olaraq qanuna uyğun ədalətli və əsaslandırılmış
qərarlar qəbul etməsi və şəffaflıq əsasında fəaliyyət göstərməsinə daim diqqət
yetirməsi qeyd olunub.
Diqqətə
çatdırıldı ki, ədalət mühakiməsinin səmərəliliyi, vətəndaşların məhkəmələrə
inamı və etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır. Sədr hakimlərin
yüksək nəzəri bilik və peşə hazırlığı ilə yanaşı, ədalət, qanunçuluq, qərəzsizlik
və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı
tövsiyələrini qeyd etmiş, hər hansı qərar qəbul edərkən qanunun tələbləri və
vicdan kimi insani keyfiyyətlərin rəhbər tutulmasının vacibliyini gənc
hüquqşünasların diqqətinə çatdıraraq, onlara gələcək hakim peşəsində uğurlar
arzulamışdır.
Daha
sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə gələcək hakimlərə ətraflı məlumat
verilmiş, məhkəmə tərəfindən qəbul edilən qərarlarda əks olunmuş hüquqi mövqelər
və yanaşmalarla bağlı bir sıra məsələlərə toxunulmuşdur.