Konstitusiya Məhkəməsində Zəfər Günü qeyd edilib

Новости

2024 Nov

07.11.2024

Noyabrın 7-də Konstitusiya Məhkəməsində Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdən öncə Konstitusiya Məhkəməsinin kollektivi İkinci Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini ehtiramla yad  edərək, məzarları üzərinə gül dəstələri düzüblər.

Daha sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Zəfər Günü münasibətilə keçirilən tədbirdə vurğulamışdır ki,  8 noyabr – xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi zəngin tariximizə əbədi həkk olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl diplomatiyası, strateji düşüncəsi, xalqımızın əzmi və iradəsi, dövlətin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi  sayəsində reallaşdı.

Bildirildi ki, Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının nümunəsi olan 8 noyabr Qələbəsi ilə torpaqlarımızın uzun illər davam edən  işğalına son qoyuldu və xalqımız qalib, məğrur xalqa çevrildi. Milli həmrəyliyimizin təcəssümü olan bu böyük qalibiyyət sayəsində ədalət və beynəlxalq hüquq bərpa olundu, xalqımız öz tarixi missiyasını şərəflə yerinə yetirdi.

Sədr qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri dövlətimizin suverenliyini ölkəmizin bütün ərazisində tam təmin etdi. Antiterror əməliyyatının cəmi bir gün ərzində bütün hədəflər üzrə reallaşdırılması və uğurla başa çatdırılması Qarabağ Zəfərinin davamı, prosesin məntiqi sonluğu, dövlətimizin qəti qələbəsidir. Böyük siyasi iradənin, milli birliyin, güclü ordunun uğurları nəticəsində Dövlət Bayrağımız qürurla işğaldan azad edilmiş torpaqlarımızda -  Azərbaycanın suveren ərazisində dalğalanır.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş ərazilərimizdə tam bərpa edilib və həmin torpaqların azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasının təminatıdır.

Daha sonra qeyd edildi ki, dövlət başçısının işğaldan azad olunmuş şəhər və rayonlara mütəmadi səfərləri, həmin ərazilərə yeni həyatın  qayıtması xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və hər bir Azərbaycan vətəndaşında haqlı qürur hissi oyadır.

Respublikamızda güclü sosial siyasət aparılmaqla insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Azad edilmiş ərazilərdə dövlətimizin başçısının göstərişinə əsasən Böyük Qayıdış Proqramının uğurlu icrası çərçivəsində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Həmin ərazilərdə infrastruktur obyektləri ilə yanaşı, yaşayış komplekslərinin, inzibati binaların, məktəb və xəstəxanaların təməli qoyulur, qısa müddətdə tikilib istifadəyə verilir. Bu bərpa-quruculuq işləri bütün dünyaya Azərbaycanın gücünü, Prezidentimizin möhkəm iradəsini, yüksək idarəçilik məharətini, qurub-yaratmaq əzmini nümayiş etdirir.

Sədr xüsusi vurğuladı ki, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla bir sıra layihələr icra olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə şəhid ailələrinin və müharibə iştirakçılarının rifahının yaxşılaşdırılması üçün mütəmadi olaraq genişmiqyaslı sosial dəstək tədbirləri görülür, qazilərin sağlamlığına qovuşması üçün bütün mümkün vasitələrdən istifadə edilir.

Qeyd edildi ki, son illər bütün sahələrdə uğurlar qazanan, Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan bir sıra qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil edən ölkəyə çevrilmişdir. Bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) respublikamızda keçirilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsi və  ölkəmizin növbəti uğurudur.

Fərhad Abdullayev bildirib ki, ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Hazırda bütün dünya Azərbaycanın Qələbəsini və onun regional liderliyini qəbul edir. Bu gün məğrur xalqımız şanlı Zəfəri ilə fəxr edir, qürur duyur və bu Qələbənin əbədiləşdirilməsi istiqamətində məqsədyönlü, prinsipial addımlar atır. Bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri dünya azərbaycanlıları tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.   

Tədbirin sonunda Fərhad Abdullayev Zəfər günü Günü, həmçinin qarşıdan gələn Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə məhkəmənin kollektivini təbrik etmişdir.