27.06.2024
İyunun 27-də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan
Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli “Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında
Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər
təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair
sorğusuna baxılıb.
Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib
və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.
İclasda
sorğuverən tərəfin nümayəndələri qismində Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri
sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı
sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan
Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak ediblər.
Çıxışlardan
sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar
qəbul etmək üçün müşavirə otağına keçiblər.
Müşavirədən
qayıtdıqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını elan edib.
Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981 - ci maddəsinə uyğun hesab edilməlidir.
Qəbul
edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.