24.04.2024
Fərhad Abdullayevin sədrliyi
ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə
iclasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Əmək Məcəlləsinin
175-ci maddəsinin 4-cü hissəsinin Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin və Milli Məclis Aparatının mülahizələrini,
Ali Məhkəmənin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Vəkillər
Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri
doktoru, professor A.Qasımovun rəyini və iş materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və 73-cü maddələrinin
tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən
işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət,
kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Əmək Məcəlləsinin
175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və
Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan
gəlirlərə aid edilmir.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.