Konstitusiya Məhkəməsinin Plenumu Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin həmin Məcəllənin 3.11-ci, 13.2.17-ci və 114.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Новости

2023 Aug

07.08.2023

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin həmin Məcəllənin 3.11-ci, 13.2.17-ci və 114.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Vəkillər Kollegiyasının, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru A.Mirzəyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Vergi Məcəlləsinin 13.2.17-ci və 114.2-ci maddələrinin mənasına görə, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan tərəfindən əldə edilmiş və həmin Məcəllənin 114.2-ci maddəsində göstərilən amortizasiya olunmayan maddi aktivlərə daxil edilməyən ipoteka predmeti olan əmlak bu Məcəllənin 197.1.3-cü maddəsi ilə müəyyən edilən əmlak vergisinin vergitutma obyektinə aiddir.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə alınmaqla ipoteka saxlayan müəssisənin məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan tərəfindən əldə edilmiş, lakin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətində istifadə edə bilmədiyi, qanunvericiliklə özgəninkiləşdirilməli olan əmlaklara münasibətdə əmlak vergisinin tətbiqi şərtləri və qaydalarının tənzimlənməsi Milli Məclisə tövsiyə olunsun.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.