Konstitusiya Məhkəməsinin Plenumu AR Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci mad., həmin Məcəllənin 8.0.3-cü, 8.0.4-cü və 48.1-ci mad. və AR Cinayət Məcəlləsinin 307-ci mad. ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.

Новости

2023 Jun

06.06.2023

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3-cü, 8.0.4-cü və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Baş Prokurorluğun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisinə Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlləri ilə əlaqədar cinayət təqibi üzrə icraatın dayandırılmasının xüsusi əsasının müəyyən edilməsi, həmçinin Cinayət Məcəlləsinin 75-ci maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər verməmə cinayəti ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının hesablanmasının fərqli qaydasının təsbit edilməsi tövsiyə olunsun.

Cinayət və Cinayət-Prosessual məcəllələrinin müvafiq normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət əməlləri ilə bağlı cinayət təqibi üzrə icraatlar, barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işləri üzrə məhkəmə hökmü qanuni qüvvəyə minənədək dayandırılsın.

Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ağır və ya xüsusilə ağır cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablansın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.