Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci, 269.5-ci, 460.1-ci və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.

Новости

2023 May

23.05.2023

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci, 269.5-ci, 460.1-ci və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin mülahizələrini, Ali Məhkəmənin Mülki Kollegiyasının, Vəkillər Kollegiyasının və Azərbaycan Banklar Assosiasiyasının mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.