Konstitusiya Məhkəməsinin Plenumu AR MPM-nin 50.2-ci, 59.1-ci, 357.1-ci və 357.2-ci mad. AR CPM-nin 248.3-cü və AR Ailə Məcəlləsinin 41.3-cü mad. ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Новости

2023 May

12.05.2023

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2-ci, 59.1-ci, 357.1-ci və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Baş Prokurorluğun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Mülki Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin, Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci, 59-cu və 306-cı maddələrinin tələblərinə əsasən, dövlət mənafeyinin müdafiəsi üçün dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda prokuror mülki prosesdə iddiaçı və ya ərizəçi qismində tərəf ola bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə uyğun olaraq, prokuror yalnız həmin Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.