28.04.2023
Böyük elm, incəsənət xadimlərinin
bəşəriyyətə bəxş etdiyi əsərləri kimi, onların xatirəsi də xalqın mənəvi
dəyəri, incisidir. Azərbaycan elm və incəsənətinin hansı sahəsinə nəzər salsaq,
xalqımızın böyük şəxsiyyətləri və onların yaratdığı elm və sənət nümunələri ilə
rastlaşarıq. Azərbaycan tibb elminin inkişafından söz düşəndə ilk olaraq
insanın gözü önündə canlanan alimlərdən biri görkəmli oftalmoloq, pedaqoq,
akademik Zərifə Əliyevadır.
Zərifə xanımın atası Əziz Əliyev
görkəmli təşkilatçı, dövlət və elm xadimi kimi böyük nüfuza malik idi. 1998-ci
ildə Əziz Əliyevin anadan olmasının 100 illik yubiley tədbirində çıxış edən Ulu
Öndər Heydər Əliyev deyirdi: "Azərbaycanda və Dağıstanda işlədiyi illərdə
o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları
idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və
ədəbiyyatının Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun,
Süleyman Rüstəm, Qara Qarayev və bir çox görkəmli xadimləri ilə onun çox yaxın,
mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox
ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə
məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq
istəyirdilər".
Bu mənada Zərifə xanımın doğulub
boya-başa çatdığı mühit onun şəxsiyyətinin formalaşmasını, mənəvi zənginliyə və
geniş dünyagörüşünə malik xanım olmasını şərtləndirmiş, gələcək taleyini
müəyyən etmişdi.
Atasının yolunu davam etdirmək
qərarına gələn Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirmiş, yüksək ixtisaslı və
nüfuzlu həkim-oftalmoloq ixtisasına yiyələnmişdi.
Bütün bunlar olduqca mürəkkəb və
çətin şəraitdə baş verirdi. Stalin dövrünün siyasi damğaları çox ağır nəticələr
verirdi. 1940-cı illərdə - ağır müharibə illərində və müharibədən sonrakı
quruculuq dövründə Əziz Əliyev çoxmillətli Dağıstan Respublikasında rəhbərlik
edirdi. Onun böyük quruculuq fəaliyyəti, qayğıkeşliyi, mədəniyyətin və maarifin
inkişafındakı çox əhəmiyyətli xidmətləri bu gün də Dağıstan xalqı tərəfindən
yüksək qiymətləndirilir və unudulmur. Ancaq Azərbaycana qayıtdıqdan sonra -
1940-cı illərin sonu - 1950-ci illərin əvvəllərində Əziz Əliyev siyasi
qısqanclıq nəticəsində ədalətsiz siyasi ittihamlarla üzləşmişdi.
O dövrdə nəinki siyasi ittihama
məruz qalmış şəxslə, hətta onun ailə üzvləri ilə münasibətdə olmaq, əlaqə
saxlamaq cəsarət və mərdlik tələb edirdi, çünki həmin adamların özləri də
siyasi təqiblərə məruz qalırdı. Ancaq o dövrün bu qorxulu səciyyəsi də Heydər
Əliyevlə Zərifə xanımın məhəbbəti qarşısında aciz idi. Gələcək karyerasına
yarana biləcək maneələrə, təzyiqlərə baxmayaraq, Heydər Əliyev və Zərifə xanım
xoşbəxt və nümunəvi ailə həyatı qurdu.
Zərifə xanımın 90 illik yubileyinə
həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev
söylədiyi nitqdə deyirdi: "Zərifə xanım böyük lider, Ulu Öndər Heydər
Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu
dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan
münasibətlər, əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni
valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə -
Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər
Əliyevin həyat yoldaşının, əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola
bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi
ki, Heydər Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında
sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox
təvazökar idi".
Təbiətcə zəhmətkeş insan olan
Zərifə xanım həyat yoldaşının yüksək vəzifələrdə çalışmasına baxmayaraq, həmişə
işləyirdi, çünki insanlar üçün, cəmiyyət üçün əlindən gələni etmək onun təbiətinin,
mənəvi dünyasının ifadəsi idi. Bu fəaliyyətinin nəticəsində o, minlərlə insana
nur bəxş etmişdi. Praktiki fəaliyyəti ilə bərabər Zərifə xanım ciddi elmi
tədqiqatlar aparırdı və 1959-cu ildə "Traxomanın digər terapiya üsulları
ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik
dissertasiyasını, sonralar isə dünyaca məşhur oftalmologiya mərkəzi olan
H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda
"Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının
vəziyyəti" mövzusunda doktorluq dissertasiyasını böyük uğurla müdafiə
etmişdi.
1981-ci ildə oftalmologiyanın
inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya
aləmində ən nüfuzlu mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. O, bu böyük mükafata layiq
görülmüş ilk qadın idi.
Ümumiyyətlə, Zərifə xanım
Əliyevanın elmi fəaliyyətinə nəzər salanda bu fəaliyyətin həcmi, onun tibb
ictimaiyyəti arasındakı nüfuzu insanı heyrətləndirir. Rusiya Tibb Elmləri
Akademiyasının həqiqi üzvü M.Krasnov xatirələrində bunları yazmışdır:
"Zərifə Əliyeva tibb elmi sahəsində elə tədqiqatlar aparırdı ki, fikrimcə,
vəziyyət hətta paradoksal idi… Bizim zəmanədə səmərəli tam əmək fəaliyyəti üçün
görmə qabiliyyətinin nəinki yaxşı olması vacibdir, buna olan tələbat da
ildən-ilə artır. Bununla belə, indiyə qədər həmin mövzuya həsr edilmiş,
ümumiləşdirilmiş elmi əsər yoxdur. Zərifə Əzizovna kimi sosial həssaslığa malik
olmaq lazım idi ki, öz istedadını belə çətin, mürəkkəb və xeyirxah, eyni
zamanda, heç də həmişə layiqincə qiymətləndirilməyən bir məsələnin həllinə həsr
edəsən".
Zərifə xanım bir çox elmi
məqalələrin, monoqrafiyaların müəllifi idi. Ancaq onun elmi yaradıcılığında,
istedadlı və səmimi bir publisist qələmi də var idi. Onun həkim etikası və
məsuliyyəti haqqında səriştəli surətdə söylədiyi fikirlər yalnız həmkarları
üçün yox, geniş oxucu kütləsi üçün də çox maraqlı olurdu.
Bu mənada Zərifə xanımın
"Həkimin yüksək vəzifəsi" monoqrafiyası yüksək ixtisaslı həkim-alim
tədqiqatlarının elmi nəticəsi olmaqla bərabər, həm də mənəvi zənginliyin, insan
və həyat haqqında düşüncələrin, sırf insani baxımdan xeyirxahlığın, xoşməramlı
olmağın nəticəsi idi.
Zərifə xanım həmişə xüsusilə
vurğulayırdı ki, həkimlə xəstənin etibara əsaslanan birbaşa əlaqəsi müalicənin
əhəmiyyətini artırır, xəstədə ümid yaradır, immuniteti yüksəldir və bəzən
dərmandan da güclü təsir göstərir.
Ümumiyyətlə, onun elmi yaradıcılığı
ilə insani xüsusiyyətləri həmişə qoşa olmuşdu. O, həkim ilə pasiyentin
kommunikasiya üsul və qaydaları üzərində işləmiş, belə qarşılıqlı
münasibətlərin diaqnostika və müalicə prosesində mühüm rola malik olmasını daim
qeyd etmiş, tibb işçilərinin savadı ilə yanaşı, mənəvi-əxlaqi xüsusiyyətlərinin
də nə qədər vacib olduğunu həm elmi, həm də insani cəhətdən izah etmişdi.
Zərifə xanımın fikrinə görə, "həkim xəstənin ən doğma adamıdır",
çünki həkim ilə xəstə arasındakı münasibətlər olduqca həssas, etibara və ümidə
əsaslanan münasibətlərdir.
Ümumiyyətlə, Zərifə xanımın
həkim-xəstə münasibətləri haqqında araşdırmaları ilə hətta tibb sahəsində
çalışmayan oxucuların tanış olması belə kifayətdir ki, onun nə qədər yüksək
ideallara inandığını, həmin ideallara qulluq etdiyini, nə qədər mehriban və
incə qəlbli bir insan olduğunu anlayasan.
Zərifə xanım Əliyevanın fəaliyyəti
nəticəsində Azərbaycanda bütöv bir nəsil oftalmoloq yetişmişdir. Təsadüfi deyil
ki, bu gün də Azərbaycanda ən çox inkişaf etmiş və daim inkişafda olan tibb
sahələrindən biri məhz oftalmologiyadır. Fenomenal biliyi və parlaq istedadı,
məhz öz zəhməti sayəsində bütün Sovet İttifaqında məşhur professor, akademik
Zərifə xanım elmi zirvələri bir-birinin ardınca fəth etmişdi.
Zərifə xanım Əliyevanın şəxsiyyəti
və fəaliyyəti 1920-1930-cu illərdə Cəfər Cabbarlının teatr səhnəsində yaratdığı
Almasların, Sevillərin XX əsrin 60-70-80-ci illərində artıq səhnədə deyil,
həyatda hansı yüksəkliyə qalxdığını göstərən ən parlaq nümunədir.
Onun təməlini qoyduğu elmi
istiqamətlər və yaratdığı elmi məktəb müasir Azərbaycan milli tibb elminin
özüllərindən biri sayılır.
Zərifə xanım haqqında xatirələri
oxuduqca, bir daha əmin olursan ki, o, çox nadir bir insan olub. Elə nadir bir
insan ki, şəxsiyyət və alim kimi hətta qısqanclıq edənlər tərəfindən də qəbul
olunurdu.
Ulu Öndər Heydər Əliyevə paxıllıq
edən, ona qibtəsini gizlədə bilməyən, həsəd aparan Mixail Qorbaçov da
müsahibələrindən birində Zərifə xanımın necə nəzakətli, kübar bir xanım olduğunu
dilə gətirir.
Zərifə xanım insanların yalnız
gözünə şəfa vermirdi, onun xeyirxahlığı, insanpərvərliyi, həkim nəvazişi həmin
insanlara mənən dayaq olurdu. Təsadüfi deyil ki, Zərifə xanımın iş yoldaşları
xatirələrində onun insani keyfiyyətlərini - xeyirxahlığını, mehribanlığını,
humanizmini daim qeyd edirdi.
Məşhur pediatr, professor Ədilə
Namazova Zərifə xanım haqqında xatirələrində belə deyir: "Zərifə xanım
daxilən çox gözəl, məzmunlu insan idi. Onunla görüşəndə elə bilirdin ki, ən
yaxın və əziz insanınla görüşürsən. O, adama elə bir münasibət göstərirdi ki,
bütün ürəyini ona aça bilirdin. O, insanın qayğısına qalırdı. Öz övladlarını
böyüdəndə onun necə nümunəvi ana olmasının şahidi olmuşam. Sonra da nümunəvi
nənə oldu. Zərifə xanım övladlarının hər bir uğurunu görəndə sevincinin
həddi-hüdudu olmurdu. O, övladlarının uğurları ilə yaşayırdı. Zərifə xanım
həyat yoldaşına sadiq insan idi, ona mənəvi dayaq olurdu. O, ətrafındakı bütün
insanlara kömək edirdi, problemlərinin həllinə çalışırdı. İşlədiyi kollektivdə
də gənc həkimlərin pənahı idi. Zərifə xanım bütün həyatını, fəaliyyətini tibb
elminin inkişafına həsr edib. Azərbaycan oftalmologiyasının əsl fədaisi olaraq,
dünyada onun tanınmasında həlledici rol oynayıb. Görkəmli alim, yüksək insani
keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya
elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyevanın əvəzsiz
xidmətlərini hər zaman qeyd etmək lazımdır…".
Zərifə xanımın iş yoldaşları və
tələbələri hər zaman onun nə qədər gözəl zövqə malik olduğunu da xüsusi qeyd
edirlər. Onların xatirələrinə görə, Zərifə xanım hətta laboratoriya, palata və
iş otağını da özü zövqlə qaydaya salır, orada gözəl ab-hava, xoş əhvali-ruhiyyə
yaradırdı. Bunların hamısını o, həmin məkana gələn xəstələrin özlərini daha
rahat hiss etmələri üçün edirdi.
Zərifə xanım haqqında xatirələri
yalnız Azərbaycanda onu tanıyanlar, onunla bir yerdə çalışanlar söyləmirdi.
Onun şəxsiyyətinin və elmi yaradıcılığının qiymətləndirilməsi, onun sırf insani
keyfiyyətlərinin emosional təsiri Azərbaycanın hüdudlarını aşmışdır. Akademik
A.Nesterov Zərifə xanım haqqında deyirdi ki, "O çox nadir mənəviyyata
malik, olduqca təvazökar insanlardan idi. Müsahiblərini dinləməyi bacarırdı,
onların problemlərini ürəyinə salıb, öz problemlərindən ayırmırdı. İnanılmaz
qədər insanpərvər idi. Gözəl həyat yoldaşı və gözəl ana idi. Ailəsini nə qədər
sevdiyini sözlərlə ifadə etmək mümkün deyil".
Bəli, Zərifə xanım Əliyeva, ilk
növbədə, fədakar ömür-gün yoldaşı, fədakar ana idi.
Ulu Öndərin gənclik illərində çətin
günləri az olmamışdı. Sonralar artıq böyük dövlət xadimi olduğu dövrdə də
Heydər Əliyev namərdliklə, etibarsızlıqla, dönüklüklə az rastlaşmamışdı.
Vaxtilə ötəri bir salamı ilə fəxr edənlər, qürurlananlar ona qarşı çıxmışdı.
Zərifə xanım belə anlarda Ulu Öndərə mənəvi dəstək, mənəvi güc verirdi.
Ümummilli Lider deyirdi: "Gənc
yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna
sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli,
müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu
olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi
mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə
məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların
hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox
böyük məharətlə yerinə yetirib".
Heydər Əliyevin yüksək statusu
Zərifə xanımın üzərinə daha böyük məsuliyyət qoyurdu. Bu incə, zərif xanımın
inanılmaz daxili gücü var idi, o, hər şey üçün zaman və güc tapırdı.
Zərifə xanım Heydər Əliyevin ən
sədaqətli dostu, ən etibarlı məsləhətçisi idi. Hətta qızları Sevil xanım
Əliyeva deyir ki, atası Heydər Əliyev etiraf etmişdi: Zərifə xanıma rast
gəlməsəydi, ailə qurmayacaqdı.
Mən Sevil xanımın Xalq şairi Fikrət
Qocanın sözlərinə yazılmış məşhur "Ana" elegiyasını xatırlayıram. Bu
qəmli nəğmə o qədər dərin bir kədərin səmimi ifadəsidir ki, onu həyəcansız
dinləmək mümkün deyil. Müslüm Maqomayevin ifasında bu hüznlü nəğmə Zərifə
xanımla bərabər onun timsalında, onun nümunəsində bütün analara həsr edilmiş
bir elegiya təsiri bağışlayır.
Bəzən televiziya ilə göstərilən bir
epizodda Heydər Əliyevin necə dərin bir kədərlə bu nəğməni dinləməsinin şahidi
oluruq. Ulu Öndərin bu kədəri məhəbbətlə, sevgi ilə yaşanılmış bir ömrün
unudulmazlığından xəbər verir.
Zərifə xanım amansız xəstəliklə iki
il mübarizə apardı. Lakin çəkdiyi əziyyətlərə baxmayaraq, o, həmin gülərüz, hər
zaman yardım əlini uzatmağa hazır olan, insanpərvər Zərifə xanım olaraq
qalırdı. Akademik M.Krasnov Zərifə xanımın ömrünün son aylarını belə
xatırlayırdı: "Müalicə çox çətin və əzablı idi. İnsanı nəinki fiziki,
mənəvi də sarsıdırdı. Lakin Zərifə xanım heç vaxt şikayət etmirdi. Son anına
qədər gələcək planlar qururdu... 1984-cü ildə Tibb işçisi günü qeyd edilirdi.
Zərifə xanım ağır xəstəliklə mübarizə etdiyi vaxtlar idi, lakin xəstəliyin
müalicəsi olmayan olduğunu bilənlərin sayı az idi. Mən prezidiumda əyləşmişdim.
Birdən zalda onun ən sevimli professor həmkarlarından biri ilə bərabər
əyləşdiyini gördüm. Onlar danışıb-gülür, söhbətlərindən həzz alırdılar. Zərifə
xanım bu gücü, bu həyat eşqini haradan alırdı? Vəfatından iki həftə öncə
işgüzar ezamiyyətə getməyi planlaşdırırdı. Deyirdi ki, "aspirantlarıma
kömək etməliyəm".
Həyatın amansız qanunları var. Bu
amansızlıq Zərifə xanımı 62 yaşında həyatdan aparsa da, onun parlaq obrazının
xatirələrdə yaşamasına mane ola bilmədi. O xatirələrdə hələ də canlıdır.
Ulu Öndər ağır bir zamanda xalqın
tələbi ilə yenidən Azərbaycana rəhbər kimi gəldikdən sonra Zərifə xanımın cənazəsi
Bakıya gətirildi, doğma Vətəndə atası və qardaşı ilə yanaşı dəfn edildi. Bu,
onların mənəvi birliyinin, ruhən ayrılmazlıqlarının təzahürü idi...
Zərifə xanım özünə xas gözəl
xüsusiyyətləri övladlarına da ötürüb. O, Ümummilli Lider Heydər Əliyevin nümunəvi
həyat yoldaşı, otuzillik Qarabağ nisgilinə son qoymuş Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır.
İlham Əliyevin Vətən sevgisi, siyasi uzaqgörənliyi, iradəsi - bu yüksək
keyfiyyətlərin hamısı məhz Heydər Əliyevin və Zərifə xanımın yaratdığı ailə
mühitindən, eləcə də genetikadan irəli gəlir.
Zərifə xanım bu dünyanı çox tez
tərk etsə də, onun həm elmi, həm də insani keyfiyyətləri ilə bağlı işıqlı
ənənələri yaşayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi verdiyi dəstəyin nəticəsində
Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının fəaliyyəti təmin olunub,
Zərifə xanım Əliyevanın arzuları gerçəkliyə çevrilib. Bu gün Milli
Oftalmologiya Mərkəzi regionun ən nüfuzlu və böyük müayinə, müalicə və müasir
cərrahiyyə mərkəzidir.
Zərifə xanımın şərəfli həyatı və
zəngin yaradıcılığı Azərbaycan qadınının həm bir alim və elm təşkilatçısı, həm
sədaqətli və sevimli bir həyat yoldaşı, həm də böyük qəlbli bir ana kimi
fəxredici bir örnəkdir. Bu gün Qərbdə də, Şərqdə də qadın hüquqlarından, gender
problemlərindən çox danışılır, tələb edilir, arzu və istəklər bildirilir.
Onun həyatı və yaradıcılığı,
fəaliyyəti bir-birini tamamlayırdı, vəhdət təşkil edirdi. Bu vəhdət Zərifə
Əliyevanın vəfatından keçən onilliklərdən sonra da qadın hüquqlarının, gender
problemlərinin həllinə aparan yolda mənəvi bir mayakdır. Bu mənəvi mayakın
işığı heç vaxt sönməyəcək.
Humay Əfəndiyeva,
Konstitusiya Məhkəməsinin hakimi.