Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib

Новости

2023 Feb

24.02.2023

Fevralın 24-də Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Sonra Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, XX əsrin ən dəhşətli faciələrindən biri Xocalı qətliamı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.  Azərbaycan xalqının tarixi torpaqlarından qovulması, qaçqına, məcburi köçkünə çevrilməsi və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunması Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Xüsusi amansızlıq və ağlasılmaz vəhşiliklə törədilmiş bu soyqırımına görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Sədr qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə mühasirədə yerləşən Xocalı şəhərinə hücum edib,  dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdilər. Bu dəhşətli soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, ümumilikdə 613 nəfər məhz azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Erməni işğalı nəticəsində tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə malik Xocalı şəhəri, sözün əsl mənasında, məqsədli şəkildə məhv edilərək xarabalığa çevrildi. Xocalı şəhərində bir sıra maddi-mədəniyyət abidələrinin yerlə-yeksan olunması, məzarların vandallara xas üsullarla dağıdılması, azərbaycanlılara aid bütün izlərin silinməsi erməni vəhşiliyinin bariz nümunəsidir.

Tariximizin ən qanlı səhifələrdən olan Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev bu faciəyə siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların nəzərinə çatdırmışdı. Ümumilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Məhz bu qərardan sonra Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

Vurğulanıb ki, dövlətimizin haqlı mövqeyini bütün dünyaya nümayiş etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. Dövlət başçısının uğurlu xarici siyasəti və gərgin əməyi nəticəsində hazırda dünyanın bir çox dövlətləri Xocalı faciəsini əsl soyqırım kimi tanıyır. Xocalı qətliamının beynəlxalq ictimaiyyətə çatdırılması və dünya dövlətləri tərəfindən tanıdılmasını, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin gücləndirilməsini daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Qeyd olunub ki, bu faciə ilə yanaşı xalqımıza qarşı törədilmiş bir sıra kütləvi qətllər, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı verilmiş amansız işgəncələr hazırda ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, bu cinayətlərlə bağlı beynəlxalq məhkəmələrə vəsatətlər verilir, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib, mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir, zəruri addımlar atılır.

Sədr Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələri qeyd edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Məhz bu uğurlu fəaliyyət nəticəsində dünya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha çox məlumata malikdir.

Fərhad Abdullayev diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı həqiqətlərinin dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması, Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri, soyqırımla bağlı həqiqətlərin geniş miqyasda çatdırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsində böyük əhəmiyyət kəsb edir.

Sədr vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində böyük Qələbəsi nəticəsində işğal altındakı torpaqlarımız azad edildi. Otuz il davam edən işğala və ədalətsizliyə son qoyularaq respublikamızın ərazi bütövlüyü bərpa olundu, həmçinin, beynəlxalq hüquq normalarının aliliyi təmin edildi. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri Ermənistan tərəfi icra etməkdən boyun qaçırsa da, Azərbaycan bu qətnamələrin icrasını özü  təmin edərək, münaqişəyə hərbi-siyasi yollarla son qoyulmasına nail oldu.

Həmçinin qeyd olunub ki, bir neçə gün öncə keçirilən Münxen Təhlükəsizlik Konfransının 59-cu toplantısı Azərbaycan xarici siyasətinin növbəti uğurudur. Konfransda iştirak edən Azərbaycan Prezidenti keçirdiyi görüşlər və danışıqlar zamanı səsləndirdiyi fikirlərlə Azərbaycanın öz mövqeyini beynəlxalq hüquq normalarına əsaslandırdığını qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etməsini gözləyirdi, biz bunu görmədik və ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, həmin qətnamələri icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Həmin görüşlər zamanı dünya ictimaiyyəti Laçın-Xankəndi yolunda baş verənlər barədə ətraflı məlumatlandırıldı və Ermənistanın dövlət rəsmilərinin Qarabağda yaşayan ermənilərin blokadaya alınması kimi formalaşdırdığı yanlış fikirləri alt-üst edildi.

Tədbirin sonunda sədr qeyd edib ki,  Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfərlə həm Xocalı faciəsi şəhidlərinin, həm də erməni vəhşiliyinə məruz qalmış digər qətliam qurbanlarının qanı yerdə qalmadı. Xocalı faciəsi xalqımızın qan yaddaşıdır və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq və faciə qurbanlarının xatirəsini daim əziz tutacaq.