Konstitusiya Məhkəməsinin Plenumu AR CM-in 72-ci mad. “Qeyd” hissəsinin 2-ci bəndinin Məcəllənin 73-1.2 və 73-1.3-cü mad. ilə əlaqəli şəkildə şərhedilməsinə dair konstitusiya işinə baxıb

Новости

2023 Feb

02.02.2023

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin sədri N.Quliyevin, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Z.Şirinovun, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir.

Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilə bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.