28.11.2022
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası
Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının
25-ci maddəsinin II və III hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə,
149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
sorğusu əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun
məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri
M.Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial
qanunvericilik şöbəsinin müdiri A.Vəliyev, mütəxəssislər Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası və Azərbaycan Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş
mülahizələri, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və
ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru M.Əliyevin
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikası Qanununun 4.0.1.13-cü maddəsində nəzərdə tutulan beşdən çox uşağı
olan qadınlara müavinət təyin edilməsi müddəası Azərbaycan Respublikası
Konstitusiyasının 38-ci maddəsinin I və III hissələri ilə ziddiyyət yaratmır.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və
III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunlaşdırılması
məqsədilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun
4.0.1.13-cü və 7.0.10-3-cü maddələrində beşdən çox uşağı təkbaşına böyüdən
ataların da nəzərdə tutulması ilə bağlı qanunvericilikdə müvafiq
dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.