Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 12 noyabr Konstitusiya Gününə həsr olunmuş hüquq olimpiadası keçirilib

Новости

2022 Nov

Çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu hüquqi dövlətin qurulmasında  mühüm dönüş nöqtəsi olub.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəldilməsinə, onların hüquqi dövlət quruculuğunda fəal iştiraklarına, konstitusiya – hüquq əsaslarının və prinsiplərinin daha da dərindən öyrənmələrinə daim diqqət yetirir.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görməkdədir. Bu istiqamətdə digər tədbirlərlə yanaşı, hər il Konstitusiya Məhkəməsi Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında hüquq olimpiadası keçirir. Əvvəlki illərdə hüquq olimpiadaları Bakıda, Naxçıvan Muxtar Respublikasında, Gəncə və Sumqayıt şəhərlərində, Lənkəran, Astara, Masallı, Lerik, Quba, Xaçmaz, Şabran, Qusar, Şəki, Qax, Zaqatala, Balakən, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında təşkil olunmuşdur.

Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 12 noyabr Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz rayonlarında keçirilmişdir. Olimpiadada ümumilikdə 40 məktəbdən, 800 şagird iştirak etmiş və sonda qaliblər müəyyənləşdirilmişdir.

“Hüquqi dövlətin əsasları” olimpiadasının nəticələrinin elan olunması ilə əlaqədar Qəbələ rayonunda Konstitusiya Məhkəməsi Aparatının, Şamaxı, İsmayıllı, Qəbələ, və Oğuz rayonlarının icra hakimiyyətlərinin, təhsil sektorunun nümayəndələrinin və olimpiada qaliblərinin iştirak etdiyi tədbirdə dövlət himni səsləndirilmiş, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycanda hüquqi dövlət quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, məktəblilərin hüquq və vəzifələrini dərindən dərk etmələrində mühüm rol oynayan belə bir olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bu bilik yarışının şagirdlərin həyatında mühüm rol oynadığını deyən icra hakimiyyətinin başçısı olimpiadanın iştirakçıları arasından ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyinə əminliyini ifadə etmişdir.

Qəbələ rayon Məhkəməsinin sədri Abbas Əliyev öz çıxışında Azərbaycan Respublikasının Konstitusiyası haqqında geniş məlumat vermişdir.

Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova çıxış edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin müraciətini iştirakçıların diqqətinə çatdırmış, olimpiadanın nəticələrini elan etmişdir.

Olimpiadanın nəticələrinə əsasən, Qəbələ rayonu birinci, İsmayıllı rayonu ikinci, Şamaxı rayonu üçüncü yeri tutduqlarına, Oğuz rayonu isə iştirak  etdiyinə görə diplomlara layiq görülüb.

Tədbirin sonunda olimpiadanın qalibləri və yüksək bal toplayaraq fərqlənmiş məktəblilərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və hədiyyələr təqdim olunmuşdur.