Konstitusiya Məhkəməsinin sədri Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konqresində iştirak edib

Новости

2022 Oct

08.10.2022

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Konstitusiya ədalət mühakiməsi və sülh” mövzusunda 5-ci Dünya Konqresində iştirak edib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının və İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin dəvəti ilə oktyabrın 4-8-də bu ölkənin Denpasar şəhərində səfərdə olub.

Konqresdə İndoneziya Respublikasının ali dövlət orqanlarının rəhbərləri, Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına 119 üzv ölkənin Konstitusiya Məhkəmələrinin nümayəndə heyətləri, habelə Avropa Şurası Venesiya Komissiyasının nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının tamhüquqlu üzvüdür.

Tədbirin açılışında İndoneziyanın Prezidenti Coko Vidodo çıxış edib.

Konqresin praktiki hissəsində təşkilata üzv ölkələrin Konstitusiya məhkəmələrinin nümayəndələri tərəfindən konstitusiya ədalət mühakiməsinin hüququn aliliyinin təmin edilməsi və konstitusiya dəyərlərinin müdafiəsində rolu, Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmə imkanları, seçkilər zamanı seçki prosedurunun qanuniliyinə nəzarət etmənin vacibliyi və digər hüquqi məsələlərə dair məruzələr təqdim olunub, müzakirələr aparılıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri konqresdə “Əsas prinsiplər: insan hüquqlarının müdafiəsi, demokratiya və qanunun aliliyi ictimai əmin-amanlığın ilkin şərti kimi” mövzusunda yekun məruzə ilə çıxış edib.

Konqresdən sonra Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının Baş Assambleyasının iclası keçirilib.

Səfər çərçivəsində İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın rəhbərliyi ilə ikitərəfli rəsmi görüşlər keçirilib, qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı məsələləri ilə bağlı fikir mübadilələri aparılıb.