Fərhad Abdullayev: Konstitusiya Məhkəməsinin kollektivi olaraq bu gün Şuşa şəhərində olmaqdan böyük qürur hissi duyuruq

Новости

2022 Jul

14.07.2022

Bildiyiniz kimi, 2022-ci il yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Şuşa İli” elan olunub. Konstitusiya Məhkəməsinin kollektivi olaraq bu gün Şuşa şəhərindəyik və bundan böyük qürur hissi duyuruq. Belə qərara gəldik ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş üç mühüm qərarı bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində elan edək. Bizim üçün çox böyük əhəmiyyət daşıyan bu qərarları tərcümə edərək bütün dünya ölkələrinin konstitusiya orqanlarına yollayacağıq.

Bu fikri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Məhkəmənin yaradılmasının 24-cü ildönümü münasibətilə iyulun 14-də Şuşaya təşkil olunan səfər zamanı müsahibəsində bildirib.

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bu gün azad olması bizim üçün çox böyük önəm daşıyır”, - deyən Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, otuz il işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xüsusi fədakarlığı, sərkərdəlik məharəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində azad edildi. “Qarabağın mərkəzi Şuşa şəhəridir. Ona görə biz bu gün Konstitusiya Məhkəməsi olaraq bütün tərkibdə buradakı tədbirdə iştirak etdik. Doğma torpaqlarımıza gəlmək bu gün bizə də qismət oldu. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad olunmuş torpaqlarda bərpa edilməsi bizim üçün böyük əhəmiyyət daşıyır”, - deyə Fərhad Abdullayev vurğulayıb.