Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Şuşa şəhərinə səfər edib

Новости

2022 Jul

14.07.2022

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və 1998-ci il iyulun 14-də fəaliyyətə başlamış Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu gün 24 ili tamam olur.

Bununla əlaqədar sədr Fərhad Abdullayevin başçılıq etdiyi Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrə qərarlarının elan olunması üçün Şuşa şəhərinə səfər edib.

Konstitusiya Məhkəməsinin iclasını açan Sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli” elan edilib.

Sədr Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin tarixi simasının bərpası istiqamətində nəhəng layihələrin həyata keçirilməsi haqqında danışıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı olan Şuşa daim mədəniyyətimizin çiçəkləndiyi şəhər kimi tanınıb. Sənətkarlığın və incəsənətin müxtəlif sahələrinin inkişafı nəinki Azərbaycanın Qarabağ bölgəsinin, bütövlükdə ölkəmizin tərəqqisində mühüm rol oynayıb, şöhrətinə şöhrət qatıb. Şuşa Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli şəxsiyyətlərin yurdudur.

Sədr vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi Qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Bildirilib ki, müəllifi ulu öndər Heydər Əliyevin olduğu Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda bərpa edildi. İşğal altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasını təmin etdi.

Sədr qeyd edib ki, qazanılan şanlı Qələbə hər birimizi ruhlandırır, daha da məsuliyyətli çalışmağa sövq edir. Konstitusiya Məhkəməsi isə öz fəaliyyəti ilə gələcəkdə də Konstitusiyanın aliliyinin təmin edilməsi və dövlətimizin başçısının Məhkəmə qarşısında müəyyən etdiyi vəzifələri daim yerinə yetirməyə çalışacaq. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi, Konstitusiya müddəalarının müdafiəsi, müstəqil dövlətimizin möhkəmlənməsi, xalqımızın maddi-mənəvi rifahının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətə dəstək olacaq.

Çıxışının sonunda sədr tədbir iştirakçılarına müraciət edərək deyib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Məhkəmənin Plenumu tərəfindən baxılan Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh olunmasına dair Qərarı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı və Birinci Qarabağ müharibəsinin qazisi olan N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarı elan etdi.

Daha sonra Konstitusiya Məhkəməsinin kollektivi Şuşa qalası, Natəvan bulağı, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəlləri, Yuxarı Gövhər Ağa məscidi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət edib, mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri ilə əyani tanış olub.