01.03.2022
Martın 01-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən bir qrup gəncə sertifikatlar verilib. “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar təqdim edilib. Bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.
Məhkəmənin fəaliyyətində iştirak edən könüllülər Bakı Dövlət Universiteti və ADA Universitetinin hüquqşünas ixtisası üzrə oxuyan tələbələridir.
Konstitusiya Məhkəməsində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçmiş, vətəndaşların qəbulunda bilavasitə iştirak etmiş, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi prosesi ilə yaxından tanış olmuşlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramında könüllü kimi iştirak etmək arzusunda olan gənclərin sənədlərinin qəbulu davam etdirilir.