24.11.2021
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya
icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
İclasda Sumqayıt Şəhər Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
135.1.5-ci və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri -
Sumqayıt Şəhər Məhkəməsinin hakimi F.Əliyevin və Milli Məclis Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini
E.Əsgərovun mülahizələrini, mütəxəssislər - Ali Məhkəmənin Cinayət
Kollegiyasının hakimi Ş.Yusifovun, Baş Prokurorluğun Hüquqi təminat və insan
hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın, Ədliyyə Nazirliyinin
Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin baş
məsləhətçisi Ü.Yusiflinin mülahizələrini və işin materiallarını araşdırıb
müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə
qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır.
Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin mənasına görə, inzibati xəta haqqında
iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli
orqan (vəzifəli şəxs) barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini
ağırlaşdıran qərarı öz təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar zərər
çəkmiş şəxsin, həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli
şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər.
Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən
baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi
yolverilməzdir.
Müvafiq orqanlar tərəfindən inzibati
tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq
etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi
mövqelərə ciddi riayət edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.