Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
avqustun 27-də Qazaxıstan Respublikasının Konstitusiya Şurasının təşkil etdiyi Qazaxıstan
Respublikası Müstəqilliyinin 30 illiyinə və Konstitusiya Gününə həsr olunmuş
“İnternet dövrü: qanunun aliliyi, insan dəyərləri, dövlət müstəqilliyi”
mövzusunda onlayn beynəlxalq simpoziumda iştirak
edib.
Tədbirin
əvvəlində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin simpoziumun
iştirakçılarına ünvanlanmış müraciəti səsləndirildi.
Daha sonra Qazaxıstan Konstitusiya
Şurasının Sədri Kayrat Mami, Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikio
və Almaniya beynəlxalq hüquqi əməkdaşlıq
fondunun baş direktoru Frauke Baxler və digərləri açılış nitqlərini söylədilər.
Tədbirdə Qazaxıstan, Türkiyə, Rusiya, Almaniya, Özbəkistan,
İordaniya, Mərakeş, Ukrayna, Koreya, İndoneziya, Banqladeş, Moldova, Serbiya,
Belarus, Tayland, Latviya, Tacikistan və digər ölkələrin nümayəndələri müxtəlif
hüquqi mövzularla bağlı məruzə etdilər.
Keçirilmiş beynəlxalq simpoziumda Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Ədalət mühakiməsi
və süni intellekt” mövzusunda məruzə
ilə çıxış etdi.
Simpoziumda təqdim edilən çıxışlarda “İnternet
dövründə əsas hüquq və azadlıqların qorunması və təminatı”, “COVID-19
pandemiyası dövründə konstitusionalizm”, “Qazaxıstanda rəqəmsallaşma: nailiyyətlər
və perspektivlər”, “Avropa Birliyində rəqəmsallaşma və suverenliyin bölgüsü”, “Qanun
qarşısında bərabərlik”, “Dövlətin və cəmiyyətin informasiya təhlükəsizliyi”, “Koreya
Konstitusiya Məhkəməsinin internetdə əsas hüquq və azadlıqların qorunması təcrübəsi”,
“Onlayn seçki kompaniyası: Konstitusiya Məhkəməsinin təcrübəsi” kimi bir sıra
mühüm hüquqi məsələlərə toxunulmuşdur.
Simpoziumdan sonra, həmçinin Asiya Konstitusiya Məhkəmələri
və Ekvivalent İnstitutları Assosiasiyası, habelə Avrasiya Konstitusiya Nəzarəti
Orqanların Assosiasiyasına üzv olan Konstitusiya Məhkəmələrinin iştirakı ilə
onlayn görüş keçirildi və gələcəkdə keçirilməsi planlaşdırılan bir sıra tədbirlərlə
bağlı fikir mübadiləsi aparıldı.