2011-02-28 Xocalı soyqırımının 19-cu ildönümü

Новости

2011 Feb

Fevralın 25-də Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev son iki əsrdə erməni millətçiləri və onların havadarları tərəfindən xalqımıza qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasəti, Xocalı soyqırımı haqqında ətraflı danışmışdır. O demişdir ki, erməni təcavüzkarları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törədilən soyqırımı zamanı 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulmuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin girov götürülmüş, 155 nəfər itkin düşmüşdür. Soyqırımı nəticəsində 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Azərbaycanlılara qarşı həmişə qatı düşmənçilik mövqeyində duran ermənilər mülki əhaliyə görünməmiş vəhşiliklə divan tutmuş, girovlara amansız işgəncələr vermişlər. 

F.Abdullayev Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayaraq, ulu öndərin Xocalı soyqırımının xalqımızın qan yaddaşından heç zaman silinməyəcəyini qeyd etdiyini demişdir. 1994-cü ildə Milli Məclisdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildiyini və 26 fevralın “Xocalı soyqırımı günü” elan edildiyini diqqətə çatdıran Konstitusiya Məhkəməsinin sədri demişdir ki, məhz ulu öndərin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır. İndi Azərbaycan dünyada söz və nüfuz sahibidir.

Ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verdiyini diqqətə çatdıran F.Abdullayev işğal altındakı Azərbaycan torpaqlarının Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində düşməndən tezliklə azad ediləcəyinə, respublikamızın ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirmişdir.