Konstitusiya Məhkəməsində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Новости

2021 Jan

19.01.2021

Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda, qürur doğuran səhifəsi olan 20 Yanvar faciəsindən 31 il ötür. Hər il olduğu kimi, bu il də 20 Yanvar şəhidlərinin əziz xatirəsi Konstitusiya Məhkəməsi tərəfindən ehtiramla yad edilib.

Sədr Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin əməkdaşları COVİD-19 pandemiya ilə əlaqədar məhdud sayda Şəhidlər Xiyabanını ziyarət edərək, 20 Yanvar faciəsinin qurbanlarını yad ediblər.

Daha sonra Konstitusiya Məhkəməsinin binasında anım mərasimi keçirilib.

Anım mərasimində Konstitusiya Məhkəməsinin Sədri, hakimləri, Aparatın əməkdaşları iştirak ediblər.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin Sədri 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirib.

Bildirilib ki, Qanlı yanvar faciəsi ermənilərin sovet imperiyası rəhbərliyinin xeyir-duası və köməyi ilə azərbaycanlılara qarşı yönəldilmiş kütləvi qırğın ssenarilərinin növbəti mərhələsi olub. Fərhad Abdullayev bildirib ki, bu hadisə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, SSRİ rəhbərliyinin Dağlıq Qarabağla bağlı qərəzli və ədalətsiz siyasətinə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə törədilib. 

Diqqətə çatdırılıb ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Qanlı Yanvar hadisələrinin mahiyyətindən danışan Fərhad Abdullayev bildirib ki, 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. 

Müasir tariximizdə baş verən 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib.

Qeyd olunub ki, xalqını bu ağır günlərdə tək qoymayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən tarixi bəyanatla çıxış etdi. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərdi.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, Milli Məclis 1994-cü ilin martında bu barədə qərar qəbul etdi. Həmin hüquqi sənədlə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Ulu Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan sədr deyib ki, Ümummilli Liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və dövlətimiz tərəfindən onlara daim yardımlar göstərilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksləri yaradılıb.

Sədr qeyd etdi ki, 2020-ci il Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Böyük Qələbəsi kimi xalqımızın xatirəsində, dövlətimizin tarixində daim xüsusi yer tutacaq. Müəllifi ulu öndər Heydər Əliyevin olduğu və 2020-ci ildə 25 ili tamam olan Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda bərpa edildi.

Azərbaycan Ordusunun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək işğalçılara sarsıdıcı zərbə endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində Rəşadətli Ordumuz 44 günlük Vətən Müharibəsi ərzində torpaqlarımızı erməni işğalçılarından azad etdi. Azərbaycan Ordusunun hərbi uğurları müharibənin nəticəsini müəyyənləşdirdi və Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qələbəni təsdiq edən tarixi bəyanat imzalandı.

Anım mərasiminin sonunda qeyd edilib ki, 20 Yanvar faciəsi yaddaşımızdan heç vaxt silinməyəcək, insanlığa qarşı törədilmiş ən dəhşətli və qanlı cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaq.