06.11.2020.
Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi ərəfəsində
Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri Anar Cəfərovun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində konstitusiya şikayətlərinə baxılması vasitəsilə Konstitusiyanın aliliyinin təmin edilməsi” sərlövhəli məqaləsində ölkəmizin Əsas Qanununun vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə dair müddəalarından, Konstitusiya Məhkəməsinin konstitusiya şikayətlərinə baxılması sahəsində təcrübəsindən bəhs olunur.
Hər bir müstəqil dövlətin ən mühüm atributlarından biri
onun milli qanunevriciliyidir. Azərbaycan Respublikasının müstəqilliyi bərpa
edildikdən sonra ölkədə baş verən hakimiyyət davası, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü, iqtisadi və siyasi böhran müstəqil dövlətdaxili qanunvericiliyin
formalaşdırılmasında çətinlik yaradırdı.
Yalnız xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizin qurulması prosesinin
başlanmasına təkan vermişdir. Bu prosesin ən mühüm mərhələlərindən biri – ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə 25 il bundan öncə ümumxalq səsverməsi
nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul
edilməsi olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası ölkəni
demokratik hüquqi dövlət bəyan etmişdir. Konstitusiyanın 12-ci maddəsinin I
hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqları və azadlıqlarının təmin
edilməsi dövlətin ali məqsədidir. Bu müddəaların həyata keçirilməsi o deməkdir
ki, dövlət və hüquq hər şeydən əvvəl əsasən insan üçün mövcud olur, sonuncu isə
onların tələbatlarını real olaraq əks etdirir, müdafiə edir və qoruyur. Yalnız
demokratik cəmiyyətdə, hüquqi dövlətdə ali ümumbəşəri dəyərlər kimi qəbul
edilən insan və vətəndaş hüquq və azadlıqlarının, şəxsin toxunulmazlığı və təhlükəsizliyinin
təmin və müdafiə olunması dövlət hakimiyyətinin konstitusiya fəaliyyətinin əsas
məqsəd və vəzifəsidir.
Bununla yanaşı, hüquqi dövlət prinsipi bütün ictimaiyyəti
və dövlət həyatını hüquqi vasitələrlə “bir-birinə bağlayır”, bu isə bir
tərəfdən ictimai prosesləri dövlətin, onun orqanlarının və vəzifəli şəxslərin
fərdin maraqlarına özbaşına müdaxiləsinə yol vermədən tənzimləməyə, digər
tərəfdən fərdlər arasındakı qarşılıqlı münasibətlərdə insan ləyaqətinə,
azadlığına və toxunulmazlığına təminat verməyə imkan yaradır.
Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək
hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının qanunvericilik sisteminin
əsasıdır (147-ci maddə). Konstitusiyada insan və vətəndaşın hüquqi statusunun
əsasları, vətəndaşların hüquq və azadlıqlarının reallaşdırılması prosesinin
məzmunu, həmçinin cəmiyyətin, iqtisadiyyatın, siyasətin, sosial sahənin
xüsusiyyətlərini müəyyən edən əsas ideyalar təsbit olunur, dövlət
tənzimlənməsinin hədləri və xarakteri müəyyənləşdirilir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
üstünlüyünü, ölkə ərazisində birbaşa qüvvəsini elan etməklə və bunların təmin
olunmasını Azərbaycan dövlətinin ali məqsədi olduğunu bəyan etməklə, Azərbaycan
Respublikasının Konstitusiyası müəyyən edir ki, məhz dövlət hər kəsin hüquq və
azadlıqlarının müdafiəsinə və bu müdafiənin məhkəmədə həyata keçirilməsinə
təminat verir (Konstitusiyanın 60-cı maddəsi və 71-ci maddəsinin VII hissəsi).
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir
sıra qərarlarında insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş əsas
konstitusiya müddəaları sırasında hüquq və azadlıqların məhkəmə təminatı
hüququnun xüsusi əhəmiyyət kəsb etməsi, həmin hüququn təmin edilməməsinin
Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların əhəmiyyətli dərəcədə
məhdudlaşdırılmasına səbəb olması xüsusilə vurğulanmışdır.
Eyni zamanda, məhkəmə təminatı hüququ məhkəmənin yalnız
vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış, ədalətli qərar
qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat həm də vətəndaşların
(onların statusundan asılı olmayaraq) müvafiq şikayətlə məhkəmələrə müraciət
etmək hüququnu nəzərdə tutur.
Məlum olduğu kimi, konstitusiya ədalət mühakiməsi
orqanları vacib müdafiə təsisatı kimi vətəndaşların konstitusiya hüquq və azadlıqlarının
müdafiəsi üzrə xüsusi səlahiyyətlərə malikdirlər. Bununla əlaqədar, xüsusilə
qeyd olunmalıdır ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
respublikada keçirilən demokratik-hüquqi islahatlar çərçivəsində Konstitusiya
Məhkəməsinin yaradılması mühüm əhəmiyyətə malikdir. 1998-ci ildən fəaliyyətə
başlayan Konstitusiya Məhkəməsinin əsas məqsədi demokratik dəyərləri bəyan
edən, hüquqa və ədalətə əsaslanan Azərbaycan Respublikası Konstitusiyasının
aliliyinin hüququn bütün subyektlərinə münasibətdə təmin edilməsindən
ibarətdir.
Konstitusiyanın mətninə əlavə və dəyişikliklərin
edilməsinə dair 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Konstitusiya
Məhkəməsinin səlahiyyətlərində əhəmiyyətli dəyişikliklər edilmiş və həmin
dəyişikliklər əsasında vətəndaşlar bilavasitə Konstitusiya Məhkəməsinə şikayət
vermək hüququ əldə etmişlər.
Sözsüz ki, referendum ulu öndər Heydər Əliyevin danılmaz
liderlik əməyi və müdrik töhfəsinin nəticəsində baş vermişdir. Bu,
dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkənin nüfuzunun güclənməsi
istiqamətində əhəmiyyətli hadisə olmaqla, vətəndaşların bilavasitə konstitusiya
nəzarəti orqanına şikayət verməsi ölkənin demokratik inkişafının yeni mərhələsi
kimi qiymətləndirilməlidir. Bu mərhələ siyasi sistemin mərkəzində insan hüquq
və azadlıqlarının müdafiəsinin dayanması ilə səciyyələnir.
Vətəndaşların Konstitusiya Məhkəməsinə şikayətlə müraciət
etməsinin mümkünlüyü hüquqi-demokratik dövlətin formalaşdırılması prosesində və
məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində də mühüm addım idi. Eyni
zamanda, vətəndaşların Konstitusiya Məhkəməsinə şikayət vermək hüququna malik
olmaları onların hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca
əhəmiyyətli vasitənin əldə edilməsi deməkdir.
Konstitusiya Məhkəməsində vətəndaşların şikayəti əsasında
baxılan işlər xüsusi kateqoriya işlərdir. Birincisi, şikayətdə ərizəçinin
konkret konstitusiya hüquq və azadlıqlarının pozulması barədə mövqeyi dəqiq
ifadə olunmalıdır. İkincisi, Konstitusiya Məhkəməsi vətəndaşların hüquq və azadlıqlarının
pozulması ilə bağlı işlər üzrə ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən
müəyyən edilmiş faktiki halları yenidən yoxlaya bilməz. Konstitusiya Məhkəməsi
yalnız normativ-hüquqi aktın, məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğun
olub-olmaması barədə qərar qəbul edir. Şikayətlərə baxılması proseduru şəxsin
konstitusiya hüquq və azadlıqlarının müdafiəsində digər məhkəmələrin
səlahiyyətlərini və vəzifələrini əvəz etmir.
Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmənin
mümkünlüyü demokratik və hüquqi dövlətin formalaşdırılması prosesində və
məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm addımdır. Eyni
zamanda, vətəndaşların Konstitusiya Məhkəməsinə şikayət vermək hüququna malik
olmaları onların hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca
əhəmiyyətli vasitənin əldə edilməsi deməkdir.
Nəzərə alınmalıdır ki, məhz konstitusiya şikayəti
prosessual hüquqi forma və konstitusion-prosessual hüquq münasibətlərinin
yaranmasının əsası olaraq hüquq və azadlıqların müdafiə vasitələrindən biri
kimi çıxış edir. Bununla da konstitusiya şikayətini iddia və şikayət kimi
prosessual müdafiə vasitələri ilə müqayisə etmək olar. Bu zaman onun
konstitusion-hüquqi təbiəti müdafiə olunan hüquqların xarakterini və mənasını
şərtləndirir ki, bu da şikayətin formasına, onun subyektlərinə dair tələbləri,
mümkünlüyünün digər şərtlərini, həmçinin şikayətə xüsusi prosessual formada
baxılmasını müəyyən edir.
Konstitusiyanın 130-cu maddəsinin V hissəsində
Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək hüququ olan subyektlərin
dairəsinin müəyyən edilməməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, fiziki
şəxslərlə yanaşı (vətəndaşlar, vətəndaşlığı olmayanlar və əcnəbilər),
Konstitusiya Məhkəməsinə Konstitusiyanın 58-ci maddəsi və “İctimai təşkilatlar
haqqında”, “Siyasi partiyalar haqqında” qanunların əsasında yaradılan ictimai
təşkilatlar, ictimai hərəkatlar, ictimai fondlar, ictimai birliklər, siyasi
partiyalar, həmçinin “Vicdan azadlığı haqqında” Qanunun əsasında yaradılmış
dini birliklər, o cümlədən mülki qanunvericiliklə nəzərdə tutulmuş digər
təşkilati-hüquqi formalarda olan hüquqi şəxslər də müraciət edə bilər.
Konstitusiya Məhkəməsinin təcrübəsi onu göstərir ki, o,
konstitusiya nəzarəti orqanı kimi fiziki və hüquqi şəxslərin konstitusion
hüquqlarının müdafiəsini təmin edir. Ümumilikdə Konstitusiya Məhkəməsi
tərəfindən onların konstitusion hüququ olan mülkiyyət hüququ (29-cu maddənin II
hissəsi), ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan vərəsəlik
hüququ (29-cu maddənin VII hissəsi), təhlükəsiz və sağlam şəraitdə işləmək, heç
bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum
əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ (35-ci maddənin II, IV, VI
hissələri), istirahət hüququ (37-ci maddə), sosial təminat hüququ (38-ci
maddə), təhsil hüququ (42-ci maddə), mənzil hüququ (43-cü maddə), dövlətin
idarə olunmasında iştirak etmək hüququ və seçki hüququ (55 və 56-cı maddələr),
dövlət orqanlarına müraciət etmək hüququ ( 57-ci maddə), birləşmək hüququ
(58-ci maddə), sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər
iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ (59-cu maddə) ilə bağlı
məsələlərə baxılmışdır. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin bütün
qərarlarında hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnun (60-cı maddə)
pozuntusu da müəyyən edilmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun qərarı mübahisəyə dair
hüquqi məsələlərlə bağlı məhkəmənin hüquqi mövqelərini də əks etdirir. Həmin
mövqelər bir qayda olaraq Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa
qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o
cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır.
Konstitusiya Məhkəməsinin bir çox qərarlarında hüquqi dövlətin mahiyyətindən
irəli gələn, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presendent
hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik
və tarazlıq prinsipləri öz əksini tapmışdır.
Xüsusilə qeyd olunmalıdır ki, konstitusiya mühakimə
icraatı zamanı hüquqi tənzimetmənin nöqsanlarını müəyyən edən və onların aradan
qaldırılmasının mümkün üsullarını göstərən Konstitusiya Məhkəməsinin hüquqi
mövqeləri, məhkəmə qərarının əsaslandırıcı və ya nəticəvi hissəsində
göstərilməsindən asılı olmayaraq, məcburi xarakter daşıyır.
Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil
əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun
qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter
daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil,
hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji
hallara da şamil edilir.
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Konstitusiya
Məhkəməsi tərəfindən hər hansı bir aktın Konstitusiyaya uyğun olub-olmaması
faktının təsdiq edilməsi özü-özlüyündə nəinki həmin aktı qəbul etmiş orqan,
həmçinin digər normayaradıcı və ya məhkəmə orqanları üçün preyudisial
əhəmiyyətə malik xüsusi fakt kimi qəbul edilə bilər. Normayaradıcı orqanlara
münasibətdə Konstitusiya Məhkəməsinin qərarının preyudisial əhəmiyyəti onunla
ifadə olunur ki, Konstitusiyaya uyğun olmayan hesab edilmiş normativ hüquqi
aktla eyni məzmunlu aktın yenidən qəbul edilməsi yolverilməzdir. Normativ
hüquqi aktın hər hansı müddəasının Konstitusiyaya uyğun olmadığı faktının
Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilməsinin preyudisial əhəmiyyəti
məhkəmələr tərəfindən digər aktlarda təsbit olunmuş oxşar müddəaların tətbiqini
də qeyri-mümkün edir.
Bununla bağlı məsələnin digər tərəfi ondan ibarətdir ki,
Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olub-olmaması
faktını təsdiq etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə
başqa işlərə baxan məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir.
Konstitusiya Məhkəməsinin qərarlarının, xüsusən də bu
qərarlarda ifadə olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar tərəfindən
nəzərə alınması və tətbiqi qanunvericilik müddəalarının Əsas Qanunun
prinsiplərinə və mənasına uyğun tətbiqinə, Konstitusiya Məhkəməsinin
qərarlarının məcburiliyi barədə qanunvericiliyin tələblərinin yerinə
yetirilməsinə və ümumilikdə milli hüququn inkişafına xidmət edir.
Hüquqların məhkəmə müdafiəsinin səmərəliliyinin
güclənməsi istiqamətində ulu öndər Heydər Əliyevin siyasi və hüquqi kursunu
davam etdirən, uzaqgörən lider, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin fəaliyyəti danılmaz bir həqiqətdir. Bu sahədə dövlətimizin başçısı
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3
aprel tarixli Fərmanının əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Fərmanın
preambulasında göstərildiyi kimi, müasir dövrün tələblərinə cavab verən,
cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini
sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da
genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə
icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında
icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların
aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.
Azərbaycan Respublikasının Prezidentinin Fərmanında
nəzərdə tutulmuş tapşırıq və tövsiyələr məhkəmələrdə vətəndaşların hüquqlarının
müdafiəsi sisteminin təkmilləşdirilməsinə, bu məqsədlərə xidmət edən
təminatların gücləndirilməsinə yönəlmişdir. Sözsüz ki, həmin tapşırıqlar və
tövsiyələr Konstitusiya Məhkəməsinin fəaliyyətində, xüsusilə məhkəməyə daxil
olan ərizə və şikayətlərin öyrənilməsində ciddi şəkildə rəhbər tutulur.
Yekun olaraq, qeyd etmək istərdik ki, müasir
cəmiyyətimizdə konstitusiya şikayəti institutu Konstitusiyada təsbit edilmiş
hüquq və azadlıqların müdafiəsi baxımından cəmiyyətin və dövlətin sabit və
davamlı hüquqi inkişafına öz töhfəsini verir.
Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən
Ermənistanın davam edən hərbi təxribatları nəticəsində Azərbaycanın bir çox
rayonları düşmənin silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz
qalıb. Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də
beynəlxalq humanitar hüququ, 1949-cu il Cenevrə konvensiyalarını və onların
Əlavə protokollarını kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu
məqsədyönlü şəkildə atəşə tutur, bununla da mülki əhaliyə qarşı müxtəlif
cinayətlər törətməkdə davam edir.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi terror
aktları ilə bağlı məsuliyyət daşıdığını nəzərə alaraq Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi digər dövlətlərin konstitusiya nəzarəti
orqanlarına müraciət edərək beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana
qarşı təcavüzünü kəskin qınamağa, ondan beynəlxalq hüquq öhdəliklərinə əməl
etməsini tələb etməyə çağırmışdır.
Azərbaycan Respublikasının bütün vətəndaşları əmindirlər ki, Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunmuş torpaqlarda Azərbaycanın Ali Qanunu bərqərar olunacaq, dövlətimizin bayrağı işğaldan tamamilə azad edilmiş bütün şəhər və qəsəbələrdə ucaldılacaq, didərgin düşmüş əhalinin hüquqları bərpa ediləcək. Konstitusiya Məhkəməsinin gələcək fəaliyyətinin əsas istiqamətləri isə azad edilmiş torpaqlarda konstitusiya və ədalət prinsipinə əsaslanan hüququn təşkil olunmasında, dövlətin hüquq sisteminin uğurla və dinamik inkişafında öz əksini tapacaqdır.