23.09.2020
Fərhad Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi
konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası
keçirilib.
İclasda Göyçay Rayon Məhkəməsinin
müraciəti əsasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 13-cü və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin - Milli Məclis
Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin, Ali Məhkəmənin və
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin mütəxəssisləri tərəfindən təqdim
edilmiş yazılı mülahizələrin və işin materiallarını araşdırıb müzakirə edərək qərar
qəbul edib.
Qərarda deyilir ki, “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci
maddəsinin torpaq sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılması ilə
bağlı müddəası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VI
hissəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin tələblərinə
uyğun olmaqla mülkiyyətçinin hüququnu pozmur.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.