2010-07-13 Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasindan 12 il keçir

Новости

2010 Jul

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində görülmüş işlər dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemi kökündən dəyişmişdir. Bu gün fərəh hissi ilə demək olar ki, irimiqyaslı qanunvericilik islahatlarını, institusional səviyyədə bir sıra yeni təsisatların yaradılmasını, beynəlxalq birliyə sürətli inteqrasiyanı, ictimai münasibətlər sisteminin müasir dəyərlərə uyğun təşkilini tələb edən bu mürəkkəb proses çərçivəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Şübhəsiz ki, bu tədbirlər sisteminin əsasında 1995-ci ildə qəbul edilmiş, hazırlanmasında və qəbulunda ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolu olmuş Azərbaycan Respublikasının Konstitusiyası durur.

Konstitusiyanın qəbulu sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həm də ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə, ilk növbədə, siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Konstitusiya insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi, bunun mexanizmlərinin yaradılmasını isə başlıca vəzifəsi olaraq təsbit etmişdir.

Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılmasını təşkil etməsi olmuşdur. Konstitusiyada təsbit edilmiş prinsiplər çərçivəsində ölkəmizdə daha sonra həyata keçirilmiş məhkəmə-hüquq islahatları məhkəmə hakimiyyəti orqanlarının bir sıra yeni funksiyalar əldə etməsi ilə nəticələnmiş, bu istiqamətdə xeyli iş görülmüşdür. Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə müstəqil məhkəmə hakimiyyətini yaratmağa yönəlmiş qanunvericilik bazası formalaşmış, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədilə üçpilləli məhkəmə sistemi yaradılmış, hakimlərin müstəqilliyini təmin etmək üçün onların sosial müdafiəsi gücləndirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının əsas xüsusiyyətlərindən biri də həmin dövrədək ölkəmizdə məhkəmə sistemi üçün səciyyəvi olmayan yeni institutun, dövlətçilik tariximizdə ilk dəfə olaraq Konstitusiya Məhkəməsinin təsis edilməsidir. On iki il əvvəl - 1998-ci il iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimləri təyin edilmiş, iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı Fərmanla bu orqan rəsmi fəaliyyətə başlamışdır.

XIX əsrin əvvəllərindən yaranaraq uzun bir inkişaf mərhələsi keçdikdən sonra bu gün artıq hüquqi dövlət quruculuğu prosesində məhkəmə hakimiyyətinə konstitusiya nəzarəti funksiyasının həvalə edilməsi qaçılmaz bir zərurət kimi ortaya çıxmışdır. Bu isə daha çox hakimiyyətlər bölgüsü sistemi çərçivəsində məhkəmə hakimiyyətinin təbiəti və üzərinə düşən vəzifələrin mahiyyəti ilə izah olunur. Konstitusiya nəzarəti ideyası müasir dəyərlərin hakim olduğu demokratik-hüquqi dövlət quruculuğunun ayrılmaz atributlarından birinə çevrilmişdir. Artıq bəşəriyyət konstitusiya ədalət mühakiməsini hakimiyyət sisteminin demokratikləşdirilməsinin, insan hüquq və azadlıqlarının müdafiəsinin, hüququn aliliyinin təmin edilməsinin əvəzedilməz mexanizmlərindən biri kimi qəbul edir. İnsan hüquqlarının tanınması, onların real şəkildə həyata keçirilməsi və baş verə biləcək pozuntu hallarında səmərəli vasitələrlə müdafiə olunması bu dəyərlərin özəyini təşkil edir. Odur ki, insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi qəbul edən bu anlayış, həm də dövlətin təşkilatlanması prinsiplərinin və fəaliyyət istiqamətlərinin əsas müəyyənedici amili kimi çıxış edir.

Azərbaycan Respublikasının Konstitusiyası da hüquqi dövlət quruculuğunun müasir tendensiyalarından çıxış edərək, ölkəmizin tarixində ilk dəfə olaraq konstitusiya nəzarəti funksiyanı həyata keçirən Konstitusiya Məhkəməsini təsis etmiş və bu institutun dövlət hakimiyyəti sistemində rolunu və yerini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi normativ-hüquqi aktların Konstitusiyaya və hüquqi iyerarxiyada özündən üstün qüvvəyə malik aktlara uyğunluğunun müəyyənləşdirilməsi, Konstitusiyanın və qanunların şərh edilməsi, hakimiyyətlər arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi və s. kimi mühüm səlahiyyətlərə malikdir. Sözsüz ki, bu səlahiyyətlər həm də ölkəmizin tarixində ilk dəfə olaraq məhkəmə hakimiyyətinin Konstitusiya Məhkəməsinin timsalında prinsipcə yeni fəaliyyət istiqamətləri və səlahiyyətlər əldə etməsi baxımından diqqətəlayiqdir.

Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi ötən on iki ilə nəzər saldıqda onu müəyyən mərhələlərə bölmək olar. İlk illər daha çox Konstitusiya Məhkəməsinin fəaliyyətinin təşəkkül dövrü və bütövlükdə cəmiyyətimiz tərəfindən onun konstitusiya ədalət mühakiməsi orqanı kimi dövlət və ictimai həyatdakı rolunun və yerinin qəbul edilməsi ilə bağlı olmuşdur. Xüsusilə də, qeyd edildiyi kimi, bu orqan cəmiyyət üçün tamamilə yeni təsisat olduğundan ictimaiyyət arasında onun statusu və fəaliyyət istiqamətləri barədə geniş təsəvvürün formalaşması müəyyən zaman tələb edirdi. Azərbaycanda həyata keçirilən demokratikləşmə prosesləri, insan hüquq və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin daha da gücləndirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, beynəlxalq inteqrasiya, xüsusilə də Avropa Şurası ilə münasibətlərin inkişafı müəyyən tələblər irəli sürür, öhdəliklər doğururdu.

Elə məhz bu tələblərdən irəli gələrək Konstitusiya Məhkəməsinin fəaliyyətində yeni dövr başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Konstitusiyanın mətninə bir sıra əlavə və dəyişikliklər edilmiş, o cümlədən ombudsman, məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüquqları əldə etmişlər. Hesab edirik ki, həm də Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin genişlənməsi ilə nəticələnmiş Konstitusiya islahatları bütövlükdə dünyada gedən konstitusiya nəzarətinin inkişafının müasir tendensiyalarına uyğun aparılmış və konstitusiya nəzarəti orqanlarına müraciət hüququna malik subyektlərin dairəsi genişlənmişdir.

«Konstitusiya Məhkəməsi haqqında» yeni Qanunun 2004-cü il yanvarın 8-dən qüvvəyə minməsindən sonra isə Konstitusiya Məhkəməsinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, vətəndaşların bilavasitə şikayətləri əsasında işlərə baxılmasına başlanılmışdır. Bu dövr, həmçinin, qəbul edilən qərarların içərisində fərdi şikayətlər üzrə çıxarılan qərarların xüsusi çəkisinin getdikcə artması ilə müşayiət olunmuşdur. Bu günədək çıxarılmış 181 qərardan 74-ü, yəni məhkəmənin qərarlarının 40,9 faizi fərdi şikayətlər üzrə çıxarılmışdır. Bu rəqəmin daha doğru anlaşılması baxımından bir faktı qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi 1998-ci ildən fəaliyyət göstərsə də, şikayətlərə yalnız 2004-cü ildən baxmağa başlamışdır. Fərdi şikayətlər üzrə çıxarılmış qərarlarda vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə, mülkiyyət hüquqlarının müdafiəsinə, bərabərlik hüququ, əmək hüququ, sosial təminat hüququ, birləşmək hüququ və s. mühüm məsələlərə dair dəyərli hüquqi mövqelər formalaşmışdır.

Konstitusiya Məhkəməsinin təbiətindən irəli gələn əsas səlahiyyəti, heç şübhəsiz ki, Konstitusiyanın 130-cu maddəsində sadalanmış Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlanılması təşkil edir. Məhz bu səlahiyyət vasitəsilə Konstitusiyanın və qanunların aliliyi təmin edilmiş olur. Yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir. Konstitusiya Məhkəməsi normativ-hüquqi aktın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya qanunvericilik iyerarxiyasında özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə onu qüvvədən düşmüş elan edir. Həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Yəni Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur. Bununla da, bəzi müəlliflərin haqlı olaraq qeyd etdiyi kimi, Konstitusiya Məhkəməsi faktiki olaraq «neqativ qanunverici» funksiyasını həyata keçirmiş olur. Konstitusiya Məhkəməsinin təcrübəsi göstərir ki, onun qəbul etdiyi qərarların içərisində normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğuna dair çıxarılanlar kifayət qədər çoxdur. Belə ki, 181 qərardan 25-i ayrı-ayrı qanunların müvafiq müddəalarının Konstitusiyaya uyğunluğunun, 1-i isə Nazirlər Kabinetinin qərarının qanuna uyğunluğunun yoxlanılmasına aid olmuşdur.

Lakin aydındır ki, Konstitusiya Məhkəməsinin dövlətin normayaradıcılıq prosesindəki iştirakı yalnız «neqativ qanunverici» funksiyası ilə məhdudlaşmır. Konstitusiya Məhkəməsinin qərarı ilə Konstitusiyaya uyğun olmayan hesab edilərək bütöv və ya hər hansı hissədə qüvvədən düşmüş akt başqa hər hansı formada yenidən qanunvericiliyə daxil edilə bilməz. Bu cür cəhdlər Konstitusiya Məhkəməsinin qərarının hüquqi qüvvəsini şübhə altına aldığı üçün yolverilməzdir. Konstitusiya Məhkəməsinin normayaradıcılıq fəaliyyətinə digər bir təsir vasitəsi onun öz qərarlarında hər hansı məsələyə dair hüquqi mövqelər formalaşdırmaqla yeni qanunvericiliyin yaradılmasına zəmin hazırlamasıdır. Məsələn, Konstitusiya Məhkəməsinin 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin, İnzibati Hüquqpozmalar haqqında Məcəllənin, Cinayət Prosessual Məcəlləsinin bəzi müddəalarına dair qəbul etdiyi qərarlarını buna misal göstərmək olar. Qeyd olunan qərarlarda formalaşdırılmış hüquqi mövqelər həmin məsələlərə dair sonrakı qanunvericilik nizamlamalarının əsasını təşkil etmiş, qəbul edilən yeni məcəllələrdəki müvafiq məsələlər Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə uyğun tənzimlənmişdir. Ona görə də hesab edirik ki, Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərin normayaradıcılıq fəaliyyətində rəhbər tutulması mühüm əhəmiyyət kəsb edir. Əvvəla ona görə ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Digər tərəfdən, hüquqi mövqelər bir qayda olaraq Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, insan hüquq və azadlıqlarının, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin üstünlüyü nəzərə alınmaqla formalaşdırılır. Göstərilən məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsi özünün 2005-ci il 25 yanvar tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəldiyimiz analoji hallara da şamil edilməlidir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir aktın Konstitusiyaya uyğun olub-olmaması faktının təsdiq edilməsi özü-özlüyündə nəinki həmin aktı qəbul etmiş orqan, həmçinin digər normayaradıcı və ya məhkəmə orqanları üçün preyudisial əhəmiyyətə malik xüsusi fakt kimi qəbul edilə bilər. Normayaradıcı orqanlara münasibətdə Konstitusiya Məhkəməsinin qərarının preyudisial əhəmiyyəti onda ifadə olunur ki, Konstitusiyaya uyğun olmayan hesab edilmiş normativ hüquqi aktla eyni məzmunlu aktın yenidən qəbul edilməsi yolverilməzdir. Normativ hüquqi aktın hər hansı müddəasının Konstitusiyaya uyğun olmadığı faktının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilməsinin preyudisial əhəmiyyəti məhkəmələr tərəfindən digər aktlarda təsbit olunmuş oxşar müddəaların tətbiq olunmasını da qeyri-mümkün edir.

Bu mənada, fikrimizcə, bundan sonra da normayaradıcı orqanlar öz fəaliyyətlərində yeri gəldikcə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini diqqətlə nəzərə almalı, hüquqi tənzimləmələri məhz ondan irəli gələn ruhda həyata keçirməlidirlər.

Həmçinin hesab edirik ki, Konstitusiya Məhkəməsinin Konstitusiyanın aliliyinin təmin edilməsinə yönəlmiş «Konstitusiyaya uyğunlaşdırma» fəaliyyəti geniş mənada qəbul edilməli, zərurət yarandıqda Konstitusiya Məhkəməsi tərəfindən dövlət hakimiyyət orqanları əlavə tədbirlər görməyə sövq edilməlidir. Konstitusiya Məhkəməsinin fəaliyyətini diqqətlə izləyənlər müşahidə etmişlər ki, Məhkəmə öz qərarları ilə yeri gəldikcə, sonradan görülməsi zəruri olan tədbirləri əhatə edən müəyyən prosedurlara müraciət edir. Konstitusiya normalarının daha dolğun təmin edilməsi üçün səlahiyyətli dövlət orqanlarına qanunvericilik tənzimləmələrinin həyata keçirilməsinin zəruriliyinə dair ünvanlanmış tövsiyələr buna misal kimi göstərilə bilər. Bununla da Konstitusiya Məhkəməsi hakimiyyətlər bölgüsü prinsipinə ciddi riayət edərək, eləcə də gələcək normayaradıcılığının konturlarını müəyyənləşdirərək səlahiyyətli orqanları konkret hüquqyaratma fəaliyyətinə sövq etmiş olur. Konstitusiya Məhkəməsi baxdığı konkret işlərlə bağlı tövsiyələrlə çıxış edərkən hüquqi nizamlamadakı boşluğu doldurmaq məqsədilə səlahiyyətli dövlət orqanlarının diqqətini bəzən yeni normativ-hüquqi aktın və ya normanın qəbul edilməsi məsələsinə, bəzən isə qüvvədə olan normalara əlavə və dəyişikliklər edilməsi məsələsinə cəlb edir. Sözsüz ki, tövsiyələrdən irəli gələn hüquqi nizamlamalar da Konstitusiya Məhkəməsinin tövsiyə ünvanlanmış konkret qərarındakı hüquqi mövqelərinə uyğun olmalıdır. Bu günə kimi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə 19, Nazirlər Kabinetinə isə 7 tövsiyə ünvanlanmışdır. Sözsüz ki, tövsiyələrdə qaldırılmış məsələlərin həlli ünvanlandığı dövlət hakimiyyəti orqanlarının fəal dəstəyindən əhəmiyyətli dərəcədə asılıdır. Bu tövsiyələrin əksəriyyətinə uyğun hüquqi tənzimləmələr göstərilən orqanlar tərəfindən artıq həyata keçirilmişdir və bu, ölkəmizdə insan hüquqlarının təmin edilməsi naminə hakimiyyətin müxtəlif qollarının qarşılıqlı əməkdaşlığının yaxşı bir göstəricisidir.

Konstitusiyanın və qanunların şərhi də Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Məhkəmənin bu səlahiyyəti Konstitusiyanın və qanunların konstitusion mahiyyətinin və məzmununun aydınlaşdırılmasına və onların məhz bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsinin yaradılmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin qanuna verdiyi rəsmi şərhlə həmin qanunun əvvəlki qeyri-konstitusion mənada tətbiqi imkanı aradan qalxır. Beləliklə də, normanın tətbiqi qaydası dəqiqləşdirilməklə onun məhdudlaşdırıcı və ya genişləndirici formada olan qeyri-konstitusion tətbiqi təcrübəsi dəyişdirilmiş olur. Şərhlə bağlı daim diqqətdə saxladığımız mühüm məqam ondan ibarətdir ki, məhkəmə özünün bu səlahiyyətini qanunvericinin səlahiyyətlərinə müdaxilə etmədən Konstitusiyanın aliliyinin təmin edilməsi naminə Konstitusiyanın hərfinə və ruhuna uyğun şəkildə həyata keçirməlidir. Qeyd etmək lazımdır ki, qəbul edilmiş qərarlar arasında Konstitusiyanın və qanunların şərhinə dair çıxarılmış olanlar da xüsusi çəkiyə malikdirlər. Belə ki, qəbul edilmiş 181 qərardan 56-sı ayrı-ayrı qanunların, 2-si isə Konstitusiyanın müxtəlif müddəalarının şərh edilməsinə dair olmuşdur. Aydındır ki, bütün hüquqtətbiqedici subyektlər öz fəaliyyətlərində Konstitusiya Məhkəməsinin Konstitusiyaya və qanunlara dair verdiyi şərhlərdən irəli gələn tələblərə mütləq əməl etməlidirlər.

Konstitusiya Məhkəməsi fəaliyyətinin ötən dövründə kifayət qədər geniş və çoxşaxəli beynəlxalq əlaqələr qura bilmişdir. Məlumdur ki, dünyada gedən və getdikcə sürətlənən inteqrasiya prosesləri konstitusiya nəzarəti orqanlarının fəaliyyətinə də öz təsirini göstərir. Biz beynəlxalq əlaqələrin inkişaf etdirilməsinin nəinki Konstitusiya Məhkəməsinin, həm də ölkəmizin nüfuzunun və mövqelərinin möhkəmləndirilməsi baxımından önəmini anlayır və bu istiqamətdə işimizi davam etdiririk. Məhkəməmiz artıq çoxdan Avropa Konstitusiya Məhkəmələri Konfransının üzvüdür. Bir çox nüfuzlu beynəlxalq təşkilatlar və xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə sıx əlaqələrimiz mövcuddur. Konstitusiya Məhkəməsi beynəlxalq təcrübəyə böyük diqqət yetirməklə, öz qərarlarında dəfələrlə beynəlxalq hüququn müddəalarına istinad edir.

Konstitusiya Məhkəməsinin təcrübəsində beynəlxalq hüquq normalarının tətbiqi tendensiyasının ümumi təhlili göstərir ki, Məhkəmənin fəaliyyətinin ilkin mərhələlərində İnsan hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, eləcə də İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt xüsusilə geniş tətbiq olunurdu. Avropa Konvensiyasına münasibətdə isə qeyd edilməlidir ki, Konvensiyanın və Avropa Məhkəməsinin presedent hüququnun ölkəmizin hüquq sisteminə, o cümlədən də Konstitusiya Məhkəməsinin fəaliyyətinə əsas təsiri Azərbaycan Avropa Şurasına daxil olduqdan və Konvensiyanı ratifikasiya etdikdən sonra baş vermişdir. Avropa Məhkəməsinin qərarlarını Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, onlar müstəsna əhəmiyyət kəsb edir, çünki göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi, deməli, bu sənədə qoşulmuş dövlətlərin öhdəlikləri kimi baxılmalıdır. Buradan isə belə nəticəyə gəlmək olar ki, Azərbaycanda Konstitusiya Məhkəməsi kimi bütün digər məhkəmələr də insan və vətəndaş hüquqlarını nəinki Konstitusiyanın mətninə, həmçinin Strasburq məhkəməsinin qərarlarında ona verilən və «şərh presedenti» adlandırılan şərhə uyğun tətbiq etməlidir.

Sözsüz ki, beynəlxalq hüquqi aktların, xüsusilə də insan hüquqlarının təminatı ilə bağlı beynəlxalq müqavilələrin qüvvəsi ilə bağlı Konstitusiyanın müddəaları, ilk növbədə, məhkəmə təcrübəsində tətbiq edilərək inkişaf etdirilməlidir. Bu, həmin aktlarda, xüsusilə də Avropa Konvensiyasında təsbit olunmuş, Avropa Məhkəməsinin qərarlarında inkişaf etdirilən ideya və dəyərlərin Azərbaycanda insan hüquqlarının müdafiəsinin səviyyəsinə və səmərəliliyinə təsiri baxımından vacib əhəmiyyət kəsb edir. Artıq bu sahədə Konstitusiya Məhkəməsinin kifayət qədər təcrübəsi formalaşmışdır. Odur ki, ümumi yurisdiksiyalı məhkəmələr də öz fəaliyyətlərində beynəlxalq-hüquqi aktların normalarını və Avropa Məhkəməsinin presedent hüququnu nəzərə almalı, onları daha fəal tətbiq etməlidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli Fərmanında da bu məqam xüsusilə vurğulanmışdır.

Dövlət başçısı Konstitusiya Məhkəməsinin 10 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda qeyd etmişdir: «Konstitusiya Məhkəməsi insan hüquqlarına dair müasir ideyaların, xüsusilə də İnsan hüquqları üzrə Avropa Konvensiyasında təsbit olunmuş prinsiplərin milli hüquqa tətbiqində, ölkəmizin Avropa hüquq məkanına inteqrasiyasında əhəmiyyətli rol oynayır, qəbul etdiyi qərarlarla hüquq sisteminin inkişafına və hüquq mədəniyyətinin artırılmasına təsir göstərir, bütövlükdə dövlətin hüquqi əsaslarının gücləndirilməsində fəal iştirak edir».

Konstitusiya Məhkəməsi Avropa Şurası ilə yanaşı, ATƏT, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, Amerika Hüquqşünaslar Assosiasiyası, Qırmızı Xaç Komitəsi və digər hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Avropa Şurasının Venesiya Komissiyası ilə sıx əlaqələr mövcuddur. Komissiya ilə əməkdaşlıq çərçivəsində hüququn müxtəlif aktual problemlərinə dair tez-tez mötəbər beynəlxalq konfranslar keçirilir.

Digər inkişaf etmiş dövlətlərin konstitusiya nəzarəti orqanları ilə də sıx əməkdaşlıq edirik. Türkiyə, Rusiya, Almaniya, Avstriya, İtaliya, Bolqarıstan, Polşa, Moldova, Belarus, Ukrayna, Çin və digər ölkələrin müvafiq təsisatları ilə qurduğumuz ikitərəfli əlaqələr sayəsində öz təcrübəmizi zənginləşdirməyə və qəbul edilən qərarlarda müasir hüquqi ideyaları tətbiq etməyə çalışırıq.

Beləliklə, ötən illər ərzində Konstitusiya Məhkəməsi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarlarla hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına hörmət və ehtiram etməsinə, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquqi mədəniyyətin inkişafına, konstitusionalizm ideyalarının həyata keçirilməsinə öz dəyərli töhfəsini vermişdir. Sözsüz ki, bu fəaliyyət Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanmış və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən quruculuq, inkişaf və demokratikləşmə prosesləri çərçivəsində həyata keçirilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan islahatlarla yanaşı, həm də demokratik-hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi yaşanır. Əldə edilmiş milli həmrəyliyin qorunması və möhkəmləndirilməsi, dövlət həyatının bütün sahələrinin inkişafının təmin edilməsi, demokratik nailiyyətlərə yönəlmiş ardıcıl addımlar ölkə rəhbərinin siyasətinin prioritetlərini təşkil edir.

Ümidvaram ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətləri çərçivəsində ölkəmizdə demokratiyanın və hüququn inkişafına bundan sonra da layiqli töhfələrini verməkdə davam edəcəkdir.


Fərhad Abdullayev

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri.