04.06.2020
Fərhad Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə
icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda A.Kərimov və qeyrilərinin
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi
Kollegiyasının 2019-cu il 9 iyul tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya
işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin nümayəndələrinin, vəkilinin
və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, N.Aləmmədzadə
və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və
üçüncü şəxslər A.Kərimov və qeyrilərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və
0,07 hektar torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat
Komissiyasının 2001-ci il 26 fevral tarixli 3 nömrəli qərarının onlara aid hissədə
ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv
edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının
2019-cu il 9 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının
29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası
İnzibati Prosessual Məcəlləsinin 91-ci və 96.5.1-ci maddələrinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi
mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.