Постановления

12.07.04 «Aztelekom» İstehsalat Birliyinin şikayəti üzrə AR Ali Məhkəməsinin İMDİÜMK-n 04/02/03 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN


AZƏRBAYCAN RESPUBLIKASI  KONSTITUSIYA
 MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

«Aztelekom» İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair

işlər üzrə məhkəmə kollegiyasının 04 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına

və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

12 iyul 2004-cü il                                                                                                  Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçinin nümayəndələri A.Tağıyev və  N.Mustafayevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında «Aztelekom» İstehsalat Birliyi adından verilmiş şikayət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04.02.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 23.06.2004-cü il tarixli məktubu nəzərə alınaraq konstitusiya işinə cavabverən tərəfin iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçinin nümayəndəsi N.Mustafayevin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N     E T D I:

Şikayətdən görünür ki, 13.08.1999-cu il və 01.02.2000-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı (bundan sonra – ABB), «Aztelekom» İstehsalat Birliyi (bundan sonra – Aztelekom)  və «Poçtbank» Səhmdar İnvestisiya Bankı (bundan sonra – Poçtbank) arasında müvafiq olaraq 581/a və 661 saylı üçtərəfli kredit sazişləri,  16.01.2000-ci il tarixdə isə ABB və Aztelekom arasında 1045 saylı kredit sazişi bağlanmışdır. Yuxarıda göstərilmiş üçtərəfli sazişlərə əlavə olaraq, həmin sazişləri nəzərə almaq şərti ilə ABB və Poçtbank arasında Aztelekoma kreditlərin verilməsi üçün Poçtbankın zaminliyini müəyyən edən zəmanət müqavilələri imzalanmışdır.

Şikayətdə qeyd olunur ki, sazişlər üzrə tərəflər arasında digər hallarla yanaşı həmçinin kreditlərin verilməsi və qaytarılması qaydası, habelə bunun üçün müvafiq müddətlər müəyyənləşdirilmişdir. Aztelekom kredit məbləğlərini müqavilə münasibətlərinə uyğun olaraq Poçtbanka ödəsə də, sonuncu müvafiq vəsaitləri ABB-yə köçürməmişdir.

Göstərilən və digər kredit sazişləri üzrə kredit məbləğlərinin və bununla bağlı olan digər ödənişlərin vaxtında ödənilməməsi nəticəsində yaranmış borcların qaytarılması məqsədi ilə ABB 1 saylı Yerli İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. ABB iddia tələblərinin bir hissəsini yuxarıda göstərilən sazişlərlə bağlayaraq Aztelekoma və Poçtbanka qarşı  yönəltmiş və cavabdehlərdən borc vəsaitlərinin onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.

1 saylı Yerli İqtisad Məhkəməsinin 23.09.2002-ci il tarixli qətnaməsi ilə ABB-nin Aztelekoma və Poçtbanka qarşı iddia tələbləri və Aztelekomun qarşılıqlı iddiası qismən təmin edilmişdir. Məhkəmə ABB-nin xeyrinə 1045 saylı kredit sazişi üzrə Aztelekomdan 215.127 ABŞ dolların, 581/a və 661 saylı kredit sazişləri üzrə isə Poçtbankdan 4.928.956 ABŞ dolların tutulmasını qət etmişdir.

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 18.11.2002-ci il tarixli qətnaməsi ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin 23.09.2002-ci il tarixli qətnaməsini dəyişdirərək 581/a, 661 və 1045 saylı kredit sazişləri üzrə Aztelekomdan ABB-nin xeyrinə ümumlikdə 5.144.083 ABŞ dolları məbləğində, 581/a və 661 saylı kredit sazişləri üzrə isə Poçtbankdan Aztelekomun xeyrinə ümumilikdə 4.928.956 ABŞ dolların tutulmasını qət etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasınin (bundan sonra – Ali Məhkəmənin İMDİÜMK) 04.02.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 18.11.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Aztelekomun kassasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Ali Məhkəmənin sədri Aztelekomun əlavə kassasiya qaydasında verilmiş şikayətinə 16.04.2003-cü il tarixli məktubu ilə cavab verərək, şikayətin Ali Məhkəmənin Plenumuna göndərilməsi üçün zərurət görmədiyini bildirmişdir.

Aztelekomun adından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) verilmiş şikayətdə Ali Məhkəmənin İMDİÜMK-nın 04.02.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmayan hesab edilməsi və pozulmuş hüquqların bərpası xahiş edilmişdir.

Ərizəçinin qənaətinə görə, mübahisənin həlli ilə bağlı məhkəmələr tərəfindən tətbiq edilməli olan – 01.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – əvvəlki MM) 193-cü maddəsi düzgün tətbiq olunmamış, həmin Məcəllənin 197-ci maddəsi düzgün şərh edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tətbiq olunmalı 9, 372 və 418-ci maddələri tətbiq edilməmişdir. Nəticədə qəbul edilmiş məhkəmə aktları, o cümlədən Ali Məhkəmənin İMDİÜMK-nın 04.02.2003-cü il tarixli qərarı onun ədalətli məhkəmə araşdırılması və mülkiyyət hüquqlarını pozmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu Aztelekomun şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Məhkəmələrdə baxılmış mülki iş kredit münasibətləri və bununla bağlı yaranmış mübahisə ilə əlaqədardır, mübahisə isə mülki qanunvericiliyin tələbləri çərçivəsində həll olunmalıdır. Bu zaman mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplər əsas götürülməlidir.

Mülki hüquq və vəzifələrin yaranması üçün əsaslardan biri əqdlərdir. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin növlərindən biri kimi çıxış edən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır.

Bunlarla yanaşı mülki qanunvericiliyin tətbiqində mübahisə edilən hüquq münasibətlərinin baş verdiyi zaman da vacib əhəmiyyətə malikdir. MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7-ci maddəsinə müvafiq olaraq, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə şamil edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda da mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.

Bu mənada ABB, Aztelekom və Poçtbank arasında kreditlə bağlı hüquq münasibətlərini tənzimləyən əvvəlki MM-in normaları nəzərə alınmalıdır.

Əvvəlki MM-ə müvafiq olaraq, mülki hüquq və vəzifələr digər əsaslarla yanaşı həm də qanunda nəzərdə tutulan əqdlərdən, habelə qanunda nəzərdə tutulmasa da, qanuna zidd olmayan əqdlərdən, öhdəçiliklər isə müqavilədən və ya həmin Məcəllənin 4-cü maddəsində göstərilən sair əsaslardan əmələ gəlir. Öhdəçiliklər lazımi qaydada və qanunun, planlaşdırma aktının, müqavilənin göstərişlərinə müvafiq olaraq, belə göstərişlər olmadıqda isə – müvafiq irəli sürülən adi tələblərə uyğun olaraq, müəyyən olunmuş müddətdə icra edilməlidir. Qanunda göstərilən hallar istisna olmaqla, öhdəçiliyin icra edilməsindən birtərəfli imtinaya və müqavilənin şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir (4, 150 və 160-cı maddələr).

Öhdəçiliyin təmin edilməsinin növlərindən biri də zaminlikdir. Əvvəlki MM-ə görə zaminlik müqaviləsi üzrə zamin üçüncü şəxsin kreditoru qarşısında, həmin üçüncü şəxsin öz öhdəçiliyini tam həcmdə və ya qismən yerinə yetirəcəyinə cavabdeh olduğunu öhdəsinə götürür (192-ci maddənin I hissəsi).

Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd edir ki, mülki münasibətlərdən, o cümlədən müqavilə öhdəliklərindən irəli gələn mübahisələrin ayrı-ayrı şəxslərin hüquq və qanuni mənafelərinə müvafiq, həmçinin qanunvericiliyin tələblərinə uyğun həllində mülki məhkəmə icraatını həyata keçirən ədalət mühakiməsi orqanlarının fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Qanunvericilikdə öz əksini tapmış maddi hüquq normalarından irəli gələn mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı fiziki və hüquqi şəxslərin borcudur.

Mülki hüquq mübahisəsinin qanuni və əsaslı həlli üçün həm tətbiq olunmalı olan hüquq normaları, həm də öhdəliklərin götürülməsi və  icrası ilə bağlı hüquqi nəticələr yaradan, tərəflər arasında bağlanmış müvafiq müqavilələrin müddəaları diqqətəlayiqdir. Tərəflərin öhdəliklərinə dair müqavilələrin müddəalarını təhlil etmək, sonra isə onları nəzərə alaraq qanunvericiliyin normalarını düzgün tətbiq etmək ümumi məhkəmələr üçün olduqca vacibdir.

18.08.1999-cu il tarixli 581/a saylı və 01.02.2000-ci il tarixli 661 saylı birtipli üçtərəfli kredit sazişlərində və onlara əlavə olunmuş zəmanət müqavilələrində ABB - kreditor, Aztelekom – borclu (borcalan), Poçtbank isə – borclunun (borcalanın) agenti və zamini qismində çıxış etmişlər.

Göstərilən kredit sazişlərinin 2, 3, 5 və 8-ci maddələrinin müddəaları əsasən aşağıdakıları nəzərdə tutur. Aztelekomun kredit sazişlərininin bütün tələblərinə əməl etməsi şərti ilə ABB ona müvafiq məbləğlərdə kredit xətti açır. Aztelekom akkredtiv açılması üçün ərizəni Poçtbanka, sonuncu isə onu ABB-yə təqdim edir. Aztelekom Poçtbanka  tam geri çağırılmayan və qeyri-şərtsiz hüquq verir ki, onun ABB-dəki ssuda hesabından debetə yazmaqla akkreditiv üzrə ödənişlərin həyata keçirilməsini ABB-yə həvalə etsin; bütün komissiyalar və faizlərin ödənilməsini öz hesabından təmin etsin; akkreditivin açılması və icrası ilə bağlı sənədləşməni ABB-dən alsın. Aztelekomun ABB-dəki ssuda hesabı üzrə olan sənədləşməni, eyni zamanda akkreditivin açılması və icrası zamanı ödənişlərə aid olan sənədləri ABB Poçtbank vasitəsilə təqdim edir. ABB tərəfindən verilən kredit Poçtbankın zəmanət müqaviləsi ilə təmin olunur. Aztelekom kredit üzrə ABB-yə çatacaq hər hansı məbləği ödəniş müddətində ödəməsə, sonuncu əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin, hər cür tutmaların və xərclərin məbləğinin ödənilməsi məqsədilə Poçtbankın hesabından silə bilər. Aztelekom ABB-yə çatacaq hər hansı məbləği vaxtında ödəməzsə, Poçtbank həmin məbləği dərhal ödəməyi öhdəsinə götürür.

Zəmanət müqavilələrinə əsasən isə Poçtbank öhdəsinə götürür ki, Aztelekom kredit sazişləri üzrə olan öhdəlikləri yerinə yetirilməyincə zaminin ABB-də olan valyuta hesabının qalığı Aztelekomun kredit üzrə əsas borc və faizlərinin ümumi qalığından az olmayacaq. Zəmanət müqaviləsi ilə həmçinin, Poçtbank əsas borc və faizlərin ödənilməsi məqsədilə ABB-də olan vəsaitlərin akseptsiz qaydada silinməsinə ABB-yə qeyd-şərtsiz hüquq verir. Müqavilə ilə Poçtbank razılaşır ki, onun bu zəmanət müqavilələri üzrə öhdəlikləri heç cür dəyişdirilməyəcək və kredit sazişi üzrə yuxarıda göstərilən bütün borclar ödənilməyincə qüvvədə qalacaq.

Beləliklə, 581/a saylı və 661 saylı kredit sazişlərinə görə ABB müəyyənləşdirilmiş məbləğdə Aztelekoma onun agenti olan Poçtbankın vasitəsilə kreditin verilməsi öhdəliyini, Aztelekom isə sazişlərdə nəzərdə tutulmuş qaydada bütün kredit resurslarının öz agenti vasitəsilə vaxtında qaytarılması öhdəliyini üzərlərinə götürmüşlər. Bununla yanaşı həmin sazişlərin üçüncü iştirakçısı olan Poçtbank kredit münasibətlərində borcalanın agenti və zamini qismində çıxış etmişdir. O, öz üzərinə sazişlərlə müəyyən edilmiş qaydada kreditin alınmasının və qaytarılmasının sənədləşdirilməsi və ABB-yə çatacaq hər hansı məbləği vaxtında ödəməzsə, həmin məbləğin dərhal ödənilməsi öhdəliyini götürmüşdür. ABB bu sazişlərlə həmçinin, Aztelekoma və Poçtbanka yazılı şəkildə bildirməklə, müvafiq məbləğləri onların hesablarından akseptsiz qaydada silmək hüququ əldə etmişdir.

Üçtərəfl kredit sazişləri ilə yanaşı ABB ilə Aztelekom arasında 16.01.2000-ci tarixli 1045 saylı kredit sazişi də bağlanmışdır. Zaminliklə bağlı müddəlar istisna olmaqla bu müqavilənin şərtləri yuxarıda göstərilmiş üçtərəfli sazişlərin şərtlərinə oxşardır. Lakin saziş ikitərəfli olduğuna görə bütün öhdəliklər də tərəflərin bir-biri qarşısında götürdüyü öhdəliklər kimi sayıla bilər.

Kredit sazişlərinin və zəmanət müqavilələrinin mətnləri və həmin əqdlərin qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığı tərəflərin arasında yaranmış mübahisə üzrə mülki işə baxmış birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə icraatında mübahisəsiz qaydada qəbul edilmişdir. Məhkəmələr tərəfindən həmçinin müəyyən edilmişdir ki, 581/a və 661 saylı kredit sazişlərinə əsasən kredit kimi verilmiş 5.140.903 ABŞ dolları məbləğində pul vəsaiti Aztelekomun Poçtbankda olan akkreditiv hesabına 2.300.000 ABŞ dolları üzrə 11.05.2000-ci il tarixə kimi, 2.841.202 ABŞ dolları üzrə isə 05.01.2001-ci il tarixə qədər yığılmış, lakin həmin məbləğdən yalnız 1.501.015,73 ABŞ dolları Poçtbank tərəfindən ABB-yə ödənmişdir. Bundan başqa ümumi məhkəmələr ABB ilə Aztelekom arasında bağlanan 16.01.2000-ci il tarixli 1045 saylı kredit sazişi üzrə ümumilikdə 215.127 ABŞ dolları məbləğində ödənilməmiş borcun qaldığını müəyyən etmişlər.

Lakin eyni faktların əsasında müxtəlif instansiya məhkəmələri qanunvericiliyin müddəalarını fərqli tətbiq edərək mahiyyət etibarilə tamamilə bir-birinə əks olan məhkəmə aktlarını qəbul etmişlər. 

Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Aztelekom öhdəlikləri əsasən icra etmiş, Poçtbank isə öz öhədliklərinin icra olunmamasını etiraf etmişdir. Həmin məhkəmə əvvəlki MM-in 192 və 193-cü maddələrinə, habelə MPM-in 191.3-cü maddəsinə istinadən qət etmişdir ki, 581/a və 661 saylı kredit sazişlərinin pozulmasına görə ABB qarşısında  məsuliyyəti Poçtbank daşımalı,  1045 saylı kredit sazişi üzrə ABB-yə ödənilməmiş borcu Aztelekom verməlidir.

Apellyasiya instansiyası məhkəməsi isə 581/a və 661 saylı kredit sazişləri üzrə Poçtbankın zaminliyinə xitam verildiyini hesab edərək onun ABB qarşısında heç bir öhdəliyinin qalmadığı nəticəsinə gəlmişdir. Həmin məhkəmə instansiyası əvvəlki MM-in 197-ci maddəsinin II hissəsinə və 149-cu maddəsinə əsaslanaraq hər üç sazişdən irəli gələn öhdəliklərin icrası üçün ABB qarşısında məhz Aztelekomun məsuliyyət daşıdığını, Poçtbankın isə Aztelekom qarşısında öhdəliklərinin olduğunu müəyyənləşdirmişdir. Bu qərar kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

Mülki hüquq mübahisəsi üzrə qanunvericiliyin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Əvvəlki MM-in 193-cü maddəsi zaminlik müqaviləsi ilə sair hal müəyyən edilməyibsə, öhdəçilik icra edilmədikdə kreditor qarşısında borclu və zaminin birgə borclu kimi məsuliyyət daşıdığını müəyyən edir.

Məzmunundan göründüyü kimi bu normanın tətbiqi yalnız iki şərtin («zaminlik müqaviləsi ilə sair hal müəyyən edilməyibsə» və «öhdəçilik icra edilmədikdə») mövcudluğunu tələb edir. Mübahisə ilə bağlı mülki işin həlli üçün  əvvəlki MM-in 193-cü maddəsinin tətbiqi zamanı həmin şərtlərə riayət  olunmalıdır.

Məhkəmələr tərəfindən müəyyən olunmuş faktlara əsasən Aztelekom 581/a və 661 saylı kredit sazişləri üzrə götürülmüş öhdəlikləri icra edərək 5.140.903 ABŞ dolları məbləğində pul vəsaitini özünün Poçtbankda olan akkreditiv hesabına köçürmüş, lakin Poçtbank bu sazişlərə əsasən borcalanın agenti kimi öz öhdəliklərini qismən icra edərək  həmin  məbləğdən yalnız 1.501.015 ABŞ dolları ABB-yə ödəmişdir.  Belə olan halda «öhdəçilik icra edilmədikdə» şərti mövcud olmadığına görə əvvəlki MM-in 193-cü maddəsinin Aztelekoma münasibətdə tətbiqi əsaslı sayıla bilməz.

Bu maddənin düzgün tətbiqi üçün həmçinin «zaminlik müqaviləsi ilə sair hal müəyyən edilməyibsə» şərtinə əməl olunmalıdır.  ABB, Aztelekom və Poçtbankın iştirakı ilə bağlanılmış 581/a  və 661 saylı kredit sazişlərində və onlara əlavə olunmuş ABB və Poçtbank arasında imzalanmış zəmanət müqavilələrdə belə sair hallar  müəyyən olunduğundan əvvəlki MM-in 193-cü maddəsinin tətbiqinə yol verilən ikinci şərtin olmamasına dəlalət edir.

Əvvəlki MM-in 197-ci maddəsinə əsasən zaminliyin xitamı zaminliklə təmin olunan öhdəçiliyin xitam edilməsilə əlaqələndirilməlidir. Zaminlik həmçinin, öhdəçiliyin müddəti qurtardığı gündən sonra üç ay müddətində kreditor zamin olana qarşı iddia qaldırmadıqda da xitam edilir. Öhdəçiliyin iddia müddəti göstərilmədikdə və ya tələb etmə vaxtı ilə müəyyənləşdirildikdə, sair saziş olmadığı halda, zaminlik müqaviləsi bağlanan gündən bir il keçdikdən sonra zamin olanın məsuliyyəti xitam olunur.

Nəzərə alınmalıdır ki, 01.09.2000-ci ilədək yaranmış hüquq münasibətlərinə tətbiqi zamanı ""öhdəliyin müddətinin qurtardığı gün"" və ""sair saziş olmadığı halda"" ifadələrinin işin hallarına müvafiq olaraq təfsiri ədalət mühakiməsinin qanuna uyğun həyata keçirilməsi üçün həlledici əhəmiyyətə malikdir. Bu zaman məhkəmələr tərəfindən qanuna zidd olmayan müqavilə müddəaları və göstərilən halların müqavilədə hansı qaydada nəzərdə tutulduğu əsas götürülməlidir.

Xüsusilə də öz əksini əvvəlki MM-də tapmış öhdəçiliyin icra müddətinin göstərilməsi və ya tələb etmə vaxtının müəyyənləşdirilməsi ilə sıx bağlı olan ""sair saziş olmadığı halda"" ifadəsi zaminliyə xitam verilməsi məsələsinin həlli zamanı müqavilə müddəalarının kompleks nəzərə alınmasını tələb edir. Ümumiyyətlə bir qayda olaraq, zaminə qarşı iddia irəli sürməklə bağlı bütün formallıqların nizamlanmasını təmin etmək üçün zaminlik dövrü daha uzunmüddətli olmalıdır, əks halda bu təminat vasitəsi təcrübədə öz əhəmiyyətini itirir. Eyni zamanda öhdəçiliyin icrası təminatlarından biri olan zaminliyə xitam verilərkən, mülki qanunvericiliyin öhdəliklərin icrası haqqında ümumi qaydaları da nəzərə alınmalıdır. Belə qaydalardan biri isə qanunda göstərilən hallar istisna olmaqla, öhdəçiliyin icra edilməsindən birtərəfli imtinaya yol verilməməsidir (əvvəlki MM-in 160-cı maddəsinin ikinci hissəsi).

ABB, Aztelekom və Poçtbank arasında bağlanmış üçtərəfli 581/a və 661 saylı kredit sazişlərinə əlavə olaraq ABB və Poçtbank tərəfindən imzalanmış zəmanət müqavilələri nəzərdə tutur ki, Poçtbankın zaminliklə bağlı öhdəlikləri heç vaxt dəyişdirilməyəcək və kredit sazişləri üzrə bütün borclar ödənilməyincə qüvvədə qalacaqdır.

Konstitusiya Məhkəməsinin Plenumu apellyasiya instansiyası məhkəməsinin mübahisə edilən qətnaməsi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, həmin məhkəmə tərəfindən məsələ ilə bağlı müqavilə  müddəaları kompleks şəklində nəzərə alınmadığından, əvvəlki MM-in 197-ci maddəsinə istinadla Poçtbankın zaminliyinə xitam verilməsi bu normanın yanlış təfsiri, məhkəmə tərəfindən müəyyən olunmuş hallarla uzlaşmayan qətnamənin qəbulu ilə nəticələnmişdir. Bu mənada mübahisə ilə bağlı mülki iş üzrə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 18.11.2002-ci il tarixli qətnaməsində əvvəlki MM-in 197-ci maddəsinin ikinci hissəsi düzgün tətbiq edilməmiş, nəticədə Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin tələbləri pozulmuşdur.

Bununla əlaqədar olaraq ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarına dair bəzi əsas məqamlar nəzərə alınmalıdır.

Məhkəmələr tərəfindən ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın müddəaları gözlənilməli, o cümlədən, işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalı (127-ci maddənin II hissəsi), məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilməlidir (127-ci maddənin VII hissəsi).

Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-in 2-ci maddəsi).

Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli,  öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (MPM-in 9.1 və 9.3-cü maddələri).

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 88-ci, 217-ci və 218.3-cü maddələri).

Ədalətli məhkəmə araşdırması hüququnun mühüm atributlarından biri prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağı məhkəmə instansiyalarının aktlarından yuxarı instansiya məhkəməsinə şikayət və ya protest vermək hüququnun mövcudluğudur. Bu, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə səmərəli təminat verməklə yanaşı, həm də aşağı məhkəmə instansiyalarının buraxdığı səhvlərin aradan qaldırılmasına və məhkəmə aktlarının mötəbərliyinə xidmət edir.

Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan MPM-də nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372-ci maddəsi isə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyənləşdirir.

Yuxarıda göstərildiyi kimi mübahisə ilə əlaqədar Azərbaycan Respublikası İqtisad Məhkəməsi qət etmişdir ki, üç kredit müqaviləsi üzrə Aztelekomdan ABB-nin xeyrinə ümumlikdə 5.144.083 ABŞ dolları məbləğində, eyni zamanda həmin üç kredit sazişlərdən ikisi üzrə Poçtbankdan Aztelekomun xeyrinə 4.928.956 ABŞ dolları məbləğində vəsait tutulsun.

Bu qətnamə ilə məhkəmə üç kredit sazişlərindən ikisi üzrə faktiki olaraq Poçtbankın borclu olduğunu təsdiq etsə də, bunu Aztelekomun iddia ərizəsini qismən təmin etməsi ilə əlaqələndirir. Lakin Aztelekom mübahisəli məbləğin Poçtbankdan tutularaq ABB-yə ödənilməsini, iddia tələbini təmin etmək üçün pul vəsaiti olmadıqda isə tələbin cavabdehin digər əmlakına yönəldilməsini xahiş etmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddia ərizəsində irəli sürülən tələblərdən kənara çıxmaqla MPM-in 372-ci maddəsinin tələbləri ilə ziddiyyət yaradır.

Poçtbankdan fərqli olaraq ABB və Aztelekom dövlət müəssisələridir. Borcun qaytarılması ilə bağlı üstünlüyü qeyri-dövlət müəssisəsinə verən Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnaməsi Konstitusiyanın «mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur» (13-cü maddə) və «mülkiyyətin heç bir növünə üstünlük verilmir» (29-cu maddə) kimi müddəaları ilə də üzlaşmır.

Məhkəmə icraatının çəkişmə prinsipi ədalət mühakiməsinin elə bir düzümünü nəzərdə tutur ki, burada yalnız məhkəmə tərəfindən həyata keçirilən ədalət mühakiməsi funksiyası (işin həlli) məhkəmə qarşısında mübahisə edən tərəflərin funksiyalarından ayrılır. Bu zaman məhkəmə tərəflərə öz mövqelərini müdafiə etmək üçün bərabər imkanlar təqdim etməklə, mübahisənin ədalətli və qərəzsiz həllini təmin etməlidir və buna görə də onların prosessual (məqsədli) funksiyalarının icrasını öz üzərinə götürə bilməz. Məhkəmə qəbul etdiyi qərarları tərəfləri müzakirəyə dəvət etmədən öz mövqeyini sərbəst şəkildə irəli sürdüyü hüquqi dəlillərlə və ya hakimlərin hüquq düşüncəsi ilə əsaslandıra bilməz.

Onu da nəzərə almaq zəruridir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın predmetinin dəyişdirilməsi Aztelekomun hüquqi statusuna da təsir göstərmiş,  onun mübahisə üzrə konkret öhdəliklərinin yaranmasına əsas verən səbəblərdən biri olmuşdur. İddiadan kənara çıxaraq Poçtbankdan Aztelekomun xeyrinə müəyyən vəsaitin tutulmasını qət etmiş İqtisad Məhkəməsi faktiki olaraq, Aztelekomun bir dəfə ödədiyi məbləği ikinci dəfə ödəməsi barədə qətnamə çıxarmışdır. Bu hal ərizəçi tərəfindən onun Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilmişdir.

Bu mənada apellyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən öz təşəbbüsü əsasında iddianın predmetini dəyişdirmiş və bununla da Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun təmin edilməsinin əsas prinsiplərindən olan çəkişmə prinsipini pozmuş, MPM-də müəyyən edilən işə baxılmanın həddini aşmışdır. Bu isə Konstitusiyanın 127-ci maddəsinin VII hissəsinin,  MPM-in 9-cu və 372-ci maddəsinin tələblərinə cavab verməyən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. 

Mülki-prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya intstansiyası məhkəməsinin qətnamə və qərardadının qanunda müəyyən edilmiş qaydada ləğvi üçün əsasdır. Qanunvericilik bu məsələ ilə bağlı kassasiya instansiyası məhkəməsinə geniş səlahiyyətlər verir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv olunması üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 416, 417, 418.1 və 418.3-cü maddələri).

ABB, Aztelekom və Poçtbank arasında olan mübahisə ilə bağlı mülki işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin İMDİÜMK apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgün olub-olmamasına lazımi  diqqət yetirməmiş, işin həllində yol verilmiş nöqsanları təkrarlayaraq, MPM-in 416, 417, 418.1 və 418.3-cü maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

Azərbaycan Beynəlxalq Bankının «Aztelekom» İstehsalat Birliyinə və «Poçtbank» Səhmdar İnvestisiya Bankına qarşı 581/a, 661 və 1045 saylı kredit sazişləri üzrə borc vəsaitlərinin tutulması barədə iddia tələbləri hissəsində Azərbaycan Respublikası İqtisad  Məhkəməsinin  18.11.2002-ci il tarixli qətnaməsini qüvvəsində saxlamış Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04.02.2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60 və 127-ci maddələrinə, Azərbaycan Respublikasının əvvəlki Mülki Məcəlləsinin 193 və 197-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığına  görə qüvvədən düşmüş hesab edilməlidir;

- bu hissədə işə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalı, buna qədər isə məhkəmə aktları icra olunmamalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, ""Konstitusiya Məhkəməsi haqqında"" Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1.   Azərbaycan Beynəlxalq Bankının «Aztelekom» İstehsalat Birliyinə və «Poçtbank» Səhmdar İnvestisiya Bankına qarşı 581/a, 661 və 1045 saylı kredit sazişləri üzrə borc vəsaitlərinin tutulması barədə iddia tələbləri hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04.02.2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60 və 127-ci maddələrinə, Azərbaycan Respublikasının əvvəlki Mülki Məcəlləsinin 193 və 197-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığına  görə qüvvədən düşmüş hesab edilsin. Bu hissədə məhkəmə aktları icra olunmasın və işə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2.   Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.   Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                      Fərhad Abdullayev