Постановления

23.04.04 Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI 
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q  Ə  R  A  R  I

Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə

məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına

və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

23 aprel 2004-cü il                                                                               Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

konstitusiya məhkəmə icraatında ərizəçi - Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi Ə.Q.Həbilovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin məhkəmə aktlarından şikayətinə baxdı.

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin nümayəndəsi işin baxılma tarixi və yeri barədə qabaqcadan xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, konstitusiya məhkəmə icraatında ərizəçinin nümayəndəsi Ə.Q.Həbilovun çıxışını dinləyib, işin materiallarını müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN   ETDİ:

Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı sərəncamlarının etibarsız hesab edilməsi haqqında işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməsinə dair 2003-cü il 19 sentyabr tarixli qərardad qəbul etmişdir.

İddiaçının şikayətinə əsasən apellyasiya qaydasında işə baxmış Azərbaycan Respublikasının İqtisad Məhkəməsi  2003-cü il 10 oktyabr tarixli qərardadı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin yuxarıda göstərilən qərardadını ləğv edərək, işi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərmişdir.

Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti  Azərbaycan Respublikası İqtisad Məhkəməsinin işin aidiyyəti üzrə baxılması üçün göndərilməsinə dair 2003-cü il 10 oktyabr tarixli qərardadından Azərbaycan Respublikası İqtisad Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi 2003-cü il 24 dekabr tarixli, 556/III-227 saylı məktubla Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə bildirmişdir ki, birinci instansiya məhkəməsində mübahisəli işə artıq mahiyyəti üzrə baxıldığına görə, işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi qeyri-mümkündür.

Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2003-cü il 14 noyabr tarixli qətnaməsi ilə iddia təmin olunaraq, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 2003-cü il 25 avqust tarixli, 503 saylı və 2003-cü il 28 avqust tarixli, 532 saylı sərəncamları etibarsız hesab edilmişdir.

Həmin qətnamə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2004-cü il 30 yanvar tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının İqtisad Məhkəməsi tərəfindən onun məhkəməyə müraciət etmək hüququnun pozulduğunu göstərməklə, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.4.2-ci maddəsində nəzərdə tutulmuş əsasla iş üzrə çıxarılmış məhkəmə qərarlarının ləğv edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur.

Məhkəmə müdafiə hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi  qəbul olunur.

İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi (daha əvvəllər isə İnsan hüquqları Komissiyası) bu müddəanın demokratik cəmiyyətin mövcudluğu üçün başlıca əhəmiyyətə malik olmasına əsaslanaraq onun geniş təfsir olunmasını təklif etmişdir. Demokratik cəmiyyətdə Avropa Konvensiyasının anlaşılması nöqteyi-nəzərindən ədalət mühakiməsinin ədalətlə həyata keçirilməsi hüququ o dərəcədə mühüm yer tutur ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin dar mənada təfsiri bu maddənin məqsədlərinə və təyinatına uyğun gəlməzdi (Delkurun Belçikaya qarşı işi).

Ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur:

1)  qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu;

2)  məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması;

3)  müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.

Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.

Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir.

Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.

Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi birinci instansiya məhkəməsinin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadını  2003-cü il 13 oktyabr tarixli qərardadı ilə ləğv edərək, işi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərmişdir. Apellyasiya qaydasında çıxarılmış həmin qərardadda Mülki Prosessual Məcəllənin 405.1-ci maddəsinə uyğun olaraq göstərilmişdir ki, qərardaddan 3 ay müddətində kassasiya şikayəti verilə bilər.

Şikayətə əlavə olunmuş «Azərpoçt» dövlət müəssisəsinin 2003-cü il 11 dekabr tarixli, 619200 və 619201 saylı mədaxil qəbzlərindən göründüyü kimi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti yuxarıda göstərilən qərardaddan Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə və Ali Məhkəməyə kassasiya şikayətləri göndərmiş və bu şikayətlər həmin gün adı çəkilən məhkəmələrə rəsmi çatdırılmışdır.

Göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Mülki Prosessual Məcəllənin 402, 403.1, 405.1 və 406.1-ci maddələrinin müddəalarına riayət edərək kassasiya şikayətini qanunla müəyyən edilən qaydada və müddətdə apellyasiya instansiyası məhkəməsinə vermişdir.

Apellyasiya instansiyası məhkəməsi isə öz qərardadının əksinə kassasiya şikayətinin verilməsi üçün Mülki Prosessual Məcəllədə müəyyən edilən 3 ay müddətini gözləmədən, iş üzrə cavabdehin Konstitusiyada və prosessual qanunvericilikdə təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmaqla, onu məhkəməyə müraciət etmək hüququndan məhrum edərək,  işi mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərmişdir.

Bundan sonra isə həmin məhkəmə Mülki Prosessual Məcəllənin 408.3-cü maddəsinin tələblərinə zidd olaraq, kassasiya şikayətinin qaytarılmasına dair  qərardad çıxarmaq əvəzinə, hakimin 2003-cü il 24 dekabr tarixli, 556/III-227 saylı məktubu ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə bildirilmişdir ki, onun kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsi qeyri-mümkündür.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mulki Prosessual Məcəllənin 402, 403.1,  405.1 və 408.3-cü maddələrinin tələblərinə riayət edilməməsi nəticəsində Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ kobud surətdə pozulmuşdur.

Konstitusiya Məhkəməsi Plenumunun məsələ ilə bağlı  hüquqi mövqeyi ondan ibarətdir ki, prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda, qaydada və müddətlərdə məhkəmə aktının (qətnamə və ya qərardadın) əvəzinə məhkəmə və ya hakim tərəfindən hər hansı deklarativ qərarın, o cümlədən məktubun tərtibi və göndərilməsi, konkret hallardan asılı olaraq belə qərarın və ya məktubun məhkəmə aktı kimi qəbul olunmasına səbəb ola bilər.

Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən qərardadlar müstəqil məhkəmə aktlarıdır. Qərardadda işin baxılması gedişində yaranan məsələlərin məhkəmə tərəfindən həll edilməsinin nəticələri təsbit olunur. Qərardadla məhkəmə iş üzrə icraatı dayandırır və onu təzələyir, tələbləri mahiyyəti üzrə həll etməyərək iş üzrə icraata xitam verməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmə icraatını bitirir (MPM-nin 258-262-ci maddələri). Sadalanan qərardadlar bəzən məhkəmə qətnamələrinin hüquqi təbiəti ilə ortaq xüsusiyyətlərə malik olurlar. Lakin qərardadlar məzmununa və hüquqi nəticələrinə görə məhkəmə qətnamələrindən əhəmiyyətli dərəcədə fərqlənir.

Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə görə işi mahiyyəti üzrə həll edən məhkəmənin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 263.1-ci maddəsində isə göstərilmişdir ki, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhz buna görə də qanunverici qərardad və qətnamələrə dair müddəaları Mülki Prosessual Məcəllənin ayrı-ayrı fəsillərində vermişdir (17 və 21-ci fəsillər).

Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

Həmin Məcəllənin 45.2 və 404.2-ci maddələrində məhkəmə aidiyyəti məsələsi ilə əlaqədar qərardadlardan apellyasiya və kassasiya şikayətlərin verilməsi nəzərdə tutulmuşdur.

Mülki prosessual qanunvericiliyin tələblərinə görə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda  məhkəmə qərardadlarından verilmiş şikayətlərə dair nəticələri gözləmədən işə mahiyyəti üzrə baxılması və qətnamənin qəbul edilməsi yolverilməzdir. Bu tələb Mülki Prosessual Məcəllənin 269.2 və 269.3-cü maddələrinin müddəalarından irəli gəlir.

Beləliklə, ayrıca məhkəmə aktları olan qərardad və qətnamələrdən yuxarı instansiya məhkəmələrinə şikayət yalnız onların həll etdiyi məsələlər üzrə verilə bilər.

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair məsələ üzrə çıxarılmış qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilən müddətləri gözləmədən, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi,  Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş bütün məhkəmə müdafiəsi vasitələrinin tükənməsinə səbəb olmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin hüquq və azadlıqlarının məhkəmə təminatının mühüm elementlərindən biri olan məhkəməyə müraciət etmək hüququnu pozan Azərbaycan Respublikası İqtisad Məhkəməsi hakiminin 2003-cü il 24 dekabr tarixli, 556/III-227 saylı məktubu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsıinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 403.1 və 405.1-ci maddələrinin tələblərinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin konstitusiya hüquqlarının pozulmasından sonra qəbul edilən məhkəmə aktları qüvvədən düşmüş hesab edilməlidir. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.4-cü maddəsinə uyğun olaraq bu işə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı sərəncamların etibarsız hesab edilməsinə dair iş üzrə Azərbaycan Respublikası İqtisad Məhkəməsi hakiminin 2003-cü il 24 dekabr tarixli, 556/III-227 saylı məktubu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 403.1 və 405.1-ci maddələrinin müddəalarına uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin.

  İşin mahiyyəti üzrə çıxarılmış Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2003-cü il 14 noyabr tarixli və Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2004-cü il 30 yanvar tarixli qətnamələri Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən normalarının müddəalarına uyğun olmayan hesab edilsin, onlar icra olunmasın və bu işə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinskiy raboçiy» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz. 

Sədrlik edən                                                      Fərhad Abdullayev