Постановления

29.01.04 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin

QƏRARI

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı

maddəsinə uyğunluğunun yoxlanılmasına dair

29 yanvar 2004-cü il                                                                                              Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (Sədr), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi V.Zeynalovun,

konstitusiya məhkəmə icraatı tərəflərinin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi R.Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı S.Məmmədovun,

ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Cinayət hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Səməndərovun və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi, hüquq elmləri namizədi R.İsmayılovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 dekabr 2003-cü il tarixli, 8-7/03 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, konstitusiya məhkəmə icraatı tərəflərinin nümayəndələri R.Məmmədov və S.Məmmədovun çıxışlarını, ekspertlər F.Səməndərovun və R.İsmayılovun rəylərini dinləyib müzakirə edərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra Ali Məhəkəmə) sorğusunda göstərilir ki, Abşeron rayon məhkəməsinin icraatında ölümlə nəticələnən avtonəqliyyat qəzası törətməyə və yol nəqliyyat hadisəsi yerindən qaçmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən R.Bağırov haqqında cinayət işi vardır. Bu iş üzrə məhkəmə baxışı başlananadək dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək Ali Məhkəmənin Plenumu vasitəsilə CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 66-cı maddəsinə uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş etmişdir.

Vəsatətdə qeyd edilir ki, CM-nin 264-cü maddəsi Konstitusiyanın 66-cı maddəsinin ziddinə olaraq cinayət törətmiş şəxsin üzərinə yol nəqliyyat hadisəsi yerində qalaraq polis işçilərinin oraya gəlməsini gözləmək, bununla da faktiki olaraq CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə öz-özünü ifşa etmək vəzifəsini qoyur. Halbuki, CM hər hansı başqa cinayəti törətmiş şəxsin üzərinə cinayət hadisəsi yerini tərk etməmək vəzifəsini qoymur.

Abşeron rayon məhkəməsinin 17 oktyabr 2003-cü il tarixli qərarı ilə vəsatət Ali Məhkəmənin plenumuna göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 27 noyabr 2003-cü il tarixdə Ali Məhkəmənin Plenumu vəsatətin əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) CM-nin 264-cü maddəsinin Konstitusiyanın 66-cı maddəsinə uyğunluğunun yoxlanılması barədə sorğu göndəriləməsi qərarına gəlmişdir.

Sorğu ilə bağlı konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq olunmuş CM-nin 143, 263, 264-cü maddələrinin, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «Yol hərəkəti haqqında» Qanun) 2-ci maddəsinin və 37-ci maddəsinin IV hissəsinin, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 20, 90, 91, 95.6.4 və 148-ci maddələrinin rəsmi mətnləri əlavə edilmişdir.

Konstitusiya Məhkəməsi baxılan sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası demokratik dəyərlərə, qanunun aliliyinə və ədalətə əsaslanan dövlət quruculuğu yolunu seçərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini öz ali məqsədi elan etmişdir. Konstitusiyada həmçinin beynəlxalq-hüquqi standartlar əsasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə və təminat mexanizmləri müəyyənləşdirilmişdir.

Dövlətlə fərd arasındakı münasibətlər qanunvericiliyin müddəaları əsasında tənzimlənir. Hüquq və azadlıqların məhkəmə təminatı, hüquqi yardım almaq hüququ, məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi, tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları və başqa təminatlar həm Konstitusiyada, həm də onun əsasında qəbul edilmiş digər qanunlarda öz əksini tapmışdır.

Konstitusiyanın 66-cı maddəsində göstərilir ki, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.

Özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir.

Göstərilən konstitusiya norması cinayət təqibi üzrə müvafiq standartları müəyyən edən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktların normaları ilə eynilik təşkil edir.

Belə ki, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinə görə hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir.

Göründüyü kimi həm konstitusiya həm də beynəlxalq-hüquq normaları cinayət prosesində əmələ gələn münasibətlərə şamil edilir. Ona görə, təsadüfü deyildir ki, Konstitusiyanın 66-cı maddəsində nəzərdə tutulmuş təminat, cinayət-prosesual qanunvericiliyində də öz əksini tapmışdır. CPM-nin 20-ci maddəsində nəzərdə tutulur ki, heç kəs şəxsən özünün və yaxın qoxumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təgibə məruz qala bilməz.

Özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir.

Belə yanaşma konstitusiya tələblərindən irəli gəlir. Konstitusiyanın 24-cü maddəsinin II hissəsinə əsasən hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyanın 72-ci maddəsinin II hissəsində qeyd edilir ki, hər bir şəxs, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digir vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 80-cı maddəsinə görə isə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə  dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.

Şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə xələl  gətirmədən, digər şəxslərin hüquq və azadlıqlarını yol hərəkəti ilə bağlı baş verə biləcək cinayətkar qəsdlərdən qorumağa, habelə belə cinayətlərin qarşısını almağa yönəlmiş müvafiq cinayət-hüquqi norma CM-nin 264-cü maddəsində öz əksini tapmışdır.

Bu maddəyə əsasən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması cinayyət məsuliyyətinə səbəb olur. CM-nin 263-cü maddəsinə görə isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır.    

CM-nin 264-cü maddəsi nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan və həmin Məcələnin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda yol-nəqliyyat hadisəsi yerindən qaçan şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını ehtiva edir. Bu maddənin CM-nə daxil edilməsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarına əməl olunması, bu qaydalar pozulduqda isə yol-nəqliyyat hadisəsi nəticələrinin tezliklə aradan qaldırılması, digər şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması və bu hüquqların təxirəsalınmadan bərpa edilməsi zərurətindən və «Yol hərəkəti haqqında» Qanunun müvafiq müddəalarından irəli gəlir.

Bu Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin habelə, yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir (2-ci maddə).

«Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin IV hissəsində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi ilə bağlı bir sıra vəzifələri müəyyən olunmuşdur. Bunun daxilində nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, «Təcili tibbi yardım» maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyət vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda yolun hərəkət hissəsini boşaltmaq, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermək, həmin orqanın əməkdaşlarının gəlməsini gözləmək və s. vəzifələr vardır.

Göründüyü kimi göstərilən müddəa əsasən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxslərə təcili tibbi yardım göstərmək, yol nəqliyyat hadisəsinin baş verməsi hallarını müəyyən etmək və pozulmuş yol hərəkət təhlükəsizliyini tezliklə bərpa etmək məqsədi güdür.

«Yol hərəkəti haqqında» Qanunun müddəaları yol-nəqliyyat hadisəsi iştirakçılarının hüquq və qanuni mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və yaxud ölümünə səbəb olduqda hadisə yerindən qaçmasına görə nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət məsuliyyətini müəyyən edərkən dövlət hər bir sürücüdən digər şəxsin hüquq və azadlıqlarına, ilk növbədə onun yaşamaq hüququna (Konstitusiyanın 27-ci maddəsi), təhlükəsiz yaşamaq hüququna (Konstitusiyanın 31-ci maddəsi) və zərərin ödənilməsini tələb etmək hüququna (Konstitusiyanın 68-ci maddəsi) hörmətlə yanaşması kimi öz konstitusiya vəzifələrini yerinə yetirməyi tələb edir.

Bunula bağlı nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin özünə qarşı ifadə verməmək hüququ cinayət-prosessual hüquq olduğuna görə yol-nəqliyyat hadisəsindən dərhal sonra yaranmır. Əvvəla ona görə ki, heç bir yol-nəqliyyat hadisəsi öz-özlüyündə hələ cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Hadisə yerinə müvafiq icra hakimiyyəti orqanının (polisin) əməkdaşlarının gəlməsindən dərhal sonra isə yol-nəqliyyat hədisəsinin iştirakçılarından heç birinin hələ cinayət-prosessual statusu olmur. Onlar məhz yol-nəqliyyat hadisəsinin iştirakçıları kimi hadisə barədə ilkin izahat verməlidirlər. Bu zaman həmin şəxslər, o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən izahat verilməsi özünə qarşı ifadə vermək kimi deyil, Qanunda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.

Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.

Yol-nəqliyyat hadisəsi iştirakçılarından hər hansı birinin CPM-nin 148-ci maddəsinə uyğun olaraq tutulması zəruri hesab edildikdə, həmin şəxsin şübhəli şəxs statusu (CPM-nin 90.1.2-ci maddəsi), digər hallarda isə sonradan şübhəli və ya təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid statusu yarana bilər. CPM-nin müddəalarına əsasən isə şübhəli və ya təqsirləndirilən şəxslər, eləcə də şahidlər özünə və yaxın qohumlarına qarşı ifadə verməkdən azaddırlar.

Belə ki, CPM-nin 90.9 və 91.7-ci maddələrinə görə şübhəli və ya təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adının bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli (təqsirləndirilən) şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. CPM-nin 95.6.4-cü maddəsinə əsasən isə şahid özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək hüququndan istifadə edə bilər.

Göründüyü kimi, CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin həmin Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda hadisə yerində qalması vəzifəsi, cinayət prosesinin hər hansı mərhələsində gələcək statusundan asılı olmayaraq nəqliyyat vasitəsini idarə edən şəxsə Konstitusiyanın 66-cı maddəsindəki özünə qarşı ifadə verməmək hüququndan istifadə etmək üçün maneçilik törətmir. Bu hal ibtidai araşdırmanı aparan orqanlar tərəfindən yuxarıda göstərilən cinayət-prosessual təminatlara səmərəli əməl etmək vəzifəsini yerinə yetirməklə birlikdə həyata keçirildikdə hər hansı şəxsin özünə qarşı ifadə verməmək hüququnun təmin olunması üçün kifayətdir.

Yol-nəqliyyat hadisəsi ilə bağlı sürücülərin hadisə yerində qalıb gözləmək vəzifəsini, özünə qarşı ifadə verməyə məcbur etmə ilə eyni mənanı ehtiva edən sinonim anlayışlar kimi göstərmək olmaz.

Sözsüz ki, yol-nəqliyyat hadisəsini törədən şəxs nəticə etibarıilə cinayət prosesinin hər hansı mərhələsində özünə qarşı istifadə edilə biləcək ifadə verməyə məcbur edilərsə, bu halı Konstitusiyanın 66-cı maddəsinin müddəalarının pozulması kimi qiymətləndirmək mümkündür.

Qeyd olunmalıdır ki, qanunverici sürücünün hadisə yerində gözləmə vəzifəsini müəyyən etməklə, yol-nəqliyyat hadisəsində onun təqsirinin olmasını müəyyən etmir.

CM-nin 264-cü maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət məsuliyyəti yol-nəqliyyat hadisəsi yerindən qaçması və CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda (yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda, onun ölümünə səbəb olduqda, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) yaranır.

CM-nin 263-cü maddəsindən fərqli olaraq CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Belə ki, təqsirkar baş verməsində təqsirli olduğu və məsuliyyət daşıdığı yol-nəqliyyat hadisəsi yerini qoyub qaçdığını şüurlu sürətdə dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir ki, bu da həmin cinayətlərin fərqli olduğunu bir daha təsdiq edir.

Cinayət prosesi üzrə aparılan ibtidai araşdırma nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır.

Bu hal mühüm əhəmiyyətə malikdir. Çünki CM-nin 264-cü maddəsi «Yol hərəkəti haqqında» Qanununa uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, «Təcili tibbi yardım» maşınını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümükün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə vadar edir.

Bu konteksdən görünür ki, qanunverici nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi zamanı iştirakçıları təhlükədə qoymağa görə də cinayət məsuliyyəti müəyyən edir. Yəni, CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayət norması CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş təhlükədə qoymağa dair ümumi normaya münasibətdə xüsusi norma kimi çıxış edir.

Bu hal eyni əmələ görə iki cəzaya məhkum edilməyə gətirib çıxarmamalıdır. Çünki Konstitusiyanın 64-cü maddəsinə müvafiq olaraq heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz.

CM-nin müddəalarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, zərərçəkmiş şəxsin ölümünə və ya iki və daha çox şəxsin ölümünə səbəb olması (CM-nin 263-cü maddəsi) və bu nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması (CM-nin 264-cü maddəsi) ayrı-ayrı cinayət tərkibi yaradan əməllərdir. Sözsüz ki, bu əməllərin hər birinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması Konstitusiyada təsbit olunmuş heç kəsin bir cinayətə görə təkrar məhkum edilməməsi hüququnun məhdudlaşdırılması demək deyil.

Konstitusiya Məhkəməsi onu da qeyd edir ki, «Yol hərəkəti haqqında» Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlar ilə uyğunluq təşkil edir.  

Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış «Yol hərəkəti haqqında» Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərilərinə müəyyən öhdəliklər götürmüşlər.

Bu Konvensiyanın 31-ci maddəsi yol hərəkət hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri yox etməmək vəzifəsi də qoyulur.

Yol-nəqliyyat hadisəsi yerindən qaçmağa görə cinayət məsuliyyəti nəinki Azərbaycan Respublikasında, o cümlədən də bir sıra digər ölkələrin qanunvericiliyində müəyyən edilmişdir. Bu ölkələrin sırasında Almaniya (Cinayət Məcəlləsinin 142-ci paraqrafı), Fransa (Cinayət Məcəlləsinin 434-10, 221-6 və 222-19-cu maddələri), Rusiya (Cinayət Məcəlləsinin 265-ci maddəsi) və s. ölkələr vardır. Onların qanunvericiliyinin əsas məqsədi yol-nəqliyyat hədisəsini törədən şəxsi hadisə nəticələrinin aradan qaldırılması üçün səlahiyyətli orqanlarla əməkdaşlığa vadar etmək və hadisəsindən zərərçəkmiş şəxslərin yaşamaq hüquqlarının təmin edilməsi üçün onlara tibbi yardımın vaxtından göstərilməsinə nail olmaqdır.

Yol-nəqliyyat hadisəsi yerindən qaçmağa görə cinayət qanunlarında məsuliyyət nəzərdə tutan normalar müxtəlif vaxtlarda Almaniya (1963-cü ildə) və Rusiyada (2001-ci ildə) konstitusiyaya uyğunluğun yoxlanılmasına səbəb olmuşdur. Hər iki halda bu ölkələrin Konstitusiya Məhkəmələri müvafiq cinayət-hüquqi normaları öz Konstitusiyalarına, o cümlədən Konstitusiyanın insan hüquq və azadlıqlarına dair müddəalarına uyğun hesab etmişlər.

Bütün yuxarıdakıları nəzərə alaraq Konstitusiya Məhkəməsi hesab edir ki, CM-nin 264-cü maddəsi Konstitusiyanın 66-cı maddəsinə ziddiyyət təşkil etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

QƏRARA ALDI:

1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğun hesab edilsin.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  

Sədrlik edən                                                        F.Abdullayev