AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21 və 23-cü maddələrinin şərh edilməsinə dair
31 may 2002-ci il Bakı şəhəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev (məruzəçi-hakim), B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini İ.Rəfibəylinin,
ekspert Bakı Dövlət Universitetinin hüquq fakultəsinin mülki hüquq kafedrasının müəllimi A.Talıbovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 03 aprel tarixli 8/2002 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələri B.Əsədov və İ.Rəfibəylinin çıxışlarını, ekspert A.Talıbovun rəyini dinləyib, iş materiallarını nəzərdən keçirərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda məhkəmə təcrübəsində mənəvi ziyanın tətbiqi ilə bağlı çətinliklərin olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş ""zərər"" anlayışının şərh olunmasını xahiş edir.
Sorğu ilə bağlı konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23-cü maddələrinin, Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı və ""İstehlakçıların hüquqlarının müdafiəsi haqqında"" Qanunun 12-ci maddəsinin rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.
Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.
Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.
Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur.
Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir.
Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
Qeyd edilməlidir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur.
Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, ""İstehlakçıların hüquqlarının müdafiəsi haqqında"" Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır. ""İstehlakçıların hüquqlarının müdafiəsi haqqında"" Qanunun 12-ci maddəsində istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.
Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi ""Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında"" Bəyannamənin 1-ci maddəsində göstərilir ki, ""qurbanlar"" termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir.
Göründüyü kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur.
Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur.
İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Konvensiyanın 17-ci maddəsində həmçinin hər hansı bir dövlətin, qurumun və ya şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırmaq hüquqlardan sui–istifadənin qadağan olunması kimi qiymətləndirilir.
Avropa Konvensiyasının 10-cu maddəsinin müddəası Avropa Məhkəməsinin 1998-ci il 8 iyul tarixli Linqensin Avstriya dövlətinə qarşı iddiasına dair iş üzrə qəbul olunmuş qərarının əsasını təşkil etmişdir. Qərarda fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin aparıcı dayaqlarından biri olmaqla onun tərəqqisi və cəmiyyətin hər bir üzvünün özünü ifadə etməsi şərtləri kimi qəbul olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.
Xüsusilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulamazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1və 6-cı bəndlərinə görə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatına, məhkəmə icraatı və məhkəmə qərarlarının icrasına dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, ""Konstitusiya Məhkəməsi haqqında"" Azərbaycan Respublikası Qanununun 66, 75, 76, 78, 80, 81, 83, və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Q Ə R A R A A L D I:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin.
3. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar ""Azərbaycan"" qəzetində və ""Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı""nda dərc olunsun.
6. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
Sədrlik edən Xanlar Hacıyev