Постановления

01.03.01 AR Nazirlər Kabinetinin 24.09.96 tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaları-nın 22-ci bəndinin AR ƏM-nin 239-cu mad.3 hissəsinə uyğunluğu barədə

AZƏRBAYCAN  RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və  yaxud bu  səbəblərdən  həlak olmuş işçilərin ailələrinə  müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları»nın 22-ci bəndinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin  üçüncü hissəsinə uyğunluğu barədə

1 mart 2001-ci il                                                                                                               Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Sal­ma­nova və Ə.Sultanovdan ibarət tərkibdə,

İ. İsmayılovun katibliyi,

sorğu verən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə. Mirzəliyevin,

cavab verən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçisi Z.Meybəliyevanın,

mütəxəssislər: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsinin müdiri Ə.Əfəndiyev, Elektrostansiyalar və Elektrotexnika Sənayesi Fəhlələrin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini R.İldarov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət əmək müfəttişliyinin informasiya və statistika şöbəsinin müdiri M.Əhmədovun  iştirakı ilə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli  qərarı ilə təsdiq edilmiş «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları»nın 22-ci bəndinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin üçüncü hissəsinə uyğunluğu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2001-ci il 15 yanvar tarixli 5-1/2001 nömrəli sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Hakim R.Qvaladzenin məruzəsini, tərəflərin nümayəndələri Ə.Mirzəliyev və Z.Meybəliyevanın çıxışlarını, mütəxəssislər Ə.Əfəndiyev, R.İldarov və M.Əhmə­do- vun arayışlarını dinləyib, işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası­nın Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N   E T D İ:

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş adı çəkilən Qaydaların məhkəmə təcrübəsində tətbiqi zamanı yaranan çətinlikləri nəzərə alaraq həmin Qaydaların 22-ci bəndinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğunluğunun yoxlanılmasını xahiş edir.

Sorğu ilə bağlı konstitusiya işində Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 239-cu maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı və «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları»nın (bundan sonra Qaydalar) 22-ci bəndinin rəsmi mətnləri vardır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin birinci hissəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona pensiya, müavinətlər verilməsi ilə əlaqədar  sosial sığorta  orqanları tərəfindən çəkilən xərclərin  əvəzini  bütövlükdə ödəməlidir.

Həmin maddənin üçüncü hissəsində göstərilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş  işçinin ailə  üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 22-ci bəndi ilə müəyyən edilmişdir ki, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı, respublikada dövlət tərəfindən və yaxud təsərrüfat hesablı, həmçinin mülkiyyət formasından asılı olmayaraq başqa təqsirkar müəssisələr tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı təshih olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun  sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

«İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 25-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxs onun özünün və ailəsinin səhhət və rifahını təmin etmək üçün lazım olan qida, geyim, tibbi xidmət və lazımi sosial təminat da daxil olmaqla, həyat səviyyəsi hüququna və işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq və özündən asılı olmayan səbəblər üzündən yaşayış vasitələrinin itirilməsi zamanı təminat hüququna malikdir.

Beynəlxalq Əmək Təşkilatının «İstehsalatda bədbəxt hadisələr zamanı əvəzin ödənilməsi haqqında» Konvensiyasının 5-ci maddəsində qeyd olunur ki, əmək qabiliyyətinin daimi  itirilməsinə və ya ölümə səbəb olmuş bədbəxt hadisələr zamanı  əvəzin ödənilməsi zərərçəkən şəxslərə və ya onların yaxınlarına dövri ödənc formasında tam və ya qismən ödənilə bilmək şərtilə, onun ağlabatan istifadəsi üçün səlahiyyətli orqanlara təminat təqdim olunarsa, birdəfəlik müavinət formasında ödənilir.

Beləliklə, Qaydaların 22-ci bəndinin istehsalatda əmək xəsarəti ilə əlaqədar olaraq ödənilən zərərə görə aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqının qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı təshih olunması müddəası Azərbaycan Respublikası Konstitusiyasına, digər qanunvericilik aktlarına, habelə beynəlxalq hüquq normalarına uyğun olmaqla, vətəndaşların sosial təminatının möhkəmləndirilməsinə  yönəlmişdir.  

Sorğudan həmçinin görünür ki, ayrı-ayrı müəssisələrdə istehsalat fəaliyyətinin müvəqqəti dayanması və ya istehsal səviyyəsinin aşağı düşməsi nəticəsində əmək haqqının və maaşın azalması zamanı əvvəllər təyin olunmuş ödənclərin azaldılmasının mümkünlüyü həll edilməmişdir. Müəssisələrdə ödənclər istehsal fəaliyyəti nəticəsində formalaşmış vəsaitdən ayrıldığı üçün yuxarıda göstərilən səbəblərdən həmin müəssisələr əvvəldən müəyyən edilmiş ödəncləri ödəmək iqtidarında olmur və onun miqdarını azaldırlar. Bundan narazı qalan şəxslər məhkəmə qaydasında əvvəllər təyin olunmuş məbləğdə ödənc verilməsini tələb edirlər. Lakin bu məsələ Qaydalarda öz əksini tapmadığından işlərin mahiyyəti üzrə baxılmasında çətinliklər yaranmışdır.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki,  istehsalat qəzası və yaxud peşə xəstəliyi  nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin LX fəslində və 62-ci maddəsində öz əksini tapmışdır.

Qanunvericilikdə zərərçəkənə və ya ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə ödənilməli zərərin həcminin və miqdarının yalnız artıra bilinməsi nəzərdə tutulmuşdur (Əmək Məcəlləsinin 239-cu maddəsi, Mülki Məcəllənin 118.3, 1122.4, 1124-cü maddələri). İstehsalat fəaliyyətinin müvəqqəti dayanması və ya  istehsal səviyyəsinin aşağı düşməsi nəticəsində əmək haqqının azalması zamanı əvvəllər təyin olunmuş ödənclərin azaldılmasının mümkünlüyü Azərbaycan Respublikasının Konstitusiyasında və qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Buna görə də məhkəmələr istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərə verilən ödənclərlə bağlı mübahisələrə baxarkən qanunvericiliyin  tələblərini əsas götürməlidirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 82, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A     A L D I :

    1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları»nın 22-ci bəndi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin üçüncü hissəsinə uyğun hesab edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                                    Xanlar Hacıyev