Постановления

29.11.00 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair

29 noyabr 2000-ci il                                                                                             Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sul­ta­nov­dan (məruzəçi-hakim) ibarət tərkibdə,

İ.İsmayılovun katibliyi,

sorğuverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Ali Məh­kə­məsinin hakimi B.Əsədovun,

cavabverən orqanın qanunu nümayəndəsi, Azərbaycan Respublikası Milli Məc­lisi Aparatının ümumi şöbəsi müdirinin müavini İ.Əbdüləzimovun,

ekspertlər, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hüquq şöbəsinin müdiri Ə.Əfəndiyevin, Bakı Dövlət Universiteti hüquq fakultəsinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının baş müəllimi, hüquq elmləri namizədi M.Əli­yevin və həmin kafedranın müəllimi Z.Dadaşovun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquq şöbəsinin müdiri V.Quliyevin və əmək siyasəti idarəsinin rəisi T.Məmmədovanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinin və 132-ci maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2000-ci il tarixli, 5-1/2000 saylı sorğusu ilə bağlı Konstitusiya işinə baxdı.

İş üzrə hakim Ə.Sultanovun məruzəsini, tərəflərin qanuni nümayəndələri B.Əsə­dov və İ.Əbdüləzimovun çıxışlarını, ekspertlər Ə.Əfəndiyev, V.Quliyev, T.Məm­mə­dova, M.Əliyev və Z.Dadaşovun rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N  E T D İ:

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda əlavə məzuniyyət müd­dətinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı mad­dəsinin ikinci hissəsinin şərh olunmasını xahiş edir.

İşin materiallarına Azərbaycan Respublikasının Milli Məclisi Aparatında düz­günlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin mətni əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, hər bir kəsin istirahət və ödənişli məzuniyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsində təsbit olunmuşdur.

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi ilə iş­lə­yənlərə qanunla müəyyən edilmiş qaydada işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün əmək məzuniyyəti verilir. İşçilərə əsas məzuniyyətlə yanaşı əməyin xarakterindən və əmək sta­cın­dan asılı olaraq əlavə məzuniyyət müddətinin verilməsi də nəzərdə tutulmuşdur. Belə məzuniyyətin verilməsi bir tərəfdən əmək funksiyalarının həyata keçirilməsi ilə əlaqədar işçilərin səhhətinin bərpasına, digər tərəfdən onların uzun müddət səmərəli iş­ləmələrinə görə mükafatlandırılmalarına yönəlir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin birinci his­sə­sinə əsasən işçiyə əmək stacı beş ildən on ilədək olduqda – 2, on ildən on beş ilədək ol­duqda – 4 və on beş ildən çox olduqda – 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Lakin həmin maddənin ikinci hissəsində əmək stacına görə əlavə məzuniyyət müddətinin verilməsi işçinin bir müəssisədə işə götürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə aid edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına görə eyni kate­qo­riyalı işçilər üçün əmək müqaviləsinin bağlanmasının əsasları və qaydası, iş vaxtının tənzimlənməsi qaydaları, istirahət vaxtı və s. eynidir.Buna baxmayaraq Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində heç bir hüquqi əsas göstərilmədən məhz bir müəssisədə işləyib beş il və daha çox əmək stacı əldə edən işçilərə əlavə məzuniyyətin verilməsi nəzərdə tutulmuşdur. Eyni əsaslarla işə qəbul olunmuş, eyni iş vaxtını işləmiş və eyni şəraitdə fəaliyyət göstərmiş, lakin əmək qanunvericiliyində nəzərdə tutulan əmək stacını bir müəssisədə deyil, bir neçə müəssisədə əldə edən işçi isə həmin əlavə məzuniyyətdən məhrum olunur.

Əsası olmayan belə qeyri-bərabərlik Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş bərabərlik hüququna uyğun deyildir.

Digər tərəfdən, işçilərin bir müəssədə fəaliyyətini uzun müddət fasiləsiz davam etdirməsi bəzi hallarda onların istək və arzularından asılı olmur.

Əmək qanunvericiliyinə əsasən müəssisə ləğv olunduqda, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işçi əmək müqaviləsində nəzərdə tutulan funksiyalarını öz səhhəti ilə bağlı olaraq yerinə yetirə bilməməsi nəticəsində işdən azad olunduqda, əmək müqaviləsinə, onun iradəsindən asılı olmayaraq xitam verilir və belə vəziyyət işçini başqa müəssisələrdə əmək fəaliyyətini davam etdirməyə məcbur edir. Bu halda Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsi baxımından yuxarıda göstərilən işçilər bir müəssisədə işləyib əmək stacını əldə edən işçilərlə qeyri-bərabər vəziyyətə düşmüş olur. Göstərilən qeyri-bərabərlik isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsində təsbit edilmiş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması prinsipinə zidd olduğunu göstərir.

Yuxarıdakılara əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stacına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun hesab edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respub­li­kasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A  A L D I:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stacına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məlumatı»nda dərc olunsun .

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, də­yiş­di­rilə və rəsmi təfsir edilə bilməz.

 Sədrlik edən                                                                                         Xanlar Hacıye