AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
2018-ci il aprelin 11-də
keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin
təsdiq və rəsmən elan edilməsinə dair
17 aprel 2018-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova,
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibləri Fəraid Əliyev və Elməddin
Hüseynovun,
maraqlı subyektin nümayəndələri Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini
Natiq Məmmədov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, üzvləri Fuad
Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami
Nadirov, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhramanlı,
Etibar Quliyev və İlkin Şahbazovun,
ekspertlər Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova, Sona Dəmirçiyeva və Gülnar
Əhmədovanın, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ
kafedrasının baş müəllimi Elşad Nəsirov və həmin kafedranın dosent əvəzi, hüquq
üzrə fəlsəfə doktoru Aytəkin İbrahimovanın, Beynəlxalq xüsusi hüquq və Avropa
hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Turqay Hüseynovun
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə 2018-ci
il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə
dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.
Hakimlər S.Salmanova və R.Qvaladzenin məruzələrini,
maraqlı subyektin nümayəndəsi M.Pənahovun
çıxışını, ekspertlər E.Nəsirov və U.Həmidovanın rəylərini dinləyib, iş
materiallarını öyrənərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN
ETDİ:
Azərbaycan Respublikası Konstitusiyasının
101-ci maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
müvafiq maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5
fevral tarixli Sərəncamına uyğun olaraq 2018-ci il aprelin 11-də Azərbaycan
Respublikası Prezidenti seçkiləri keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2 və 203.3-cü maddələrinə
müvafiq olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının
protokollarında olan bütün məlumatları ümumiləşdirib, Azərbaycan Respublikası
Prezidenti seçkiləri üzrə səsvermənin nəticələrinə dair 2018-ci il 15 aprel
tarixli protokol tərtib etmişdir. Həmin protokol Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli 16/90 nömrəli qərarı
ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının
102-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddələrinin tələblərinə
müvafiq olaraq, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə
dair protokolu, həmin protokolun təsdiq edilməsinə dair qərarı və onlara əlavə
edilmiş sənədləri Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin
təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
təqdim etmişdir.
Seçkilərin yekunlarına dair Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərdən
görünür ki, seçki qutularında müəyyən edilmiş 3 958 852 (üç milyon
doqquz yüz əlli səkkiz min səkkiz yüz əlli iki) seçki bülletenindən 12 413
(on iki min dörd yüz on üç) səs etibarsız hesab edilmişdir.
Etibarlı hesab edilmiş 3 946 439
(üç milyon doqquz yüz qırx altı min dörd yüz otuz doqquz) səs Prezidentliyə
namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:
Əliyev İlham Heydər oğlu – lehinə
3 394 898 (üç milyon üç yüz doxsan dörd min səkkiz yüz doxsan səkkiz)
səs və ya 86,02 faiz;
Əlizadə Araz Məmməd Mübariz oğlu – lehinə 54 533
(əlli dörd min beş yüz otuz üç) səs və ya 1,38 faiz;
Hacıyev Hafiz Ələmdar oğlu – lehinə 59 924
(əlli doqquz min doqquz yüz iyirmi dörd) səs və ya 1,52 faiz;
Həsənquliyev Qüdrət Müzəffər oğlu – lehinə
119 311 (bir yüz on doqquz min üç yüz on bir) səs və ya 3,02 faiz;
Quliyev Fərəc İbrahim oğlu – lehinə
45 967 (qırx beş min doqquz yüz altmış yeddi) səs və ya 1,17 faiz;
Məmmədov Sərdar Calal oğlu – lehinə 119 621
(bir yüz on doqquz min altı yüz iyirmi bir) səs və ya 3,03 faiz;
Nurullayev Razi Qulaməli oğlu – lehinə 29 229
(iyirmi doqquz min iki yüz iyirmi doqquz) səs və ya 0,74 faiz;
Oruc Zahid Məhərrəm oğlu – lehinə 122 956
(bir yüz iyirmi iki min doqquz yüz əlli altı) səs və ya 3,12 faiz.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
100.12-ci maddəsinə əsasən, protokollar seçki komissiyasının həlledici səs
hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin
28.2-ci maddəsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə
yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 18-i
iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
təqdim olunmuş səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının protokolu Mərkəzi Seçki Komissiyasının 18 üzvündən 17-si tərəfindən
imzalanmışdır.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin
yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən
təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə
uyğunluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu müvafiq ekspertləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 56-cı maddəsində nəzərdə tutulmuş qaydada Azərbaycan
Respublikasının apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının
Ali Məhkəməsindən, Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan
Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi ilə bağlı baxılmış ərizələr
haqqında məlumatları tələb etmişdir.
Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki
Apellyasiya Məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Azərbaycan
Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikası Prokurorluğunun məktublarından
göründüyü kimi, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası
Prezidenti seçkiləri ilə bağlı seçki hüquqlarının müdafiəsinə dair həmin
orqanlara ərizə və şikayətlər verilməmişdir.
Ekspertlər U.Həmidova, S.Dəmirçiyeva,
G.Əhmədova, E.Nəsirov, A.İbrahimova və T.Hüseynovun
rəylərindən müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin
nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
2018-ci il 15 aprel tarixli protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin
100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğundur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq, 2018-ci il aprelin 11-də
keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli
protokolunu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12,
108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğun hesab edir. Bununla əlaqədar
olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə
gəlir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq
və rəsmən elan edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının
101-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti səsvermədə
iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Azərbaycan
Respublikası Konstitusiyasının həmin maddəsinə əsaslanan Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsində göstərilmişdir ki, prezidentliyə
namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o,
Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Yuxarıda göstərildiyi kimi, etibarlı hesab
edilmiş seçici səslərindən 3 394 898 (üç
milyon üç yüz doxsan dörd min səkkiz yüz doxsan səkkiz) səs və ya 86,02 faiz Əliyev İlham Heydər oğlunun lehinə
verilmişdir.
Beləliklə, Azərbaycan
Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin
və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblərinə uyğun
olaraq Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər
oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının
102-ci maddəsini, 130-cu maddəsinin VIII və IX hissələrini, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. 2018-ci il aprelin 11-də
keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli
protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının
Prezidenti seçilmiş elan edilsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev