Постановления

07.09.17 V.Quliyevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

V.Quliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

7 sentyabr 2017-ci il                                                                            Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Vilayət Quliyevin nümayəndələri Azər Əzizov və Habil İsgəndərovun,

ekspert Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Turqay Hüseynovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında V.Quliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

MÜƏYYƏN  ETDİ:                 

Vilayət Quliyev Həmzə Həmzəyevə, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (bundan sonra – DƏİEDK) və üçüncü şəxslər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra – DTXK) Sumqayıt şəhər şöbəsinə və Sumqayıt şəhər Əsaslı İnşaat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər “Sarıqaya” massivində yerləşən 1 ha torpaq sahəsinə və onun üzərində olan yarımçıq tikiliyə dair alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş etmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək DƏİEDK ilə H.Həmzəyev arasında Sumqayıt-Novxanı yolunun dənizkənarı zolağında yerləşən “İstirahət zonasının yarımçıq tikilisinə” dair bağlanmış 29 avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş 25 sentyabr 2007-ci il tarixli şəhadətnamə, yarımçıq tikilinin yerləşdiyi 10.000 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsi və onun əsasında verilmiş 20 noyabr 2007-ci il tarixli şəhadətnamə etibarsız hesab olunmuşdur.

Bundan sonra apellyasiya instansiyası məhkəməsi üç dəfə işə baxaraq V.Quliyevin iddiasını qanuni və əsaslı hesab etmiş, kassasiya instansiyası məhkəməsi isə iki halda apellyasiya instansiyası məhkəməsinin qərarlarını ləğv edərək işi yeni apellyasiya baxışına qaytarmışdır. Sonda isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası)  7 mart 2017-ci il tarixli qərarı ilə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra – ƏMDK) və H.Həmzəyevin kassasiya şikayətləri təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü dəfə ləğv edilmiş, yeni qərar qəbul edilərək V.Quliyevin iddia tələbi təmin edilməmişdir.

Ərizəçi V.Quliyev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 82.3-cü maddəsinin tələbinə əməl olunmamış və həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə ərizəçinin  Konstitusiyanın 29-cu maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət hüququ və 60-cı maddəsinin I hissəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində  təsbit olunmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar).

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 18 iyul 1991-ci il tarixli qərarı ilə Sumqayıt alüminium zavoduna sağlamlıq və istirahət zonası tikmək üçün Sumqayıt-Novxanı yolu boyunca bağlar sahəsindən dənizə sarı dənizkənarı zolaqda 1 ha torpaq sahəsi ayrılmışdır. Sonradan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 7 iyun 1999-cu il tarixli 383 saylı sərəncamı ilə “Sumqayıtəlvanmetal” İstehsalat Birliyinin 1 oktyabr 1998-ci il tarixli razılıq məktubunu nəzərə alaraq 1 ha torpaq sahəsi geri alınmış və həmin məqsədlə tikinti aparmaq üçün “Qönçə-83” firmasına verilmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsi tərəfindən ayrılmış torpaq sahəsində sağlamlıq və istirahət zonası tikilməsi üçün 26 saylı inşaat pasportu tərtib edilmişdir. Bundan sonra torpaq sahəsinə dair daimi istifadə hüququ 15 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Qönçə-83” firması tərəfindən “Elit-Ko” Məhdud Məsuliyyətli Cəmiyyətinə, 30 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən isə sonuncu tərəfindən V.Quliyevə satılmış və 19 yanvar 2005-ci il tarixində onun adına torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir.

İş üzrə həmçinin müəyyən edilmişdir ki, 29 avqust 2007-ci il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən DƏİEDK tərəfindən Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunun dənizkənarı zolağında yerləşən istirahət zonasının yarımçıq tikilisi 6.526 manata H.Həmzəyevə satılmış, 25 sentyabr 2007-ci il tarixində sonuncunun adına yarımçıq tikiliyə dair şəhadətnamə verilmişdir. Bundan sonra 25 oktyabr 2007-ci il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən DƏİEDK tərəfindən yarımçıq tikilinin yerləşdiyi 10.000 kv.m torpaq sahəsi 14.400 manata H.Həmzəyevə satılmış, 20 noyabr 2007-ci il tarixində sonuncunun adına torpaq sahəsinə dair şəhadətnamə verilmişdir.

Birinci instansiya məhkəməsi iddianı təmin edərkən 13 mart 2009-cu il tarixli qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 30 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən V.Quliyevin daimi istifadəsinə verilmiş və bu barədə sonuncunun adına torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, həmin torpaq sahəsinin digər fiziki şəxs H.Həmzəyevə satılması ilə əlaqədar DƏİEDK-nın hərəkətləri qanuna uyğun olmamış və bu zaman torpağın yüklü olub-olmaması barədə DTXK-nın rəyi alınmamış və məhkəməyə həmin torpaq sahəsində yerləşən hər hansı bir yarımçıq tikilinin mövcud olmasına dair mötəbər sübutlar, yəni layihə-smeta, inşaat pasportu təqdim edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsi 26 avqust 2011-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyası isə 17 iyun 2014-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılması üçün qaytararkən göstərmişdir ki, mübahisələndirilən ərazidə başa çatdırılmamış tikilinin mövcud olub-olmamasını müəyyən etmək üçün həmin ərazi yerində müayinə edilməmiş, bununla bağlı mütəxəssis, yaxud ekspert rəyi alınmamış, həqiqətən də başa çatdırılmamış tikili varsa, bunun nə vaxt və kim tərəfindən inşa olunması, həmin inşaat işlərinin aparılması üçün dövlət vəsaitinin xərclənib-xərclənməməsi aydınlaşdırılmamışdır.

Yenidən işə baxan apellyasiya instansiyası məhkəməsi 9 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən və ƏMDK-nın apellyasiya şikayətini təmin etmədən saxlayarkən, mübahisəli yarımçıq tikilinin qanunvericiliyin tələblərinə uyğun olaraq başa çatdırılmamış tikililərin özəlləşdirilməsi məcburi sayılan obyektlərin siyahısına daxil edilməməsini, həmin tikilinin auksion və müsabiqə vasitəsilə özəlləşdirilməməsini, mübahisəli torpaq sahəsi üzərində V.Quliyevin hüququ dövlət qeydiyyatına alındığı halda, həmin torpaq sahəsinin DƏİEDK tərəfindən qanunsuz olaraq H.Həmzəyevə satılmasını, torpaq sahəsinə baxış keçirilərkən onun üzərində hər hansı yarımçıq tikilinin aşkar edilməməsinə və işin bu halının yerində çəkilmiş fotoşəkillərlə öz təsdiqini tapmasına görə mütəxəssis, ekspert rəyinin alınmasına ehtiyac olmamasını göstərmişdir.

Kassasiya instansiyası məhkəməsi 19 iyun 2015-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi apellyasiya qaydasında yenidən baxılması üçün qaytararkən göstərmişdir ki, bu məhkəmə kassasiya instansiyası məhkəməsinin 17 iyun 2014-cü il tarixli qərarındakı göstərişləri yerinə yetirməmiş, mübahisəli ərazidə yarımçıq tikilinin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin etməmişdir.

Kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan göstərişlərinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli ərazidə hər hansı başa çatdırılmamış yarımçıq tikilinin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2016-cı il tarixli rəyinə əsasən V.Quliyevin adına olan Sumqayıt-Novxanı yolunun dənizkənarı zolağında yerləşən ərazidə faktiki olaraq hər hansı bir tikilinin mövcud olması müəyyən edilməmişdir.

Bunu və işin digər hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi 17 oktyabr 2016-cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

Kassasiya instansiyası məhkəməsi 7 mart 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsini yenidən ləğv edib və iddianı rədd edərkən öz mövqeyini mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən tikilinin DƏİEDK tərəfindən H.Həmzəyevə satılması və bu barədə ona 20 noyabr 2007-ci il tarixli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamə və 25 sentyabr 2007-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə verilməsi ilə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh ƏMDK-nın nümayəndəsinin izahatları ilə, eləcə də təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, mübahisəli ərazidə müəyyən tikinti işləri 1991-ci ildə aparılmağa başlanılmış və 1992-ci ildə dondurulmuş, ötən zaman ərzində yarımçıq qalmış tikili dəniz sahilinə yaxın ərazidə olduğundan təbii aşınmaya məruz qalmış və ekspertiza rəyi ilə müəyyən edilməsi mümkün olmayan həmin illərdə inşa edilmiş yarımçıq tikililər müxtəlif səbəblərdən itib getmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Mülki Prosessual Məcəllədə öz əksini tapmışdır.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).

Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə görə, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il, 21 may 2004-cü il, 3 avqust 2004-cü il, 28 oktyabr 2004-cü il, 21 iyun 2010-cu il, 28 fevral 2012-ci il, 18 fevral 2014-cü il, 15 sentyabr 2014-cü il və s. tarixli qərarlarında da öz əksini tapmışdır.

Kassasiya instansiyası məhkəməsi məhkəmə-tikinti-texniki ekspertizasının rəyinə, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və qiymətləndirilən digər sübutlara heç bir əhəmiyyət verməyərək, yuxarıda göstərildiyi kimi yalnız ƏMDK-nın nümayəndəsinin izahatına və adı çəkilməyən “təqdim olunmuş sənədlərə” əsaslanaraq hesab etmişdir ki, mübahisəli ərazidə müəyyən tikinti işləri 1991-ci ildə aparılmağa başlanılmış, həmin tikinti işləri 1992-ci ildə dondurulmuş, ötən zaman ərzində yarımçıq qalmış tikili dəniz sahilinə yaxın ərazidə olduğundan təbii aşınmaya məruz qalmış, ... müxtəlif səbəblərdən itib getmişdir.

Bununla da kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək  bu məhkəmə tərəfindən müəyyən edilmiş halları yenidən qiymətləndirmiş, mahiyyətcə tamamilə başqa nəticələrə gəlmiş və son nəticədə V.Quliyevin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur.

Bundan başqa işə bir neçə dəfə baxmış apellyasiya instansiyası məhkəməsi qətnamələrində Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə istinad edərək, əvvəllər məhkəmələrdə baxılmış iş üzrə qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşımasını göstərmişdir.

Belə ki, Sumqayıt Şəhər Мəhkəməsinin qeyd olunan qətnaməsi ilə iddiaçı H.Həmzəyevin cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə, V.Quliyevə,  DTXK-ya və üçüncü şəxslərə qarşı mübahisəli torpaq sahəsində istirahət zonasının tikintisi üçün sərəncamın, torpaqdan istifadə hüququna dair Dövlət Aktının və torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2011-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyun 2011-ci il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Beləliklə,  V.Quliyevin mübahisəli torpaq sahəsinə hüquqları yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də müəyyən edilmişdir.

Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqeyi, eyni zamanda Ali Məhkəmənin Mülki Kollegiyasının qüvvəyə minmiş 14 iyun 2011-ci il tarixli qərarını aşkar şəkildə nəzərə almayaraq, Konstitusiyanın və Mülki Prosessual Məcəllənin normalarının tələbləri ilə uzlaşmayan yeni qərar qəbul etmişdir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçı V.Quliyevin cavabdeh H.Həmzəyevə və ƏMDK-ya qarşı alqı-satqı müqavilələrinin və bunun əsasında verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə,  Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu   

QƏRARA  ALDI:  

1. V.Quliyevin cavabdeh H.Həmzəyevə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı alqı-satqı müqavilələrinin və bunun əsasında verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

Sədr                                                                          Fərhad Abdullayev