Постановления

08.06.17 M.İbrahimovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

8 iyun 2017-ci il                                                                                    Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Mirvari İbrahimova və onun nümayəndəsi Xəqani Musayevin,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Azad Talıbovun,

mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq  konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında M.İbrahimovanın şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin nümayəndəsinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Mirvari İbrahimova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə M.İbrahimova və Şəmsəddin İbrahimovun “Ələsgəroğlu-K” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “Ələsgəroğlu-K” MMC ) və “AENT-E” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “AENT-E” MMC) qarşı müqavilənin icra edilməsi və pulun ödənilməsi barədə iddiaları təmin edilmiş, 19000 manat məbləğində pulun “AENT-E” MMC-dən alınaraq Ş.İbrahimova ödənilməsi, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan ticarət sahəsinin Ş.İbrahimova, həmin yaşayış binasının 2-ci blok 1-ci mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı 90 nömrəli mənzilin M.İbrahimovaya təhvil verilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  2  aprel   2015-ci    il   tarixli   qətnaməsi  ilə cavabdeh “AENT-E” MMC-nin  direktoru Ə.Cəfərovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “AENT-E” MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

Bundan sonra, Qönçə Soltanova iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu, lakin işdə iştirak etməyə cəlb edilmədiyini əsas gətirərək apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunmasını Bakı şəhəri Xətai Rayon Məhkəməsindən xahiş etmişdir. Həmin Məhkəmənin 28 sentyabr 2015-ci il tarixli qərardadı ilə Q.Soltanova tərəfindən Məhkəmənin 24 oktyabr 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddət buraxılmamış hesab edilərək apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə maraqlı şəxs Q.Soltanovanın apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı M.İbrahimovanın tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmişdir. Qətnamə ilə M.İbrahimovanın iddia tələbi qismən təmin edilərək, onunla “AENT-E” MMC arasında bağlanmış 4 sentyabr 2012-ci il tarixli müqavilədə nəzərdə tutulan Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında yerləşən yaşayış evində ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı mənzilin M.İbrahimovaya təhvil verilməsi vəzifəsinin “AENT-E” MMC-yə həvalə edilməsi qət edilmişdir. Eyni zamanda, Məhkəmənin həmin qətnaməsi ilə iddiaçı M.İbrahimovanın “Ələsgəroğlu-K” MMC, “AENT-E” MMC və Q.Soltanovaya qarşı mübahisəli mənzilin alqı-satqısına dair bağlanmış 12 iyul 2008-ci il tarixli müqavilənin etibarsız hesab olunması, “AENT-E” MMC tərəfindən Q.Soltanovanın adına verilmiş “Çıxarış” adlı sənədin və maliyyə arayışının etibarsız hesab olunması və qeyd edilən ünvanda yerləşən 90 nömrəli 2 otaqlı  mənzildən çıxarılması barədə iddiası təmin edilməmişdir.

M.İbrahimovanın apellyasiya instansiyası məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Bundan başqa,  “Ələsgəroğlu-K” MMC-nin direktoru K.Kazım-zadə və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə  Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü ilə cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxslər Q.Soltanova və Ş.İbrahimovun mülki iddiaları baxılmamış saxlanılmış və onlara mülki mühakimə icraatı qaydasında ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir.

M.İbrahimova Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətdə Ali Məhkəmənin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarı ilə onun   Konstitusiyanın  29 və 60-cı maddələrində təsbit edilmiş hüquqlarının, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)  2.1, 9.1, 9.3, 14.2, 15.2, 82.4 və 357-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4 və 405.1-ci maddələrinin tələblərinin pozulduğunu göstərmişdir.

Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bir iş üzrə qəbul edilən bir-birini təkzib edən 2 aprel 2015-ci il və 18 yanvar 2016-cı il tarixli iki qətnamənin mövcud olması Konstitusiyadan irəli gələn hüquqi müəyyənlik prinsipinə ziddir.

Ərizəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsindən təqdimat verilməsi üçün Ali Məhkəmənin sədrinə müraciət edilməli olduğu halda, artıq bir dəfə apellyasiya baxışında olmuş birinci instansiya məhkəməsinin qətnaməsindən yenidən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsi isə Mülki Prosessual Məcəllənin 366-cı maddəsinin tələblərini pozaraq işə yenidən baxmışdır.

 Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ hər kəsin hüquqlarının əsas müdafiə forması olmaqla, tərəflərin mövcud hüquq və vəzifələrinin müəyyən edilməsini və qanunun düzgün tətbiqini tələb edir.  

Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində də hər kəsin qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.

Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir.

Məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur.

Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

Konstitusiya Məhkəməsinin Plenumu K.Maraevin şikayəti üzrə 29 iyul 2016-cı il tarixli Qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır.

İşə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Bu isə belə şəxsin pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Belə prosessual təminat Mülki Prosessual Məcəllənin 387.2.4 və 418.4.6-cı maddələrində müəyyən edilmişdir.

Lakin qeyd olunmalıdır ki, işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən  qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirilməməlidir.

İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malikdirlər. Qanunverici bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcud olmamasını təmin etmək məqsədi ilə qanuni qüvvəyə minmiş qətnamələrə yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması imkanını nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair”  12 aprel 2017-ci il tarixli Qərarında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması institutu bir tərəfdən məhkəmə qərarlarının icrasının məcburiliyini tanıyan, digər tərəfdən isə yeni açılmış hallar və ya əvvəlki məhkəmə baxışında işin düzgün həll edilməməsinə təsir göstərmiş əhəmiyyətli maddi və prosessual hüquq pozuntuları olduqda, onların aradan qaldırılması zəruriliyini qəbul edən beynəlxalq hüquq normalarına da uyğundur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü  əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 30 iyul 2009-cu il tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 8 yanvar 2009-cu il tarixli Qərarlar).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə belə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarı).

 Beləliklə, məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir.

M.İbrahimovanın şikayətindən və ona  əlavə olunmuş sənədlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsinin mövcud  olmasına baxmayaraq işə yenidən baxmış və həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edən yeni qətnamə çıxarmışdır. İşə baxan Bakı Apellyasiya Məhkəməsi bir-birini təkzib edən iki qətnamə ilə hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiklə müəyyən edilmiş səlahiyyət həddini aşmışdır. Halbuki məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Belə ki, mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər.

Mülki Prosessual Məcəllənin 402-ci maddəsində apellyasiya  məhkəmələrinin qətnamə və qərardadlarından kassasiya şikayəti verilməsi hüququ nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər kassasiya şikayəti ilə müraciət etmək hüququna malikdirlər.

İşdə iştirak etməyə cəlb olunmayan, apellyasiya instansiyası məhkəməsinin aktı ilə maraqlarına toxunan şəxslərin hüquqlarının müdafiəsi  Mülki Prosessual Məcəllədə təsbit edilmişdir. Həmin Məcəllənin 403.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər.

 Yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsi artıq işə apellyasiya məhkəməsi tərəfindən baxıldığını nəzərə almadan  28 sentyabr 2015-ci il tarixli qərardadı ilə Q.Soltanovanın həmin məhkəmənin 24 oktyabr 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunda nəzərdə tutulan prosessual müddəti buraxılmamış hesab edərək apellyasiya şikayətini baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.

Bakı Apellyasiya Məhkəməsi isə hüquqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini, yəni işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmamasını qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq  yoxlamamış, eləcə də Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinin tələblərini nəzərə almadan qanuni qüvvədə olan 2 aprel 2015-ci il tarixli qətnaməsinin mövcudluğuna baxmayaraq işə yenidən baxmış və əvvəlki qətnaməyə zidd olan qətnamə çıxarmışdır.

Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab verir.

Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 18 yanvar 2016-cı il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 21 iyun 2016-cı il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416,  418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında”  Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu         

QƏRARA  ALDI:

1. Mirvari İbrahimova və Şəmsəddin İbrahimovun “Ələsgəroğlu-K” və “AENT-E” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi və pul tələblərinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.  İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə  yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                   Fərhad Abdullayev