Постановления

07.06.17 S.Orucovun şikayəti üzrə AR Ali Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

S.Orucovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

7 iyun 2017-ci il                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Sultan Orucov və onun nümayəndəsi Azər Nağıyevin,

mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Problemli maliyyə subyektləri ilə iş sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Məhəmməd Həsənlinin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında “Sultan-O” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru S.Orucovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

“Sultan-O” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “Sultan-O” MMC)  direktoru S.Orucov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin(bundan sonra – Məhkəmə Tərkibi) 10 yanvar 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə olunmuş materiallardan görünür ki, S.Orucov təsisçisi olduğu “Sultan-O” MMC-ni inkişaf etdirmək məqsədi ilə “Bank Standard” Kommersiya Bankı Qapalı Səhmdar Cəmiyyətindən (bundan sonra – “Bank Standard”) 9 noyabr 2007-ci il və 21 iyun 2010-cu il tarixli kredit müqavilələrini girovla təmin etməklə kredit almışdır. “Sultan-O” MMC kredit borcunu vaxtında ödəyə bilmədiyindən “Bank Standard” Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (bundan sonra – Səbail Rayon Məhkəməsi) müraciət edərək borcun girovda olan əmlaka yönəldilməsi barədə iddia qaldırmışdır.

Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh “Sultan-O” MMC-dən 9 noyabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 1.959.404,92 manat və 21 iyun 2010-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış 699.736,55 manat borcun təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilmiş ümumi əmlakın ilkin satış qiyməti 2.136.495 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin iddiaçı “Bank Standard”ın xeyrinə  tutulması qət edilmişdir. 

Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi apellyasiya və kassasiya qaydasında müvafiq olaraq mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2015-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış, öz növbəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 18 dekabr 2015-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

Mülki məhkəmə icraatı ilə yanaşı, “Sultan-O” MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mülki məhkəmələrin əsaslandığı “Koneko Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “Koneko Group” MMC) 3 oktyabr 2014-cü il tarixli “Əmlak kompleksi kimi müəssisənin və fərdi yaşayış evinin bazar dəyərinin müəyyənləşdirilməsi Hesabat”larının (bundan sonra – “Hesabat”) etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır.

Həmin Məhkəmənin 4 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh “Koneko Group” MMC-nin 3 oktyabr 2014-cü il tarixli “Hesabat”ları etibarsız hesab edilmiş, Şabran rayonu, Qəndab kəndində yerləşən ümumi sahəsi 237.2 kv.m olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 223.550 manat, “Əmlak kompleksi kimi müəssisə”nin bazar dəyəri 2.792.082 manat  müəyyən edilmişdir.

İqtisadi məhkəmə icraatında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Standard”ın apellyasiya və kassasiya şikayəti müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2015-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 30 iyun 2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir.

 Eyni predmet üzrə mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iqtisadi məhkəmə icraatı üzrə qəbul edilmiş məhkəmə qərarı arasında əhəmiyyətli ziddiyyəti, habelə “Mərkəzləşdirilmiş kredit reyestri”ndən 9 iyun 2016-cı il tarixli çıxarışda qeyd edilən “Sultan-O” MMC-nin “Bank Standard”a olan borcu ilə (961.074 manat) mülki icraat qaydasında baxılan iş üzrə qəbul edilmiş qətnamədə qət edilən borc (1.959.404 manat) arasında yaranan böyük fərqi nəzərə alaraq, “Sultan-O” MMC yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət etmişdir.

Məhkəmə Tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadı ilə ərizənin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir.

“Sultan-O” MMC-nin direktoru S.Orucov Konstitusiya Məhkəməsinə ünvanlandığı şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə Tərkibi tərəfindən onun ərizəsinə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 437-ci maddəsinin tələblərinə riayət olunmamış və nəticədə onun Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin (Konstitusiya Məhkəməsi Plenumunun T.Nəbiyevin şikayəti üzrə 21 iyul 2016-cı il tarixli Qərarı).

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci Fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsində yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının dörd müstəqil əsası müəyyən edilmişdir:

- məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə (432.2.1);

- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı (432.2.2);

- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri (432.2.3);

- həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi (432.2.4).

Beləliklə, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən mübahisələndirilməsinin meyarı kimi həmin aktların yalnız qanuna və dəyişməz sübutlara əsaslanmasını göstərir.

Bu prinsipin əsası Konstitusiyanın 127-ci maddəsinin II hissəsindən qaynaqlanır və məhkəmə aktlarının obyektiv və qərəzsiz qəbul edilməsini nəzərdə tutur, habelə mülki proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur.

Məhz bu meyarları qoruyaraq Konstitusiya Məhkəməsinin Plenumu A.Yəhyazadənin şikayətinə dair 16 iyul 2013-cü il tarixli Qərarında göstərmişdir ki, hüquq və azadlıqların məhkəmə müdafiəsi çərçivəsində istənilən dövlət orqanlarının qərar və hərəkətindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmək mümkündür. Yanlış məhkəmə aktının təkrar baxılmasının mümkün olmaması ədalət mühakiməsi vasitəsilə hüquqların effektiv bərpa edilməsinin universal qaydasına uyğun gəlmir, həmin hüququ pozur və məhdudlaşdırır. Yanlış məhkəmə aktlarına təkrar baxılmasının institusional və prosedur şərtləri istənilən halda prosessual effektivlik, məhkəmə müdafiəsi vasitələrindən istifadə, ədalət mühakiməsinin şəffaf həyata keçirilməsi tələblərinə cavab verməli, məhkəmə araşdırmasının uzadılmasını istisna etməlidir. Bununla da məhkəmə qərarının ədalətliliyini və eyni zamanda məhkəmə qərarlarının qanuni qüvvəsinin və onların təkzib edilməzliyinin tanınmasının hüquqi müəyyənliyini təmin etməlidir. Əks halda ümumi (publik) və xüsusi hüquqi maraqların balansı mümkünsüz olar.

Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarından da aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından köklü surətdə fərqlənir. Belə ki, bu icraatda işə baxılmanın əsasını məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması deyil, qərar qəbul edilərkən işin nəticəsinə köklü surətdə təsir edəcək və iş üçün xüsusi əhəmiyyət kəsb edən halların mövcudluğudur.

Lakin Məhkəmə Tərkibi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almadan 10 yanvar 2017-ci il tarixli qərardadında qeyd etmişdir ki, ümumi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edildiyindən, sonradan inzibati-iqtisadi məhkəmənin həmin faktı yenidən araşdırıb, həmin dövr üçün fərqli qiymət müəyyən etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. 

Mülki Prosessual Məcəllənin 437.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi ərizəyə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:

- ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edilmədikdə ərizənin qaytarılması haqqında (ərizə vermiş şəxs onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə verə bilər) (437.2.1);

- bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda ərizənin rədd edilməsi haqqında (437.2.2);

- ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edildikdə və bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında (437.2.3).

Məhkəmə tərkibi yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması üçün ərizənin Ali Məhkəmənin Plenumuna göndərilməsi barədə qərardad qəbul etdikdən sonra ərizəyə Plenumun iclasında baxılır.

Bu iş üzrə Məhkəmə Tərkibi isə Mülki Prosessual Məcəllənin 437-ci maddəsinin tələblərindən kənara çıxaraq subyektin iqtisadi məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnu qanunsuz saymışdır. 

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd edir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılmasına qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədi daşıyır.

Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan sui-istifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. Hal-hazırkı mübahisə üzrə tərəflər iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etmişlər. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir.

Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 18 dekabr 2015-ci il tarixli qərarı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2016-cı il tarixli qərarında hər iki mübahisənin predmetini təşkil edən kredit müqavilələrini təmin edən girovun məbləğinə dair yaranmış fərqi qeyd edərək bildirir ki, belə hallara müvafiq məhkəmə icraatında mahiyyəti üzrə yenidən baxılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.

Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar əsasında təmin edilir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Sultan-O” MMC-nin ərizəsi üzrə Məhkəmə Tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

Q Ə R A R A   A L D I:

1. “Sultan-O” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 10 yanvar 2017-ci il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.  

Sədr                                                                                          Fərhad  Abdullayev