Постановления

30.05.17. M.Rzayevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

30 may 2017-ci il                                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Mətləb Rzayev və onun nümayəndələri Vüqar Rzayev və Nigar Mirbabayevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında M.Rzayevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

M.Rzayev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, “Safari-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Safari-N” MMC) M.Rzayevə qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal yaşayış massivində inşa edilən yaşayış binasının 7-ci girişinin 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 699 saylı mənzilə dair cavabdehlə aralarında bağlanmış 28 yanvar 2008-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan “Safari-N” MMC iddianın predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək həmin müqavilənin və maliyyə arayışının ləğv edilməsini xahiş etmişdir.

M.Rzayev öz növbəsində öhdəliyin icra olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmişdir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qərardadı ilə ilkin iddia tələbi üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin həmin tarixli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilmiş, qeyd olunan mənzilin M.Rzayevə təhvil verilməsi öhdəliyinin “Safari-N” MMC-nin üzərinə qoyulması qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “Safari-N” MMC və üçüncü şəxs “Vedi-E” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Vedi-E” MMC) tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək M.Rzayevin “Safari-N” MMC-yə qarşı öhdəliyin icra olunması tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 15 oktyabr 2015-ci il tarixli qərarı ilə M.Rzayevin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 fevral 2016-cı il tarixli qətnaməsi ilə “Safari-N” MMC və üçüncü şəxs “Vedi-E” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək M.Rzayevin qarşılıqlı iddiası təmin edilməmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı ilə M.Rzayevin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

M.Rzayev Konstitusiya Məhkəməsinə şikayət verərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı ilə onun  Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının pozulduğunu göstərmişdir.

M.Rzayev konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, onunla “Safari-N” MMC arasında 28 yanvar 2008-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə, “Safari-N” MMC tərəfindən inşa edilən evin mübahisəli mənzili dəyəri tam ödənildikdən sonra ona təhvil verilməli idi. Lakin mənzilin dəyərinin tam ödənilməsinə və maliyyə arayışının verilməsinə baxmayaraq “Safari-N” MMC həmin mənzili ona təhvil verməkdən imtina etmişdir. Ərizəçi hesab edir ki, işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –  Mülki Məcəllə) 178.8, 385.1, 386.1, 442, 443.1 və 448.1-ci maddələri düzgün tətbiq edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417, 418 və 420-ci maddələrinin tələbləri pozulmuşdur.    

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I və II hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında pozulmuş hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiya məhkəməsində müdafiənin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapmışdır. Məhkəmə müdafiəsi hüququ hər kəsə məxsus olan mülki hüquq və vəzifələr ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2003-cü il tarixli Qərarı).

Bununla yanaşı Konstitusiyanın 71-ci maddəsinin I hissəsində qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Konstitusiyanın yuxarıda qeyd olunan normalarından irəli gələn məqsədləri, o cümlədən məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini, eləcə də icraatın prosessual qaydalarını müəyyənləşdirmişdir.

Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

Məhkəmə aktlarından şikayətin Mülki Prosessual Məcəllədə nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi Konstitusiyanın qeyd olunan normalarının mənasından irəli gəlir. Mülki proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.

Məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Mülki Prosessual Məcəllənin kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxmanın hədlərini müəyyənləşdirən 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.

Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə görə isə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Həmin Məcəllənin 420-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Bu isə yeni apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həllinin təmin olunmasını tələb edir.                                                   Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

Ali Məhkəmənin Mülki Kollegiyası ilk dəfə işə baxaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən 15 oktyabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, tərəflər arasında öhdəlikləri müəyyən edən müqavilə və cavabdeh M.Rzayev tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsini təsdiq edən maliyyə arayışı qüvvədə olduğu halda, qarşılıqlı iddianı rədd edən məhkəmənin gəldiyi nəticənin hüquqi əsasları iş materiallarından müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad etsə də tərəflər arasında bağlanmış əqdin hansı əqdi pərdələməsini, nəzərdə tutulan əqdin nədən ibarət olmasını göstərə bilməmiş, qanunda nəzərdə tutulmasına baxmayaraq həmin əqdə aid qaydaları tətbiq etməmişdir. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, öhdəliyin yaranma əsasını təşkil edən 28 yanvar 2008-ci il tarixli müqavilə və həmin müqavilə üzrə M.Rzayev tərəfindən  öhdəliyin icra olunmasını təsdiq edən maliyyə arayışı ləğv və ya etibarsız hesab olunmadan, həmin müqaviləyə əsasən nəzərdə tutulmuş mənzilin verilməsi öhdəliyinin yerinə yetirilməməsini əsaslı hesab etmək olmaz.

Eyni zamanda kassasiya instansiyası məhkəməsi həmin qərarda göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na istinad etməklə “Safari-N” MMC ilə M.Rzayev arasında bağlanmış müqavilənin və maliyyə arayışının həmin qaydalara uyğun tərtib edilməməsi qənaətini əsaslı hesab etmək olmaz. Belə ki, həmin sənədlərin “Safari-N” MMC-nin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmaqla idarənin möhürü ilə təsdiq olunması mübahisə doğurmur. İddiaçı tərəf müqavilənin və maliyyə arayışının ləğv edilməsi barədə məhkəməyə verdiyi iddia ərizəsində də həmin imzaların onlara məxsus olmasını, lakin M.Rzayevin onların etibarından istifadə etməklə həmin sənədlərə imza etdirməsini göstərmişdir. Müqavilənin və maliyyə arayışının qeyd olunan Qaydaların tələblərinə uyğun olmaması müqavilə tərəfi olan vətəndaşların deyil, həmin sənədləri tərtib etmiş “Safari-N” MMC-nin təqsirindən baş vermişdir. Bu baxımdan Ali Məhkəmənin Mülki Kollegiyası hesab etmişdir ki, “Safari-N” MMC-nin iddia ərizəsi baxılmamış saxlanıldığından, araşdırılmamış və nəticə verilməmiş həmin hallara istinad etmək olmaz.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə yenidən baxaraq 3 fevral 2016-cı il tarixli qətnaməsində göstərmişdir ki, M.Rzayevin borcunun olmamasına dair maliyyə arayışının mövcudluğuna baxmayaraq, digər sənəd və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həmin maliyyə arayışı formal olaraq tərtib edilmiş və M.Rzayev tərəfindən konkret olaraq “Safari-N” MMC-yə hər hansı məbləğdə pul ödənilməmişdir. Belə ki, “Safari-N” MMC-nin nümayəndəsi izahatında onlara M.Rzayev tərəfindən mənzilin dəyərinin ödənilmədiyini bildirmiş, M.Rzayevin nümayəndəsi də öz növbəsində apellyasiya icraatında verdiyi izahatı ilə deyilənləri təsdiq etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi M.Rzayev tərəfindən “Safari-N” MMC-yə mənzilə görə hər hansı məbləğdə pulun ödənilməməsini işin mübahisəsiz halı kimi qiymətləndirmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək Ali Məhkəmənin Mülki Kollegiyasının 15 oktyabr 2015-ci il tarixli qərarında müəyyən olunmuş göstərişləri lazımınca yerinə yetirməmiş, müqaviləyə və maliyyə arayışına qiymət verərək qarşılıqlı iddianı rədd etmiş və qəbul etdiyi qətnamədə əsasən əvvəlki qətnaməsində gəldiyi nəticələri təkrarlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehi təmsil edən nümayəndənin izahatına istinad edərək apellyasiya şikayətini təmin etməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Məhkəmədə nümayəndələrin xüsusi səlahiyyətlərinin dairəsi Mülki Prosessual Məcəllənin 74-cü maddəsində sadalanmışdır.  Həmin maddəyə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

 Konstitusiya Məhkəməsinin Plenumu F.Şirinovun şikayəti ilə əlaqədar 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, nümayəndə etibarnamədə göstərilmədiyi halda xüsusi səlahiyyətlərdən hər hansı birini həyata keçirərsə, bu təmsil olunan şəxs üçün heç bir hüquqi nəticə yaratmayacaq. Digər tərəfdən iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını hərtərəfli yoxlamadan əsaslı qəbul edə bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq prosessual hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin.

M.Rzayevin kassasiya şikayəti üzrə mülki işə təkrar baxmış Ali Məhkəmənin Mülki Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Prosessual Məcəllənin 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət etməməsinə, şikayətçinin dəlillərinə, habelə özünün əvvəlki qərarında müəyyən edilmiş göstərişlərin yerinə yetirilməməsinə münasibət bildirmədən, apellyasiya instansiyası məhkəməsinin 3 fevral 2016-cı il tarixli qətnaməsini qüvvədə saxlamış, nəticədə Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1, 418.3 və 420-ci maddələrinin tələblərinə cavab verməyən 12 iyul 2016-cı il tarixli qərar qəbul etmişdir.  Bu isə ərizəçinin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Safari-N” MMC-nin cavabdeh M.Rzayevə qarşı müqavilənin və maliyyə arayışının ləğv edilməsinə dair iddia tələbi, M.Rzayevin isə “Safari-N” MMC-yə qarşı öhdəliyin icra olunması barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1, 418.3 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. “Safari-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh M.Rzayevə qarşı müqavilənin və maliyyə arayışının ləğv edilməsinə dair iddia tələbi, M.Rzayevin isə “Safari-N” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı öhdəliyin icra olunması barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1, 418.3 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                                  Fərhad Abdullayev