AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
A.Aslanov və L.Səbizovanın şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
10 mart 2017-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
ərizəçilər Adil Aslanov və onun nümayəndəsi Muxtar Mustafayevin, Leyla Səbizova və onun nümayəndəsi Camal Həsənzadənin,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın,
mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının Hüquq şöbəsinin müdiri Anar Əliyevin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İstehlakçıların və investorların müdafiəsi idarəsinin böyük mütəxəssisi Emin Salmanovun və Hüquqi təminatlar idarəsinin aparıcı hüquqşünası Tural Hacıyevin,
Azərbaycan Respublikası Vergilər Nazirliyi Hüquq departamentinin baş direktorunun müavinləri Cavanşir Nuriyev və Anar Rzayevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında A.Aslanov və L.Səbizovanın şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçilərin və cavabverən orqanın nümayəndələrinin, mütəxəssislərin, habelə məhkəmə instansiyalarında tərəf qismində iştirak etmiş şəxsin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Adil Aslanov və Leyla Səbizova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ayrılıqda müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 18 may 2016-cı il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.
Şikayətlərdən və iş materiallarından məlum olur ki, A.Aslanov və L.Səbizova müxtəlif vaxtlarda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (bundan sonra – Bakı Vergilər Departamenti) qarşı cavabdehin qərarlarının ləğv edilməsi və sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətlərinin bərpa edilməsi tələblərinə dair iddia ərizələri ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər.
İddia ərizələri onunla əsaslandırılmışdır ki, onlar sığorta agenti qismində sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Sahibkarlıq fəaliyyətinə başlayarkən vergi orqanlarında sığorta agenti olaraq sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. Vergi agenti qismində sadələşdirilmiş qaydada 4 faizlə vergi ödəsələr də, vergi orqanı onlardan son 3 il ərzində əldə etdikləri gəlirdən gəlir vergisi ödəmələrini tələb etmişdir. Vergi orqanı öz qərarlarında göstərmişdir ki, qeyd edilən sığorta agentləri hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiklərinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 101.3-cü maddəsinə əsasən onların vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulmalıdır. Belə ki, onlar sığorta təşkilatı hesab edildiklərindən həmin Məcəllənin 218.5.2-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli qərarı ilə A.Aslanovun iddia tələbi təmin edilmiş, Bakı Vergilər Departamentinin 2013-2014-cü illər üzrə əlavə vergi məbləğinin hesablanması barədə qərarları ləğv edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 dekabr 2015-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, cavabdeh Bakı Vergilər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 dekabr 2015-ci il tarixli qərarı ləğv olunmuş və A.Aslanovun iddiası rədd edilmişdir.
Digər ərizəçi L.Səbizovanın şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 avqust 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Bakı Vergilər Departamentinin vergilərin hesablanması barədə 5 may 2015-ci il tarixli qərarı ləğv olunmuş və L.Səbizovanın sadələşdirilmiş vergi mükəlləfiyyəti bərpa edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 dekabr 2015-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, cavabdeh Bakı Vergilər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 dekabr 2015-ci il tarixli qərarı ləğv olunmuş və L.Səbizovanın iddiası rədd edilmişdir.
Kassasiya instansiyası məhkəməsi hər iki qərarını onunla əsaslandırmışdır ki, “sığorta agenti” anlayışı “sığorta təşkilatları” anlayışına daxil edildiyindən, həmçinin qiymətli kağızları sığortalayarkən qiymətli kağızlar bazarının iştirakçısı hesab edildiyindən onlardan gəlir vergisi tutulmalıdır.
Ərizəçilər hesab edirlər ki, kassasiya instansiyası məhkəməsinin qərarları ilə Konstitusiyanın 29 və 73-cü maddələrinin və Vergi Məcəlləsinin 218.5.2-ci maddəsinin tələbləri pozulmuşdur.
Ərizəçilər konstitusiya şikayətlərini onunla əsaslandırmışlar ki, onlar sığorta agenti qismində fiziki şəxs kimi fəaliyyət göstərirlər, vergi orqanlarında sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışlar və onların fəaliyyəti sığorta təşkilatlarının fəaliyyəti ilə eyniləşdirilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərin predmetinin eyni məsələyə aid olduğunu (sığorta agentinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan məhrum edilməsi) nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 17-ci maddəsinin I hissəsinə uyğun olaraq onların bir icraatda birləşdirilməsini məqsədə müvafiq hesab etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir.
Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir, qanunvericiliklə müəyyən edilmiş əsaslarla məhdudlaşır.
Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
Vergiləri ödəmək vəzifəsi ilk növbədə fərdin dövlət qarşısında ictimai-hüquqi xarakterli vəzifəsini müəyyən edir və dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görməyə borcludur.
Digər tərəfdən, Konstitusiyanın 73-cü maddəsinin II hissəsi vergi münasibətlərinin əsas şərti kimi vergilərin və başqa dövlət ödənişlərinin ödənilməsinin yalnız qanunvericiliklə müəyyən edilməsini nəzərdə tutur.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarında bildirmişdir ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Məhz bu səbəbdən vergi orqanlarının vergi ödəyicilərinə qarşı hər bir tələbi yalnız mövcud qanunvericilik normalarına əsaslanmaqla irəli sürülə bilər.
Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
Həmin Məcəllənin 3.11-ci maddəsinə görə isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.
Qeyd olunmalıdır ki, müasir bazar münasibətlərində subyektlərin səlahiyyətlərini, vəzifə və hüquqlarını tənzimləyən qanunvericilik normalarının aydınlığı və müəyyənliyi xüsusi əhəmiyyət kəsb edir.
Vergi Məcəlləsinin 13.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
Bu baxımdan şikayətdə qaldırılan məsələlərin həlli üçün ilk növbədə sığorta münasibətlərinə, “sığorta təşkilatı” və “sığorta agenti” anlayışlarına müvafiq qanunvericilik aktlarına müraciət etməklə aydınlıq gətirmək lazımdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 884.1-ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
Mülki Məcəllənin 884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Həmin Məcəllənin 883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri isə sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi adlandırır.
Mülki Məcəllənin 937.1, 937.2 və 938.1-ci maddələrinə uyğun olaraq, sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər. Sığortaçı müəyyən sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər. Sığorta müqaviləsi sığorta agenti vasitəsilə bağlandıqda sığorta agenti müqaviləni həmin sığortaçının adından yalnız onun yazılı qaydada verdiyi səlahiyyət əsasında imzalaya bilər.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sığorta fəaliyyəti haqqında” Qanun) 5.2-ci maddəsinə görə, sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərsığorta bazarının peşəkar iştirakçılarıdır.
Həmin Qanunun 82.1 və 82.2-ci maddələrində göstərilir ki, sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir. Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər.
Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, sığorta agenti sığorta müqaviləsinin tərəfi hesab edilmir və sığortalı qarşısında sığorta riski ilə bağlı hər hansı öhdəlik daşımır. Sığorta agentinin fəaliyyəti sığorta fəaliyyətinə, sığorta agentləri isə sığorta bazarının peşəkar iştirakçılarına aid edilsə də, onları “sığorta təşkilatı” hesab etmək olmaz.
Belə ki, qüvvədən düşmüş “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində sığortaçıya aşağıdakı kimi anlayış verilmişdi:
“Sığortaçı - yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır”.
“Sığorta təşkilatı” anlayışından hazırda qüvvədə olan “Sığorta fəaliyyəti haqqında” Qanunda istifadə olunmasa da, Mülki Məcəllənin 312.2-ci maddəsində bu anlayışdan istifadə edilmişdir. Həmin maddəyə görə, əgər əşya sığortalanmışsa, şərait pisləşdikdən sonra sığorta təşkilatı sığortalıya sığorta məbləğini yalnız zərərin baş verməsi faktının ipoteka saxlayana bildirildiyi vaxt ödəyə bilər. Həmçinin, “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.3-cü maddəsi sığortaçı anlayışını müəyyən edərək göstərir ki, sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir.
Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarından belə nəticəyə gəlmək olar ki, sığorta təşkilatı dedikdə, müştərilər qarşısında sığorta ödənişi vermək öhdəliyi olan hüquqi şəxs (sığorta şirkəti) nəzərdə tutulur. Sığorta agentinin isə bu növ öhdəliyi yoxdur və onun işi yalnız sığorta məhsullarının satışında vasitəçilik etməkdir. Sığorta agenti sığorta müqaviləsi üzrə sığortaçının öz öhdəliyini yerinə yetirməsinə və sığorta ödənişinin həyata keçirilməsinə görə məsuliyyət daşımır. Eləcə də, sığorta agenti sığortaçı olmadan, yaxud sığortaçı ilə sığorta agenti xidmətinə dair müqavilə bağlamadan sərbəst şəkildə sığorta müqaviləsi bağlaya bilməz.
Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 116.1-ci maddəsində istifadə edilən “sığorta təşkilatı” sözləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli Qanunu ilə "sığortaçılar" sözü ilə əvəz edilsə də, həmin Məcəllənin 218.5.2-ci maddəsində “sığorta təşkilatı” sözləri olduğu kimi saxlanılmışdır.
Bununla yanaşı qeyd etmək lazımdır ki, sığortaçının ictimai əhəmiyyətli qurum olmasını, bağladığı sığorta müqavilələri üzrə sığortalılar qarşısında öhdəlik daşımasını nəzərə alaraq, qanunverici sığortalıların, həmçinin dövlətin mənafelərinin müdafiəsi məqsədilə sığortaçılar üçün səhmdarlar, korporativ idarəetmə, məcmu kapital və s. məsələlərə dair konkret tələblər müəyyən etmişdir. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 7.6-cı maddəsinə əsasən, sığortaçı kommersiya təşkilatı olan hüquqi şəxs olmaqla yalnız açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında fəaliyyət göstərə bilər.
Lakin mövcud qanunvericilik sığortaçıdan fərqli olaraq, sığorta agentinin sahibkarlıq subyekti kimi hüquqi formasına xüsusi tələb qoymur. “Sığorta fəaliyyəti haqqında” Qanunun 82.7-ci maddəsinə əsasən,hüquqi şəxs olan sığorta vasitəçiləri istənilən təşkilati-hüquqi formaya malik ola bilər.
Mövcud qanunvericilik normalarından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, sığorta agenti sığorta müqavilələrinin bağlanılmasında vasitəçilik funksiyasını yerinə yetirdiyindən onun sığorta münasibətlərində statusu fakultativ xarakter daşıyır. Məhz bu səbəbdən sığorta agenti sığorta müqaviləsi üzrə tərəf hesab edilmir, əsas öhdəlikləri daşımır və “sığorta təşkilatı” anlayışına daxil deyildir.
Sığorta agentinin fəaliyyəti maliyyə münasibətləri ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri sırasına daxildir. Vergi Məcəlləsi maliyyə xidməti ilə məşğul olan subyektlərin sadələşdirilmiş vergi ödəyicisi olmasına qadağa qoymur.
Eyni zamanda qeyd edilməlidir ki, vergilərin növlər üzrə bölüşdürülməsi vasitəsilə dövlət balanslaşdırılmış iqtisadi və maliyyə siyasəti həyata keçirir. Sahibkarlıq fəaliyyətinin kiçik, orta və iri növlərə bölünməsi, həmçinin vergilərin qanunvericiliklə müəyyən edilmiş qaydada könüllü və şəffaf ödənilməsini təmin etmək məqsədi daşıyır. Azad sahibkarlığın və xüsusən kiçik sahibkarlığın inkişafı məqsədilə dövlət bu növ fəaliyyətə dair mütənasib şəkildə imtiyazlı ödənişlər (sadələşdirilmiş vergi və s.) tətbiq edir.
Sadələşdirilmiş vergi kiçik sahibkarlığın inkişafına yönələn və həmin sahədə vergi ödəyiciləri üçün asan, ümumiləşdirilmiş vergi ödəmələri şəraitinin yaradılmasına xidmət edir. Vergi qanunvericiliyində kiçik sahibkarlıq subyektlərinin dairəsinə ayda vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan az olan şəxslər aid edilmişdir.
Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:
· bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;
· vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;
· bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər).
Vergi Məcəlləsinin 218.5-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: aksizli mallar istehsal edən şəxslər; kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar; qeyri-dövlət pensiya fondları; əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri; mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.2, 218.1.3 və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər.
Beləliklə, Vergi Məcəlləsi kiçik sahibkarlıqla məşğul olan subyektlərə sadələşdirilmiş vergi metodunu sərbəst seçmək hüququ verir, digər tərəfdən isə həmin Məcəllənin 218.5-ci maddəsində mahiyyət etibarı ilə böyük dövriyyə vəsaitləri olan subyektlərin, yəni bankların, sığorta təşkilatlarının, investisiya fondlarının, lombardların və digərlərinin bu metoddan istifadəsinə qadağa qoyur.
Qeyd olunduğu kimi, sığorta agenti mahiyyət etibarı ilə kiçik sahibkarlıq subyekti sayılır və sığorta münasibətlərində vasitəçilik funksiyasını yerinə yetirərək mükafatını komissiya şəklində alır. Sığorta agentinin əldə etdiyi komissiya mükafatı tam şəkildə onun gəliri sayıla bilməz. Ona görə ki, sığorta agentinin vasitəçilik funksiyasının icrasında müəyyən xərclər də nəzərdə tutulur (təşkilatçılıq, kargüzarlıq, nəqliyyat və s.) və bu baxımdan komissiya mükafatının bir hissəsi həmin xərclərin ödənilməsinə istifadə olunur. Buna əsaslanaraq qeyd edilməlidir ki, sığorta agentinin əldə etdiyi komissiya mükafatının tam həcmi vergi ödənilməsi obyekti hesab edilə bilməz.
Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyi təmin etmək vəzifəsini daşıyır. Vergi ödəyicisi tərəfindən hər hansı qanun pozuntusu baş verdikdə, vergi orqanları vaxtı-vaxtında onu aşkar edib təqsirini sübut etməli və məsuliyyət növünü tətbiq etməlidir.
Vergi Məcəlləsinin 94.0-cı maddəsinə uyğun olaraq, vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi isə vergi ödəyicisinin üzərinə düşür.
Nəzərə alınmalıdır ki, vergi münasibətlərində “vicdanlılıq prezumpsiyası” mövcuddur. Bu prezumpsiyaya əsasən, hər bir vergi ödəyicisinin güzəştli vergi ödəmək imkanı əldə etməsi iqtisadi cəhətdən özünü doğruldur, vergi bəyannaməsində göstərdiyi hesabatlar isə mahiyyətinə görə olduğu kimi qəbul edilməlidir. Vergi ödəyicisi tərəfindən vergi orqanlarına qanunvericiliyə uyğun təqdim edilən güzəştli vergi ödəmələri əldə etmək üçün tələb olunan sənədlərin tamlığı, düzgünlüyü, rəsmiliyi müvafiq qaydada vergi orqanları tərəfindən mübahisələndirilmədikdə, həmin məlumatlar əsas verir ki, vergi ödəyicisi vergi güzəştlərini əldə etməkdə haqlı hesab edilsin.
Beləliklə, sadələşdirilmiş vergi ödəyicilərinin bu vergi ödəmə metodundan istifadə etmələrinə hüquqi əsaslar olmadıqda vergi orqanları həmin faktı Vergi Məcəlləsinin 94.0-cı maddəsinə görə sübut etməli və gəlir vergisinin tam və vaxtında ödənilməsinə nəzarət etməlidirlər. Digər halda sığorta agentinin sadələşdirilmiş vergi metodu əsasında vergi ödəməsi ilə razılaşıb, lakin uzun müddət keçdikdən sonra (3 ildən çox) bu metodun istifadəsini qanunsuz hesab edərək, onun təqsiri olmadığını nəzərə almadan, həmin subyektə qarşı maliyyə sanksiyasının tətbiqi Vergi Məcəlləsinin 54-cü maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmış olar.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) vergi qanunvericiliyi sahəsində “retroaktiv effekt” ilə bağlı göstərmişdir ki, vergi qanunvericiliyinin normalarının geriyə şamil edilməsi effekti “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulmasına səbəb ola bilər (The National & Provincial Building Society, the Leeds Permanent Building Society and the Yorkshire Building Society Birləşmiş Krallığa qarşı iş üzrə 23 oktyabr 1997-ci il tarixli Qərar).
Avropa Məhkəməsi Bulves AD Bolqarıstana qarşı iş üzrə 22 yanvar 2009-cu il tarixli Qərarında şikayətçi şirkətin dövlət tərəfindən müəyyən edilmiş normalara müvafiq vergiləri ödəməsini və öz vəzifələrini icra etməməsi haqda məlumatı olmamasını nəzərə alaraq hesab etmişdir ki, o qanuna müvafiq vergi güzəştlərini əldə edə bilərdi və ondan təkrarən vergi və dəbbə pulu tutula bilməz.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 18 may 2016-cı il tarixli qərarlarında sığorta agentini “sığorta təşkilatı” anlayışına daxil edərək onları sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan şəxslərə aid etməklə yanlış nəticəyə gəlmişdir. Bununla da Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarlarını ləğv edərək yuxarıda qeyd edilən qanunvericilik normalarını onların məzmununa uyğun olmayan qaydada şərh etmiş, nəticədə Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinin və 73-cü maddəsinin II hissəsinin tələbləri pozulmuşdur.
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqeləri Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, A.Aslanov və L.Səbizovanın vergi orqanına qarşı vergi orqanının əlavə vergi məbləğinin hesablanması barədə qərarlarının ləğv edilməsi və sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin dəyişdirilməsinə qadağa qoyulması tələblərinə dair işlər üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarları Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə, 73-cü maddəsinin II hissəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşlərə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Adil Aslanovun Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı vergi orqanının əlavə vergi məbləğinin hesablanması barədə qərarlarının ləğv edilməsi və sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin dəyişdirilməsinə qadağa qoyulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 73-cü maddəsinin II hissəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Leyla Səbizovanın Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı vergi orqanının 5 may 2015-ci il tarixli qərarının ləğv edilməsi və sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin bərpa edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 73-cü maddəsinin II hissəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev