Постановления

11.10.16 “Qara-Qaya” Assosiasiyasının şikayəti üzrə AR AMİİK-nın 14/08/15 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

“Qara-Qaya” Assosiasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

11 oktyabr 2016-cı il                                                                                  Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçi “Qara-Qaya” Assosiasiyasının nümayəndəsi Günel Sevdimalıyevanın,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında “Qara-Qaya” Assosiasiyasının şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

“Qara-Qaya” Assosiasiyası Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və iş materiallarından məlum olur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti (bundan sonra – Vergi Auditi Departamenti) vergi və digər icbari ödənişlərin vəziyyətinin yoxlanılması məqsədi ilə “Qara-Qaya” Assosiasiyasında səyyar vergi yoxlaması keçirmişdir. Yoxlama nəticəsində “Qara-Qaya” Assosiasiyası tərəfindən vergilərin azaldılması müəyyən edilmiş və bu barədə 5 oktyabr 2012-ci il tarixli akt tərtib edilmişdir. Vergi Auditi Departamentinin 8 noyabr 2012-ci il tarixli qərarına əsasən “Qara-Qaya” Assosiasiyası vergi məsuliyyətinə cəlb edilmişdir.

“Qara-Qaya” Assosiasiyası məhkəməyə müraciət edərək Vergi Auditi Departamentinə qarşı onun barəsində tərtib edilmiş 5 oktyabr 2012-ci il tarixli səyyar vergi yoxlaması aktının qismən və 8 noyabr 2012-ci il tarixli məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi barədə iddia qaldırmışdır.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2013-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Vergi Auditi Departamentinin 5 oktyabr 2012-ci il tarixli növbədənkənar səyyar vergi yoxlaması aktı mənfəət vergisinin azaldılması və buna görə maliyyə sanksiyasının, ƏDV-nin azaldılması və buna görə maliyyə sanksiyasının, ödəmə mənbəyindən tutulan vergilərin azadılması və buna görə maliyyə sanksiyasının hesablanmasına dair hissəsində ləğv edilmiş, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 8 noyabr 2012-ci il tarixli qərar mənfəət vergisinin azaldılması və buna görə maliyyə sanksiyasının, ƏDV-nin azaldılması və buna görə maliyyə sanksiyasının, ödəmə mənbəyindən tutulan vergilərin azaldılması və buna görə maliyyə sanksiyasının hesablanmasına dair hissəsində ləğv edilmiş və iddia tələbi qalan hissədə rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 yanvar 2014-cü il tarixli qərarı ilə Vergi Auditi Departamentinin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin  qərarı dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2014-cü il tarixli qərarı ilə cavabdeh Vergi Auditi Departamentinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan qərarı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2014-cü il tarixli qərarı ilə Vergi Auditi Departamentinin apellyasiya şikayəti yenidən təmin edilməmiş və birinci instansiya məhkəməsinin 12 iyul 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarı ilə Vergi Auditi Departamentinin  kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2014-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı “Qara-Qaya” Assosiasiyasının iddiası rədd edilmişdir.

“Qara-Qaya” Assosiasiyası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan qərarının Konstitusiyaya və qanunlara uyğun olmadığı qənaətinə gələrək həmin qərarın ləğv olunması barədə Konstitusiya Məhkəməsinə şikayət vermişdir.

Ərizəçi hesab edir ki, iş üzrə yeni qərar qəbul etmiş kassasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan Azərbaycan Respublikası  İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 96.5-ci maddəsinin düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulması nəticəsində onun Konstitusiyanın 60-cı maddəsində təsbit olunan hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında pozulmuş hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin Konstitusiyası və qanunlarında öz əksini tapır. Məhkəmə müdafiəsi hüququ hər kəsə məxsus olan mülki və inzibati hüquqla bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir.

Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir.

Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici ilk növbədə pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz. Dövlətin hüquq və azadlıqların səmərəli müdafiəsini təmin etmək öhdəliyi baxımından belə qərarların qüvvədə qalması yolverilməzdir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məhkəmələr konstitusiya hüquq və azadlıqlarını müdafiə edərkən  məhkəmə aktlarının sabitliyini, məhkəmə səhvlərinin aradan qaldırılmasının mümkünlüyünü, məhkəmə sisteminin bütün pillələrində prosessual qaydalara ciddi riayət edilməsini təmin etməlidirlər (Z.Quliyev və G.Cəbrayılovanın şikayəti ilə əlaqədar 28 yanvar 2005-ci il tarixli Qərar).

“Qara-Qaya” Assosiasiyasının şikayəti əsasında məhkəmə aktlarını araşdırarkən apellyasiya və kassasiya instansiyası məhkəmələri məsələyə yuxarıda qeyd edilən konstitusiya prinsiplərindən və bu prinsiplərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi hüquqi mövqelərdən fərqli yanaşmışlar.

Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 9 yanvar 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, ekspertiza zamanı səyyar vergi yoxlaması aktının “Qara-Qaya” Assosiasiyası tərəfindən 2009-2011-ci illər üzrə mənfəət vergisinin azaldılması ilə baglı gəlinən nəticənin nə dərəcədə əsaslı olub-olmamasını müəyyən etmək mümkün olmadığından, eləcə də cavabdeh tərəfindən mənfəət vergisinin azaldılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən və qanunvericiliyin tələbinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğundan apellyasiya şikayətində istinad olunan dəlillər əsaslı hesab edilə bilməz.

Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq 18 iyul 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarını ləğv edib işi təkrar apellyasiya baxışına qaytarmışdır.

Həmin qərarda qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əsas götürülmüş  ekspert rəyində yoxlama zamanı mənfəət vergisinə aid hissədə vergilərin azaldılması ilə bağlı düzgün nəticəyə gəlinmədiyinə dair qəti fikir bildirilməmiş, əksinə  2009-2011-ci illər üzrə mənfəət vergisinin azaldılması ilə bağlı gəlinən nəticənin nə dərəcədə əsaslı olub-olmamasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Beləliklə, ekspert qarşısında qoyulmuş 2009-2011-ci illər üzrə mənfəət vergisinin düzgün hesablanıb-hesablanmamasına dair suala əsaslandırılmış qəti cavab verilməmişdir. Belə olan halda, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rəyi əsas götürməklə apellyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. Bununla bağlı kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi təmir-tikinti obyektləri üzrə faktiki xərclərin həcminin müəyyən edilməsi üçün müstəqil qaydada mütəxəssis dəvət etmək və ya ekspertiza təyin etmək hüququna malik olduğu halda, bunu etməmişdir. Beləliklə, kassasiya instansiyası məhkəməsinin qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin  12.1 və  58.7-ci maddələrinin tələblərinin ziddinə olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları arasdırmamış, eləcə də sübutları tam və hərtərəfli qiymətləndirməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında əks olunmuş göstərişin icrası ilə bağlı əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş,  lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilərək bildirilmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün əvvəlcə tikinti-mühəndis sahəsi üzrə rəy tərtib olunmalı, həmin rəyin əsaslı olub-olmaması məhkəmə-tikinti ekspertizası ilə yoxlanılmalıdır.

Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi  Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2014-cü il tarixli qərarında əks olunmuş göstərişlərin icrasına kifayət qədər cəhd göstərməmiş, inzibati prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək mübahisənin qanuni və ədalətli həll edilməsi üçün lazımi tədbirləri görməmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarına əsasən, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

Təsadüfi deyil ki, Ali Məhkəmənin Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki,  qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.            

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 420-ci maddəsinə oxşar norma İnzibati Prosessual Məcəllədə də nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə,  mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya məhkəmələri üçün məcburidir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Plenumun Mülki Prosessual Məcəllənin 420-ci maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqelər İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinin tətbiqi zamanı da nəzərə alınmalıdır.  

İnzibati prosessual qanunvericiliyə müvafiq olaraq, apellyasiya məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya məhkəməsinə  göndərməlidir (İnzibati Prosessual Məcəllənin 96.5-ci maddəsi).

Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası həmin işə təkrar baxaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin məcburi xarakter daşıyan göstərişlərinin yerinə yetirilmədiyini, işə prosessual hüquq normalarına əməl edilmədən baxıldığını nəzərə almayaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2014-cü il tarixli qərarını ləğv etmiş və yeni qərar qəbul etmişdir.

Bununla da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası İnzibati Prosessual Məcəllənin 96.5-ci maddəsinin  tələblərinə əməl etməmiş, nəticədə “Qara-Qaya” Assosiasiyasının Konstitusiyanın 60-cı maddəsinin  I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi  hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kassasiya instansiyası məhkəməsinin yeni qərar qəbul etmək səlahiyyəti həmin məhkəmənin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxmaq hüququ kimi təfsir oluna bilməz. Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin aşağı instansiya məhkəmələrinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Bu maddə, həmçinin kassasiya instansiyası məhkəməsinin mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə və həmin hallara maddi hüquq normalarını tətbiq etməsinə hüquqi əsas vermir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu hüquqi mövqe tam şəkildə İnzibati Prosessual Məcəllənin XI fəslində əks olunan kassasiya instansiyası məhkəməsində şikayət üzrə icraata da şamil edilməlidir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Qara-Qaya” Assosiasiyasının cavabdeh Vergi Auditi Departamentinə qarsı tərtib edilmiş 5 oktyabr 2012-ci il tarixli səyyar vergi yoxlaması aktının qismən və 8 noyabr 2012-ci il tarixli məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi barədə iddia tələbinə dair is üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və İnzibati Prosessual Məcəllənin 96.5-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1.  “Qara-Qaya” Assosiasiyasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarsı tərtib edilmiş 5 oktyabr 2012-ci il tarixli səyyar vergi yoxlaması aktının qismən və 8 noyabr 2012-ci il tarixli məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi barədə iddia tələbinə dair is üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                        Fərhad Abdullayev