Постановления

24.06.16 M.Məmmədovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

M.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

24 iyun 2016-cı il                                                                                        Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim),  Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Mövsüm Məmmədovun və onun nümayəndəsi Cabir Mehrəliyevin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakim köməkçisi Günel Tanrıverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında M.Məmmədovun şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Mövsüm Məmmədov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 25 iyun 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Rahib Məmmədov cavabdeh “Əzizbəy-KM” Məhdud Məsuliyyətli Cəmiyyətə (bundan sonra – “Əzizbəy-KM” MMC) qarşı onunla “Əzizbəy-KM” MMC arasında bağlanmış 23.05.2011-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin cavabdehə həvalə edilməsinə, Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347-48-ci məhəllədə inşa edilən binada yerləşən 236 saylı mənzilin boşaldılaraq onun istifadəsinə və mülkiyyətinə verilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı R.Məmmədov iddia tələbinin həcminin artırılması barədə ərizə verərək “Əzizbəy-KM” MMC ilə M.Məmmədov arasında bağlanmış 07.06.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə, M.Məmmədovun əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. “Əzizbəy-KM” MMC isə öz növbəsində həmin məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair onunla R.Məmmədov arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia qaldırmışdır. 

Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə “Əzizbəy-KM” MMC ilə M.Məmmədov arasında 7 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, M.Məmmədovun mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq R.Məmmədovun sahibliyinə verilməsi vəzifəsinin “Əzizbəy-KM” MMC-yə həvalə olunması qət edilmişdir. Həmin qətnamə ilə “Əzizbəy-KM” MMC-nin qarşılıqlı iddiası isə təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə “Əzizbəy-KM”  MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin MK-nın 25 iyun 2015-ci il tarixli qərarı ilə “Əzizbəy-KM” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin 15 aprel 2016-cı il tarixli qərardadı ilə M.Məmmədovun əlavə kassasiya şikayəti əsassız hesab edilərək Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır.

M.Məmmədov konstitusiya şikayətində göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayonu Xocalı küçəsində 2347-48 saylı məhəllədə tikilmiş çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində 3 otaqlı, 135.58 kv.m sahəsi olan 236 saylı mənzilin alqı-satqısına dair “Əzizbəy-KM” MMC ilə 7 iyun 2013-cü il tarixli müqavilə bağlamışdır. Mənzilin dəyəri 76400 manat ödənildikdən sonra mənzil onun istifadəsinə verilmiş və o, mənzili təmir etdirərək ailə üzvlərini ora köçürmüşdür.

Mübahisəli mənzilə dair yuxarıda qeyd edilən məhkəmə  aktlarının mövcudluğu ona 2015-ci ilin oktyabr ayında məlum olmuşdur. Həmin mənzilin əvvəllər “Etalon İnşaat” Mənzil Tikinti Kooperativi (bundan sonra – “Etalon İnşaat” MTK) tərəfindən R.Məmmədova satılması, bu və digər mənzillərlə bağlı məhkəmə mübahisələrinin olması, eləcə də ona qarşı qaldırılmış iddia üzrə hər üç məhkəmə instansiyasında çıxarılmış məhkəmə aktlarından xəbəri olmamış, qanunda nəzərdə tutulmuş qaydada məhkəmənin vaxtı, yeri barədə ona məlumat verilməyərək məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir.

Ərizəçi hesab edir ki, Ali Məhkəmənin MK-nın 25 iyun 2015-ci il tarixli qərarı ilə onun Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulan mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti,  xüsusi mülkiyyət və  bələdiyyə mülkiyyəti növündə ola bilər.

Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.  Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu normasının əhəmiyyəti ondan ibarətdir ki, bu norma əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilsə də, eyni zamanda vətəndaşların Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqlarının təminatı kimi çıxış edir.

Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Bu konstitusiya prinsipləri öz əksini daha geniş şəkildə mülki və mülki prosessual qanunvericilikdə tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi və mülki qanunvericiliyin digər prinsipləri, mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir.

 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 6-cı maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

İş üzrə məhkəmə baxışının prinsiplərinə gəldikdə isə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi).

Mülki Prosessual Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, məhkəmə bildirişi işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 138.3-cü maddəsinə görə, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Habelə həmin Məcəllənin 168.1-ci maddəsində qeyd olunur ki, hakim iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir, zəruri hallarda müəyyən edilmiş müddətdə özünün rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını təqdim etməyi təklif edir.

Mülki işin materiallarından görünür ki,  birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdeh M.Məmmədova bildirişlər göndərilmişdir. Lakin mülki işdə birdirişlərin M.Məmmədov tərəfindən alınması barədə məlumatlar mövcud deyildir.

Beləliklə, Xətai Rayon Məhkəməsi Konstitusiyanın və prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə baxmayaraq, iş üzrə cavabdeh  M.Məmmədovun məhkəmə proseslərində iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi qaydalarını pozmaqla işin hallarını  Mülki Prosessual Məcəlləyə uyğun olaraq araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra –  Avropa Məhkəməsi) hüquqi mövqeyinə görə, məhkəmədə işinə baxılarkən iştirak etmək hüququna müdaxilə ilə bağlı çoxsaylı işlərdə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin nəzərdə tutduğu məhkəmə araşdırmasının ədalətli olması tələblərinin pozulmasının əvəzinin ən məqsədə müvafiq yolla əvəzlənməsinin şikayətçinin işinə yenidən baxılması olduğunu müəyyən etmişdir (Somoqyi İtaliyaya qarşı iş üzrə 67972/01 saylı Qərar §86). Avropa Məhkəməsinin Elçin Abbasov Azərbaycana qarşı iş üzrə 17 yanvar 2008-ci il tarixli Qərarında isə şikayətçinin işinə kassasiya qaydasında baxılarkən məhkəmə bildirişinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilmişdir.

Bununla yanaşı, Xətai Rayon Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, R.Məmmədovla “Etalon-İnşaat” MTK arasında bağlanmış 19 iyun 2009-cu il tarixli müqaviləyə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən qiymət verildiyindən “Əzizbəy-KM” MMC-nin bu müqavilə bağlanarkən mülki qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə qarşılıqlı iddia ərizəsində qeyd etdiyi faktların araşdırılmasına zərurət yoxdur. Belə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işə baxan məhkəmə qeyd olunan maddəni tətbiq edərkən nəzərə almamışdır ki, M.Məmmədov “Əzizbəy-KM” MMC ilə “Etalon-İnşaat” MTK, Rahib Məmmədov və qeyriləri arasında olan mübahisə üzrə mülki işdə tərəf olmamışdır. Bu səbəbdən də qanuni qüvvəyə minmiş Ali Məhkəmənin MK-nın 19 fevral 2014-cü il tarixli  qərarının hazırkı iş üzrə preyudisiallığı tətbiq edilə bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 13 fevral 2016-cı il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamədə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və ya etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən  başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir  ki, işə baxan birinci instasiya məhkəməsi M.Məmmədovla “Əzizbəy-KM” MMC arasında bağlanmış mənzil alqı-satqısına dair müqaviləni etibarsiz hesab etsə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə  əməl  etməmişdir.

Belə ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir.

Lakin M.Məmmədovla “Əzizbəy-KM” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən etibarsız hesab edilməsinə baxmayaraq, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə riayət edilməmiş və müqavilə üzrə M.Məmmədovun ödədiyi vəsait ona qaytarılmamışdır.

Birinci instansiya məhkəməsi tərəfindən buraxılmış nöqsanlar apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən təkrarlanmaqla yanaşı, işə bu məhkəmələrdə də  M.Məmmədovun iştirakı təmin edilmədən baxılmışdır.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, kassasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulmasını və ya düzgün tətbiq edilməməsini müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.

Lakin Ali Məhkəmənin MK mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bu da ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnmişdir.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MK-nın 25 iyun 2015-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416, 417.1.3 və 418-ci maddələrinə uygun olmadığından qüvvədən düşmüş hesab edillməli və işə bu Qərara uygun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında”  Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi       

QƏRARA  ALDI:

1.R.Məmmədovun “Əzizbəy-KM” Məhdud Məsuliyyətli Cəmiyyətlə M.Məmmədov arasında  bağlanmış mənzil alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.  İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə  yenidən baxılsın.

 2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

 3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                             Fərhad Abdullayev