Постановления

17.03.16 AR Vergi Məcəlləsinin 65.2-ci maddəsinin AR Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair

17 mart 2016-cı il                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov və Kamran Şəfiyevdən ibarət tərkibdə,  

məhkəmə katibi Fəraid Əliyevin, 

sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Azər Hüseynovun, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Nurəddin Mustafayevin, Azərbaycan Respublikası Vergilər Nazirliyi Hüquq Baş idarəsinin Məhkəmə işlərinin təşkili idarəsinin rəisi Ramiz Qasımzadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasındaAzərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublkasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azəbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, Vergi Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır.

Vergi Məcəlləsinin 65.1-ci maddəsinə müvafiq olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Sorğuverənin fikrincə, Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinin, 29-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152-ci maddəsinin tələblərinə zidd olaraq Vergi Məcəlləsinin 65.2-ci maddəsinin göstərişləri vergi ödəyicisinin mülkiyyət hüququnu pozaraq, məhkəmənin qərarı olmadan onun əmlakına sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

Sorğuverən həmçinin hesab edir ki, göstərilən maddəyə əsasən vergi ödəyicisi ona hesablanmış vergi və maliyyə sanksiyalarına görə 100 faizdən artıq, əlavə 5 faiz vergi və digər ödənişləri ödəməyə məcbur edilir və bu Konstitusiyanın 73-cü maddəsinin II hissəsi ilə ziddiyyət təşkil etməklə azad sahibkarlığın inkişafına maneə yaratmış olur.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd ediməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.  Mülki Məcəllənin 155.3-cü maddəsinə əsasən isə dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsində göstərilmişdir ki, dövlət büdcəsinin gəlirləri dövlət vergilərindən ibarətdir. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin bu Qanunun 9.2-ci maddəsinə əsasən, dövlət büdcəsi gəlirlərinin yığımı Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

Vergi Məcəlləsinin 11-ci maddəsində müəyyən edilmişdir ki, vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Qanunun tələblərindən göründüyü kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir.

Qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir (Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi).

Vergi Məcəlləsinin 23.1.6-cı maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludurlar.

Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.

 Qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Həmin Məcəllənin 65.2-ci maddəsinə görə isə vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə vergi orqanı vergilər üzrə borcların alınması üsulu kimi vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarına münasibətdə aşağıdakı sərəncamlardan birini verir:

·  vergilər üzrə borcun vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında;

·  vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında.

Göstərilən maddənin tələblərinə görə, vergi orqanının sərəncamları kredit təşkilatı və ya bank əməliyyatı aparan şəxslər üçün məcburi olan icra sənədi sayılır. Həmin sərəncamlardan hər hansı birinin seçilməsi vergilərin bilavasitə vergi orqanı tərəfindən və ya vergi ödəyicisinin özü tərəfindən hesablanmasından da asılıdır.

Belə ki, vergilər üzrə borcun vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında sərəncam aşağıdakı hallarda verilir:

·  vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə;

·  vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə;

·  məhkəmənin müvafiq qərarı olduqda;

·  vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə borca münasibətdə vergi ödəyicisinin yazılı razılığı olduqda (Vergi Məcəlləsinin 65.2.1-ci maddəsi).

Müəyyən edilmiş müddətdə icra edilməyən vergilər üzrə borc vergi orqanının hesabladığı vergilərdən, faizlərdən və tətbiq etdiyi maliyyə sanksiyalarından ibarət olduqda və vergi ödəyicisinin həmin borcun alınması haqqında yazılı razılığının olmadığı digər hallarda vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında sərəncam verilir.

Məhkəmə qərarı olmadan vergi orqanı tərəfindən birtərəfli qaydada vergi ödəyicisinin cari və ya digər hesablarına sərəncamların qoyulmasının Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına dair  sorğunun dəlilləri ilə bağlı  Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın müddəalarına və özünün bu məsələyə dair formalaşdırdığı hüquqi mövqelərinə bir daha nəzər yetirilməsini zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin III hissəsində isə təsbit edilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunan maddənin IV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Konstitusiyanın 73-cü maddəsinin I hissəsində qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Həmin maddənin II hissəsinə əsasən isə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun “Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlətə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı.

Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir.

Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusiya vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.

Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi Mülki Məcəllənin bank hesabı ilə bağlı münasibətləri tənzimləyən LII fəslinin normaları ilə üst-üstə düşür.

Belə ki, pul vəsaitinin hesabdan silinməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 964.2-ci maddəsinin məzmununa görə, müştərinin sərəncamı olmadan onun hesabından pul vəsaitinin silinməsi aşağıdakı əsaslardan biri olduqda həyata keçirilə bilər:

·  pul vəsaitinin silinməsi barədə məhkəmənin qərarı olduqda;

·  qanunla müəyyənləşdirilmiş hallarda;

·  bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda.

Həmin maddənin məzmunundan göründüyü kimi, bank hesabından pul vəsaitinin silinməsi əsaslarından biri qanunvericilikdə müəyyənləşdirilmiş halların mövcudluğudur.

Belə hallar həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində də göstərilmişdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərar icra edilməsi üçün birbaşa icra məmuruna göndərilir və sonuncu tərəfindən məhkəmə qərarı olmadan icra hərəkətləri həyata keçirilir.

Qeyd edildiyi kimi, qanunverici vergilərin, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsini vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifənin icra olunmaması nəticəsində büdcəyə dəymiş ziyanın yerinin doldurulması məqsədilə, qanunverici Vergi Məcəlləsində məcburiyyət tədbirləri və vasitələri müəyyən etmişdir.

Belə ki, Vergi Məcəlləsinin 23.1.7 və 65.2-ci maddələrinin tələblərinə əsasən, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin  milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir.

Bu zaman vergi ödəyicisinin cari və ya digər hesablarındakı pul vəsaitinin vergi orqanı tərəfindən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması baş verir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, belə dondurulma vergi ödəyicisinin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

Əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil.

Bu isə onu göstərir ki, Konstitusiya vergi ödəyicisinin müəyyən pul məbləğində dövlət büdcəsinə ödənilməli olan və bu səbəbdən də onun öz mülahizəsinə uyğun olaraq sərəncam verə bilmədiyi əmlak ilə şəxsi mülkiyyətində olan və Konstitusiyanın 29-cu maddəsi ilə təminat verilən əmlakı fərqləndirir.

Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyanın 60-cı və Vergi Məcəlləsinin 62-ci maddələri ilə vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququna təminat verilir.

Vergi ödəyicisinin hüquqlarının müdafiəsi vasitəsi kimi sonrakı məhkəmə nəzarətinin mövcudluğu da vergi ödənişlərinin mübahisəsiz tutulması qaydasının Konstitusiyanın tələblərinə zidd olmamasına dəlalət edir.

Verginin məcburi tutulması öz-özlüyündə mülkiyyət hüququnu pozmadığı üçün vergi orqanı tərəfindən onun tutulmasına yönələn Vergi Məcəlləsinin 65.2-ci maddəsində göstərilmiş tədbirlər də mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

Vergi ödəyicisinin cari və ya digər hesablarında olan pul vəsaitinin onun vergi borcundan daha artıq həcmdə - 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması ilə bağlı sorğunun dəlilinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə müvafiq olaraq,  maliyyə fəaliyyətinin əsaslarına, vergilərə, rüsumlara və ödənişlərə dair ümumi qaydaları qanunverici müəyyən edir.

Konstitusiyanın müddəalarına əsaslanan Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir (Vergi Məcəlləsinin 1.1-ci maddəsi).

Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Vergi Məcəlləsinin 59.2-ci maddəsinə görə isə bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Qeyd olunan maddənin mənasından göründüyü kimi, faizlərin hesablanması nəticəsində mübahisələndirilən vergi borcunun məbləği hər gün dəyişə bilər. Hətta bir il ərzində ödənilməmiş hər hansı bir vergi məbləğinə görə hesablanmış faizlər 36,5-36,6 faizə qədər arta bilər. Məhz bu səbəbdən dövlət büdcəsinin məruz qala biləcəyi itkilərin (ödənilməmiş vergilərlə yanaşı, hesablanmış faizlərin də) bərpa olunması imkanını qorumaq məqsədilə vergi qanunvericiliyi cari və ya digər hesablarda olan pul vəsaitinin vergi borcundan 5 faiz daha artıq həcmdə dondurulmasını məqsədəmüvafiq hesab etmişdir.

Belə faiz məbləği Vergi Məcəlləsinin digər normasında da nəzərə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 60.1.2-ci maddəsinin 2-ci abzasına əsasən, vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur. Valyuta vəsaiti vergi ödəyicisi tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra olunur.

Göründüyü kimi, qanunverici Vergi Məcəlləsinin ayrı-ayrı maddələrində müxtəlif səbəblərdən yarana biləcək itkiləri kompensasiya etmək üçün borc və ya sərəncamda göstərilən məbləğdən 5 faiz artıq məbləğin dondurulmasını nəzərdə tutmuşdur.

Bu isə Konstitusiyanın 73-cü maddəsinin II hissəsi ilə ziddiyyət təşkil etmir. Həmin maddənin tələblərinə görə, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergilərin və başqa dövlət ödənişlərinin yalnız qanunla müəyyən edilməsi prinsipi onu nəzərdə tutur ki, vergilər və başqa ödənişlər qanunvericiliyə uyğun olaraq qəbul olunmuş və qüvvəyə minmiş qanunla müəyyən edilmiş olsun. Vergi ödənişlərinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması isə Vergi Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulmuşdur və bu Konstitusiyanın 73-cü maddəsinin tələblərinə tam uyğundur.

Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verilməsini nəzərdə tutan Vergi Məcəlləsinin 65.2-ci maddəsi Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğun hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Vergi orqanı tərəfindən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğun hesab edilsin.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.  Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                           Fərhad Abdullayev