Постановления

18.12.15. A.Mirzəyevanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

A.Mirzəyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

18 dekabr 2015-ci il                                                                              Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,  

məhkəmə katibi Elməddin Hüseynovun, 

ərizəçi Afaq Mirzəyevanın nümayəndəsi Elmar Kərimovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdir müavini Hüseynxan Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

A.Mirzəyeva Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 10 iyun 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nəcəfov Yusif Abbas oğlu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər “Kapitol” Firmasına və “Kapitol” Mənzil-Tikinti Kooperativinə (bundan sonra –  “Kapitol” MTK) qarşı pay hüququnun tanınması, təmir işlərinin başlanılmasına şəraitin yaradılması vəzifələrinin cavabdehlərə həvalə edilməsi, dəymiş ziyanın ödənilməsi, “Kapitol” MTK-nın üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın etibarsız hesab edilməsi və həmin protokol əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və s. barədə iddia qaldırmışdır.

Y.Nəcəfov iddiasını onunla əsaslandırmışdır ki, o, 15 mart 2007-ci il tarixli 73 saylı müqaviləyə əsasən Bakı şəhəri, Akademik F.Qasımzadə küçəsində yerləşən 4 otaqlı mənzil almışdır. Həmin tarixdə ona verilmiş kassa mədaxil orderinə əsasən 146160 manat pul kassaya mədaxil edilmişdir.  Lakin “Kapitol” Firmasının əməkdaşları onun mənzilə daxil olmasına maneələr yaradaraq mülkiyyət hüququnu pozmuşlar. Məhkəməyə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, həmin mənzil “Kapitol” MTK tərəfindən üçüncü şəxs A.Mirzəyevaya da satılmışdır. Belə ki, “Kapitol” MTK-nın üzvlərinin 9 oktyabr 2012-ci tarixində keçirilmiş ümumi yığıncağının 83 saylı protokolu əsasında mübahisəli mənzilə dair A.Mirzəyevanın adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

 “Kapitol” firması Bakı şəhəri Nəsimi rayon Məhkəməsində müstəqil iddia qaldıraraq mübahisəli mənzilə dair Y.Nəcəfovla  aralarında bağlanmış 15 mart 2007-ci il tarixli mənzilin alqı-satqısına dair müqavilənin və həmin tarixli kassa mədaxil orderinin etibarsız hesab edilməsini, “Kapitol” MTK isə öz növbəsində qarşılıqlı iddia qaldıraraq Y.Nəcəfova verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etmişdir.

Nəsimi rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı     Y.Nəcəfovun cavabdehlər “Kapitol” Firmasına və “Kapitol” MTK-ya qarşı iddiası rədd edilmişdir. “Kapitol” Firmasının Y.Nəcəfova qarşı iddiası təmin edilərək həmin Firmanın adından bağlanmış mənzilin alqı-satqısına dair 15 mart 2007-ci il tarixli, 73 saylı müqavilə və eyni tarixli kassa məxaric orderi etibarsız hesab edilmişdir. “Kapitol” MTK-nın qarşılıqlı iddiası da təmin edilərək Y.Nəcəfovun adına verilmış maliyyə arayışı edibarsız hesab edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra –  Bakı Apellyasiya Məhkəməsinin MK) 8 aprel 2014-cü il tarixli qətnaməsi ilə Y.Nəcəfovun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilməklə “Kapitol” Firması tərəfindən inşa edilmiş Akademik F.Qasımzadə küçəsi, ev 9 ünvanında yerləşən 73 saylı mənzilin üzərində iddiaçının pay hüququnun tanınması, həmin mənzildə təmir işlərinin başlanılmasına şəraitin yaradılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzil üzərində Y.Nəcəfovun sahiblik hüququnun həyata keçirilməsinə  cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, protokoldan çıxarışın etibarsız hesab edilməsi,  həmin protokol əsasında A.Mirzəyevaya verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdehlərin iddiası isə rədd edilmişdir.

Ali Məhkəmənin MK-nın 9 sentyabr 2014-cü il tarixli qərarı ilə “Kapitol” Firmasının və “Kapitol” MTK-nın kassasiya şikayətləri təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmşdır.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8 yanvar 2015-ci il tarixli qətnaməsi ilə Y.Nəcəfovun apellyasiya şikayəti yenidən qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, cavabdehlərin iddiası isə rədd edilmişdir.

Ali Məhkəmənin MK-nın 10 iyun 2015-ci il tarixli qərarı ilə cavabdehlərin və A.Mirzəyevanın kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

A.Mirzəyeva Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin MK-nın 10 iyun 2015-ci il tarixli qərarının Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 109-3, 111, 139, 146.1, 146.2 və 146.8-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 112 və 113-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 217, 218, 416, 417.1.3, 418.1 və 420-ci maddələrinə uyğun olmayan hesab edilməsini və həmin işə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin I hissəsi və 60-cı maddəsinin I hissəsi).

Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir.

Məhkəmə aktlarından şikayətin Mülki Prosessual Məcəllədə nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Mülki proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.

Məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi mülki işə işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Mülki prosessual qanunvericiliyə görə kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxmanın hədlərini müəyyənləşdirən 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Belə ki, Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.

Mülki Prosessual Məcəllənin 418.2-ci maddəsinə görə isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Bu isə yeni apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həllinin təmin olunmasını tələb edir. Belə ki, həmin maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.  

Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı artıq formalaşdırdığı hüquqi mövqeyinə istinadla bir daha vurğulayır ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Y.Nəcəfovun “Kapitol” MTK-nın üzvlüyünə qəbul edilməsi barədə hər hansı qərar mövcud olmamışdır. Bu hal Y.Nəcəfovun iddia tələbinin birinci instansiya məhkəməsində təmin edilməməsinə, sonradan isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya instansiyası məhkəməsində ləğv edilməsinə səbəb olmuşdur.

Belə ki, kassasiya instansiyası məhkəməsi ilk dəfə işə baxaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işin yeni apellyasiya baxışına qaytararkən 9 sentyabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı Y.Nəcəfov və cavabdeh A.Mirzəyevanın kooperativin üzvlüyünə qəbul edilməsi və onların kooperativdə üzvlüyünə xitam verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsini müəyyən etməli olduğu halda bunu etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

Apellyasiya instansiyası məhkəməsi  Ali Məhkəmənin MK-nın qərarında nəzərdə tutulmuş göstərişə əməl etməsi üçün müvafiq maddi və prosessual hüquq normalarını nəzərdən keçirilməli olduğu halda, bunu etməmişdir.

Belə ki, Mülki Məcəllənin 111-ci maddəsində kooperativin fəaliyyətinə aid bütün mühüm məsələlərin onun üzvlərinin ümumi yığıncağı tərəfindən həll edilməsi müəyyənləşdirilmişdir. Həmin Məcəllənin 109-3-cü maddəsinə əsasən kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir.

Mülki Məcəllənin 111.3.3-cü maddəsində kooperativin ali idarəetmə orqanı olan onun üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətləri sırasında kooperativ üzvlərini qəbul etmək və çıxarmaq səlahiyyəti göstərilmişdir.

Mülki qanunvericiliyin göstərilən normalarında kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativin digər idarəetmə orqanlarının (idarə heyəti və s.) deyil, imperativ qaydada kooperativ üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir.

Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə görə şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.      

Beləliklə, kooperativə üzvlük münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, yaşayış sahəsinə subyektiv hüququn yaranması üçün kooperativə üzv qəbul edilməsi barədə müvafiq sənədlə yanaşı, digər hüquqi faktların məcmusunun yaranmasını tələb edir. Bu hüquqi faktlara kooperativ üzvünün payının ödənilməsi, konkret yaşayış sahəsinin kooperativ üzvünə təqdim edilməsi və s. aiddir.

Bakı Apellyasiya Məhkəməsinin MK mülki prosessual qanunvericiliyin göstərilən tələblərini nəzərə almayaraq Ali Məhkəmənin MK-nın 9 sentyabr 2014-cü il tarixli qərarında müəyyən olunmuş göstərişləri lazımınca yerinə yetirməmiş və qəbul etdiyi qətnamədə əsasən əvvəlki qətnaməsində gəldiyi nəticələri təkrarlamışdır.

Bunun nəticəsində A.Mirzəyevanın Konstitusiyanın 60-cı maddəsindən irəli gələn ədalətli məhkəmə araşdırılması hüququ və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının tətbiqini elə tərzdə şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Eyni zamanda, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar.

A.Mirzəyevanın kassasiya şikayəti üzrə mülki işə təkrar baxmış Ali Məhkəmənin MK Bakı Apellyasiya Məhkəməsinin MK-nın Mülki Prosessual Məcəllənin 372.1, 372.7 və 420-ci maddələrini düzgün tətbiq etməməsinə, şikayətçinin dəlillərinə, habelə özünün əvvəlki qərarında verilmiş göstərişlərin yerinə yetirilməməsinə münasibət bildirmədən, apellyasiya instansiyası məhkəməsinin 8 yanvar 2015-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır.

Bu isə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, Y.Nəcəfov və “Kapitol” Firması arasında bağlanmış və hal-hazırda qüvvədə olan 15 mart 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Kapitol” MTK tərəfindən inşa edilmiş binada dəyəri ödənilmiş dörd otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürülmüşdür.

Bu baxımdan, bu Qərardan sonrakı məhkəmə araşdırmaları zamanı həmin müqavilədə nəzərdə tutulmuş mənzilin Y.Nəcəfova təhvil verilməsi və ya bu öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ona ödənilməsini mülki qanunvericiliyə uyğun olaraq tələb etmək hüququ izah edilməlidır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Y.Nəcəfovun cavabdehlər “Kapitol” Firması və “Kapitol” MTK-ya qarşı pay hüququnun tanınması, təmir işlərinin başlanılmasına şəraitin yaradılması vəzifələrinin cavabdehlərə həvalə edilməsi, dəymiş ziyanın ödənilməsi, “Kapitol” MTK-nın üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın etibarsız hesab edilməsi və həmin protokol əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və s. iddia tələbinə dair mülki iş üzrə qəbul edilmiş Ali Məhkəmənin MK-nın 10 iyun 2015-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1, 418.2 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu   

QƏRARA ALDI:

  1. Yusif Nəcəfovun cavabdehlər “Kapitol” Firması və “Kapitol” Mənzil-Tikinti Kooperativinə qarşı iddiasına dair mülki iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2015-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1, 418.2 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

Sədr                                                                                          Fərhad  Abdullayev