Постановления

03.09.15 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I  

Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair

3 sentyabr 2015-ci il                                                                                Bakı  şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin hakimi Tofiq Heydərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradovun,

ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Afət Mirzəyevanın,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Azər Hüseynovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayevin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Samirə Musayevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN   ETDİ:

“İnşaat İstehsalat Təchizat-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2013-cü il tarixli səyyar vergi yoxlaması aktının  mənfəət vergisinin 2012-ci ildə 7148,22 manat məbləğində azaldılmış hesab edilən və həmin məbləğə görə 3574,11 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunan, əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) 2012-ci ildə 54175,33 manat məbləğində azaldılmış hesab edilən və həmin məbləğə görə 27087,67 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilən hissələrində əsassız hesab edilməsini, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30 oktyabr 2013-cü il tarixli qərarın ləğv edilməsini, hesablanmış məbləğlərin Məhdud Məsuliyyətli Cəmiyyətin şəxsi hesab vərəqəsində azaldılmasını xahiş etmişdir.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2014-cü il tarixli qərarı ilə iddia təmin edilərək səyyar vergi yoxlamasının nəticələri qismən – mənfəət və ƏDV hissələrində ləğv edilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyul 2014-cü il tarixli qərarı ilə vergi orqanının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 4 noyabr 2014-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.     

İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 175.1 və 176.4-cü maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın (bundan sonra – Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalar) 1.4-cü bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar.

Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011-ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları).

Qeyd olunmalıdır ki, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə müvafiq olaraq qanunverici maliyyə fəaliyyətinin əsaslarına, vergilərə, rüsumlara və ödənişlərə dair ümumi qaydalar müəyyən edir. O, müstəqil olaraq vergitutmanın əsas elementlərini və vergilərin miqdarını, vergi ödəyicilərinin və vergitutma obyektlərinin tərkibini, vergi dərəcələrinin növlərini, vergi dövrünün davamlılığını, vergi bazasının müəyyənləşdirilməsi üçün gərəkli olan dəyər və kəmiyyət göstəricilərini, vergilərin hesablanma qaydasını və s. müəyyən edir. 

Konstitusiya müddəalarına əsaslanan Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir (Vergi Məcəlləsinin 1.1-ci maddəsi).

Vergi Məcəlləsinin 6-cı maddəsində nəzərdə tutulmuş dövlət vergilərinin sırasında əlavə dəyər vergisi müəyyən edilmişdir.

Əlavə dəyər vergisinin anlayışı, vergi ödəyicilərinin hüquqi statusu, vergitutma obyekti, vergi ödəməkdən azad edilmə, büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV və digər məsələlər Vergi Məcəlləsinin XI Fəslində nəzərdə tutulmuşdur.

Həmin Məcəllənin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir:

● vergi tutulan dövriyyədən hesablanan verginin məbləği;

● elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği.

Hesabat dövrü ərzində bu iki göstərici arasındakı fərq ödənilməli ƏDV-nin məbləğidir.

Vergi Məcəlləsinin 173.1-ci maddəsində vergi tutulan dövriyyədən hesablanan verginin məbləği göstərilmişdir. Həmin maddəyə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.

Həmin Məcəllənin 175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Göründüyü kimi, həmin maddədə iki növ ödəmələr nəzərdə tutulmuşdur:

- elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr;

- ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, birinci halda söhbət ödəmə əməliyyatlarının ƏDV-siz dəyərindən, ikinci halda isə ödənilmiş verginin məbləğindən gedir.

Belə nəticəyə gələrkən Konstitusiya Məhkəməsinin Plenumu qanunverici tərəfindən Vergi Məcəlləsinin 175.1-ci maddəsində edilmiş dəyişikliklərə əsaslanır.

Belə ki, həmin maddənin 1 yanvar 2003-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə nağdsız qaydada ödənilmiş verginin məbləği sayılırdı. Bu zaman yalnız ƏDV hissəsinin nağdsız qaydada ödənilməsi tələb olunurdu və əməliyyatın ƏDV-siz dəyərinin hansı qaydada ödənilməsinə dair heç bir şərt mövcud deyildi.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 28 noyabr tarixli 519-IIQD nömrəli Qanununa əsasən Vergi Məcəlləsinin 175.1-ci maddəsində “nağdsız qaydada ödənilmiş” sözləri “nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) aparılmış ödəmələrdə” sözləri ilə əvəz edilmişdir. Bu dəyişiklik nəticəsində əvəzləşdirilən ƏDV-nin məbləği nağdsız qaydada aparılmış ödəmələrdə verginin məbləği hesab olunmuşdur. Nəticədə, əməliyyatın həm ƏDV-siz dəyərinin, həm də ƏDV hissəsinin nağdsız qaydada ödənilməsi həmin verginin əvəzləşdirilməsinə hüquq vermişdir. “Mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər” nağdsız qaydada aparılmış ödəmələrin tərkibinə aid edilməmişdir. Beləliklə, “mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər” aparıldığı halda ƏDV-nin ödənilmə formasından asılı olmayaraq həmin verginin əvəzləşdirilməsi istisna olunmuşdur.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə edilmiş sonuncu dəyişikliklər isə (Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD nömrəli Qanunu) vergi tutulan əməliyyatın ƏDV-siz dəyərinin ödənilməsi qaydası ilə bağlı olmamışdır.

Beləliklə, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin qüvvədə olan redaksiyasında əvəzləşdirilən ƏDV-nin müəyyən edilməsi məqsədləri üçün mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlərin aparıldığı hallar istisna edilmişdir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə bir nəticəyə gəlir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin “nağdsız qaydada ödəmələr” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsini nəzərdə tutur.

Vergi Məcəlləsinin 176.4-cü maddəsinə müvafiq olaraq ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qəbz və ya çek verilə bilər. Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada tərtib edilməyən elektron vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq aparılan əvəzləşdirilmə etibarsız hesab edilir.

Bu maddə ƏDV-nin ödənilməsini təsdiq edən, lakin vergi məbləğinin əvəzləşdirilməsinə əsas verməyən sənədləri müəyyən edir. Bunlara ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə verilmiş qəbz və ya çeklər; müəyyən edilmiş qaydada tərtib edilməyən elektron vergi hesab-fakturaları; nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər aid edilmişdir.

Göründüyü kimi, alıcının ƏDV məqsədləri üçün qeydiyyatda olub-olmamasından asılı olmayaraq ƏDV-nin əvəzləşdirilməsinə hüquq verməyən sənədlər, o cümlədən “nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər” ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Vergi Məcəlləsinin 176.4-cü maddəsinin “nağd aparılan əməliyyatlar” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin istər ƏDV-siz dəyərinin, istərsə də ƏDV-nin məbləğinin nağd qaydada ödənildiyi əməliyyatları ehtiva edir. Bu zaman təqdim edilmiş malın, görülmüş işin və ya göstərilmiş xidmətin ƏDV-siz dəyəri və ya ƏDV-nin məbləği nağd qaydada ödənildikdə, aparılan əvəzləşdirmə etibarsız hesab edilir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin belə nəticəyə gəlir ki, Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab- fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV-nin məbləği sayılır.

Konstitusiya Məhkəməsinin Plenumu Vergi Məcəlləsinin qeyd olunan maddələrinin Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4-cü bəndi baxımından şərhi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair qeyd edir ki, bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar qəbul edilmişdir.

Həmin Qaydaların 1.4-cü bəndinin ilkin redaksiyasına əsasən malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra – alıcı) tərəfindən vergi hesab-fakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra – satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

Daha sonra Nazirlər Kabinetinin 2008-ci il 16 fevral tarixli 47 nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4-cü bəndindən “bank” sözü çıxarılmışdır.

İlkin olaraq qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə müvafiq Qaydaların təsdiq edilməsindən bu Qaydalara dəyişiklik edilməsi barədə 2008-ci il 16 fevral tarixli 47 nömrəli Qərarın qəbul edildiyi tarixədək Vergi Məcəlləsinin 175.1-ci maddəsində hər hansı dəyişiklik edilməmişdir. Başqa sözlə, əvəzləşdirilən ƏDV-nin müəyyən edilməsi ilə bağlı vergi qanunvericiliyinin müddəaları olduğu kimi qüvvədə olmuş və hazırda da qüvvədədir. Buna görə Nazirlər Kabinetinin 2008-ci il 16 fevral tarixli 47 nömrəli Qərarının qəbul edilməsi əvəzləşdirilən ƏDV-nin müəyyən edilməsi qaydasını dəyişməmişdir.

Bundan başqa nəzərə alınmalıdır ki, qanunverici Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər.

Konstitusiyanın 149-cu maddəsinin V hissəsinin məzmununa, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30 dekabr 2008-ci il tarixli Qərarında və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 28 mart 2014-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, Nazirlər Kabinetinin qərarları konstitusiya norma və prinsiplərinə, hamılıqla qəbul edilən ümumi prinsiplərə, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır.Buna müvafiq olaraq qanunların icrası ilə əlaqədar qəbul edilən Nazirlər Kabinetinin qərarları həmin qanunun məqsədlərinə uyğun olmalı, məzmununu dəyişməməli, qanunda müəyyən edilən məsələləri tənzimləməlidir.

Təsadüfi deyil ki, Vergi Məcəlləsinin 2.2-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ- hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

- Vergi Məcəlləsinin 175.1-ci maddəsinin “nağdsız qaydada ödəmələr” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsini nəzərdə tutur;

- Vergi Məcəlləsinin 176.4-cü maddəsinin “nağd aparılan əməliyyatlar” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin istər ƏDV-siz dəyərinin, istərsə də ƏDV-nin məbləğinin nağd qaydada ödənildiyi əməliyyatları ehtiva edir. Bu zaman təqdim edilmiş malın, görülmüş işin və ya göstərilmiş xidmətin ƏDV-siz dəyəri və ya ƏDV-nin məbləği nağd qaydada ödənildikdə, aparılan əvəzləşdirmə etibarsız hesab edilir;

- Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab- fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV-nin məbləği sayılır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin “nağdsız qaydada ödəmələr” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsini nəzərdə tutur.

2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.4-cü maddəsinin “nağd aparılan əməliyyatlar” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin istər ƏDV-siz dəyərinin, istərsə də ƏDV-nin məbləğinin nağd qaydada ödənildiyi əməliyyatları ehtiva edir. Bu zaman təqdim edilmiş malın, görülmüş işin və ya göstərilmiş xidmətin ƏDV-siz dəyəri və ya ƏDV-nin məbləği nağd qaydada ödənildikdə, aparılan əvəzləşdirmə etibarsız hesab edilir.

3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.  

Sədr                                                                              Fərhad Abdullayev