Постановления

29.12.99 «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 109-cu maddəsinin birinci hissəsinin AR Konstitusiyasının 25, 38 ,71-ci maddələrinə uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

Q Ə R A R I

«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun

109-cu maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının

25, 38 ,71-ci maddələrinə uyğunluğunun yoxlanılmasına dair

29 dekabr 1999-cu il                                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

sorğuverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Baş Prokurorunun müavini N.Allahverdiyevin,

cavabverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Milli Məc­lisi Aparatının Ümumi şöbəsinin müdir müavini İ.Əbdüləzizovun,

mütəxəssislər: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial siyasət və təminat idarəsinin rəisi F.Əliyevin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə qərarlarının icrası Baş idarəsinin qərargah rəisi M.Hümbətovun, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Maliyyə Departamentinin rəisi C.Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı üzrə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 38, 71-ci maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Prokurorluğunun 06 dekabr 1999-cu il tarixli 05 d/k –99 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə məruzəçi-hakim S.Salmanovanın məruzəsini, sorğuverən orqanın qanuni nümayəndəsi N.Allahverdiyevin, cavabverən orqanın qanuni nümayəndəsi İ.Əbdüləzizovun çıxışlarını, mütəxəssislər F.Əliyev, M.Hümbətov və C.Məmmədo­vun rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N   E T D İ:

Azərbaycan Respublikasının Prokurorluğu sorğuda azadlıqdan məhrum edilən pensiyaçıya təyin olunmuş pensiyanın azadlıqdan məhrumetmə müddətində 20 faiz məbləğində ödənilməsini nəzərdə tutan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 38, 71-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş edir.                  Baxılan məsələ ilə əlaqədar iş materiallarına «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3, 10, 22, 90, 104 və 109-cu maddələrinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında təsdiq edilmiş rəsmi mətnləri əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.

«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin birinci hissəsinə əsasən pensiyaçı azadlıqdan məhrum edildikdə təyin olunmuş pensiya azadlıqdan məhrumetmə müddətində 20 faiz məbləğində (əlavələr nəzərə alınmadan) ödənilir.

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sosial təminat hüququ var. Həmin maddənin III hissəsinə müvafiq olaraq hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunda nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Azərbaycan Respublikasının Qanunvericiliyinə görə vətəndaşların sosial təminat hüququ aşağıdakı qaydada həyata keçirilir.

İşləyən vətəndaşlar, azadlıqdan məhrum etmə yerlərində olanlar da daxil olmaqla, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna haqqlarının müəyyən hissəsini məcburi sığorta haqqı ödəməklə, əmək pensiyalarının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak edirlər. Bu pensiyalar qabaqcadan uzun illər sərf edilən faydalı əməyə, xidmətə, müəyyən ictimai əhəmiyyətli öhdəliklərin yerinə yetirilməsinə görə əldə edilir və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən ömürlük təyin olunur. Sosial pensiyalar isə əmək pensiyalarından fərqli olaraq əmək qabiliyyəti olmayan və işləməyən şəxslərə həmin Qanunun 90-cı maddəsində nəzərdə tutulan qaydada təyin edilir. 

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Lakin azadlıqdan məhrumetmə müddətində vətəndaşların pensiyasının 20 faiz məbləğində ödənilməsi onların Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan sosial təminat hüquqlarını məhdudlaşdırır.

Qeyd etmək lazımdır ki, azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər islah-əmək müəssisələrində dövlət büdcəsi hesabına saxlanılırlar.

"Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu azadlıqdan məhrum edilmiş pensiyaçılara təyin edilmiş pensiyanın ödənişlərdən sonra qalan məbləğinin (pensiyanın 80 faizi) həmin şəxslərin islah-əmək müəssisələrində saxlanılması üçün verilməsini nəzərdə tutmamışdır.

Bu Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu sərbəst maliyyə-bank sistemidir və onun vəsaitləri qanunda birbaşa nəzərdə tutulmamışdırsa, başqa məqsədlər üçün, o cümlədən məhkum olunmuş pensiyaçıların saxlanılması üçün istifadə oluna bilməz.

Göstərilənlərdən əlavə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin birinci hissəsi faktiki olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmayan əlavə cəza növü müəyyən etmişdir. Həmin cəza əsas cəzadan fərqli olaraq məhkum edilmiş şəxslə yanaşı onun ailə üzvlərinə də şamil edilir və onların sosial təminat hüquqlarını məhdudlaşdırır.

Bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların hüquq və azadlıqlarının bərabərliyi prinsipinə ziddir.

«İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə»də və «İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt»da pensiyaçı məhkumların sosial təminat hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmamışdır.

«İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə»nin 22-ci maddəsində göstərilir: «Hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var».

«İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi onu da göstərməyi lazım bilir ki, beynəlxalq təcrübədə şəxsin məhkum olunması onun sosial təminat hüququndan məhrum edilməsinə əsas deyil.

Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin Üzv Dövlətlərə ünvanladığı «Məhkumların seçki, mülki və sosial hüquqları haqqında» Qətnamənin «Sosial hü­quqlar» D bölməsinin 9-cu bəndində göstərilir ki, məhkum edilmiş şəxs həbs olunana qədər sosial təminat hüququ qazanıbsa, həbsə alınma onu bu hüquqdan məhrum etməməlidir.

Yuxarıda göstərilənlərdən göründüyü kimi azadlıqdan məhrum edilən pensiyaçıya təyin olunmuş pensiyanın azadlıqdan məhrumetmə müddətində 20 faiz məbləğində ödənilməsini nəzərdə tutan «Vətəndaşların pensiya təminatı haqqında» Azər­baycan Respublikası Qanununun 109-cu maddəsinin birinci hissəsi Azərbaycan Res­publikası Konstitusiyasının 25, 38 və 71-ci maddələrinə uyğun deyil.

Bununla belə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mülki hüquqi qaydada və məhkəmə qərarı əsasında pensiyadan tutulmaların mümkünlüyünü istisna etmir.

«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 104-cü maddəsi ödənilmiş pensiya məbləğinin tutulmasını nəzərdə tutur. Lakin həmin maddənin ikinci hissəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilmiş bütün tutulan məbləğ pensiyaçıya veriləcək pensiya məbləğinin 50 faizindən artıq ola bilməz. Qanunun bu göstərişi nəzərə alınmaqla azadlıqdan məhrum edilmiş şəxslərə pensiyanın ödənilməsi qaydaları müəyyən olunmalıdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83, 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

1. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin birinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 25, 38, 71-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azadlıqdan məhrum edilmiş şəxslərə pensiyanın ödənilməsi qaydalarını müəyyən etsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar "Azərbaycan" qəzetində dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev