Постановления

19.11.99 “Banklar və bank fəaliyyəti haqqında” AR Qanununun 45-ci mad. AR Konstitusiyasının 13-cü mad.I his.,29-cu mad. II, III his.,59-cu mad. və 71-ci mad.II his. uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

“Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə,

29-cu maddəsinin II, III hissələrinə, 59-cu maddəsinə və 71-ci maddəsinin  II hissəsinə uyğunluğunun yoxlanılmasına dair

19 noyabr 1999-cu il                                                                                              Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), S.Salmanova, Ə.Sul­ta­novdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

sorğu verən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmlər namizədi B.Əsədovun,

cavab verən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının iqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi N.Bədiro­vun,

mütəxəssislər: Azərbaycan Respublikası Milli Bankın İdarə Heyətinin Sədri E.Rüstəmovun və Milli Bankın hüquq şöbəsinin müdiri R.Məlikovanın, 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maliyyə-kredit və pul tədavülü şöbəsinin rəisi Ə.Abbasovun,

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kredit təşkilatları ilə iş şöbəsinin rəisi Y.Məmmədovun,

Azərbaycan Respublikası Dövlət antiinhisar siyasəti və sahibkarlığa kömək komitəsinin hüquq komissiyasının sədri A.Hacıəliyevin iştirakı ilə,

“Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunun 41 və 45-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I-IV hissələrinə və 71-ci maddəsinin II hissəsinə uy­ğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 13 sentyabr tarixli 5-3/99 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Hakim R.Qvaladzenin məruzəsini, sorğu verən orqanın qanuni nümayəndəsi B.Əsədovun, cavab verən orqanın qanuni nümayəndəsi N.Bədirovun çıxışlarını, mütəxəssislər E.Rüstəmovun, Ə.Abbasovun, Y.Məmmədovun, A.Hacıəliyevin rəylərini dinləyib, işin materiallarını müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N    E T D İ:

“Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən kredit təşkilatı həmin Qanuna müvafiq sürətdə müəyyənləşdirilmiş və ya irəli sürülmüş tələblərə təkrarən və yaxud müntəzəm əməl etmədikdə Milli Bankın İdarə Heyəti onun maliyyə vəziyyətinin sağlamlaşdırılmasına ümid edilən hallarda müddəti 18 aydan çox olmamaqla konservasiya haqqında qərar çıxara bilər. Həmin Qanunun 45-ci maddəsində isə göstərilmişdir ki, zəruri hallarda kredit təşkilatının maliyyə vəziyyətinin normallaşdırılması üçün konservasiya aparan şəxs əhalinin həmin kredit təşkilatına qoyduğu depozitlərin (əmanətlərin) üç ayadək müddətə tamamilə və ya qismən dondurulması haqqında qərar qəbul etməyə haqlıdır.

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda həmin Qanunun 41 və 45-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I-IV hissələrinə, 71-ci maddəsinin II hissəsinə uyğunluğunun  yoxlanılmasını xahiş edir.

Sorğu ilə bağlı konstitusiya işində “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 45-ci maddələrini əks etdirən Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq  edilmiş rəsmi mətnlər vardır.

Sorğunun mahiyyətindən göründüyü kimi, sorğu verən orqan yalnız depozitin dondurulmasını nəzərdə tutan adı çəkilən Qanunun 45-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş edir. Ona görə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğunun bu hissəsinə baxır.                 

Konstitusiya Məhkəməsi sorğuda göstərilən məsələni həll edərkən Azərbaycan Respublikası Konstitusiyasının banklar və əmanətçi-vətəndaşlar arasında əmlak mü­na­sibətlərini tənzimləyən aşağıdakı müddəalarını rəhbər tutur: iqtisadi fəaliyyətin azadlıq prinsipi (maddə 15), mülkiyyət hüququ (maddə 29), azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olma hüququ (maddə 59).

Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində qeyd edilmişdir ki, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Həmin müddəalar sahibkarlıq fəaliyyətini həyata keçirən  banklara, həm də banklara əmanət qoyan və faizlər şəklində gəlir əldə edən, bununla da qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olan vətəndaşlara şamil edilir.

“Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunun 45-ci maddəsində nəzərdə tutulan əmanətin dondurulması faktiki olaraq vətəndaşı Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində göstərilən hüquqlarını həyata keçirməkdən məhrum edir.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin II hissəsinə görə mülkiyyət hü­ququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin III hissəsinə  müvafiq olaraq mülkiyyət hüququ mülkiyyətçinin  təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilən müddəalarına əsasən əmanətçi özünə məxsus olan əmanətə öz mülahizəsinə görə sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna malikdir. Kredit təşkilatı tərəfindən qəbul edilən əmanətin dondurulması vətəndaşın Konstitusiyada təsbit edilmiş ona məxsus olan əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını pozmuş olur.

Beləliklə, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunun 45-ci maddəsində nəzərdə tutulan əhalinin kredit təşkilatına qoyduğu depozitlərin (əmanətlərin) ən çoxu üç ayadək müddətdə tamamilə və ya qismən dondurulması vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququnu, habelə qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə görə isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi onu da qeyd etməyi vacib bilir ki, əmanətçilərlə bağlanılan müqavilənin şərtlərinin kredit təşkilatı tərəfindən birtərəfli qaydada dəyişdirilməsinə imkan yaradan “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanununun 45-ci maddəsinin müddəaları ədalət prinsipinə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsində  təsbit  edilmiş bərabərlik prinsipinə cavab vermir.

Belə ki, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunun 38-ci maddəsinin ikinci hissəsinə görə vəsaitin əmanətlərə cəlb olunması yazılı şəkildə, iki nüsxə tərtib olunmuş müqavilə ilə rəsmiləşdirilir. 

Lakin göstərilən Qanunun 45-ci maddəsinin müddəaları baxımından belə müqavilə bağlanılan anda əmanətçi – vətəndaş kredit təşkilatına nisbətən qeyri – bərabər vəziyyətə düşmüş olur. Ona görə ki, həmin müqavilənin şərtlərini kredit təşkilatı müəyyən edir, vətəndaş isə tərəf kimi müqavilənin mahiyyətinə heç bir təsir göstərə bilmir. Beləliklə, kredit müqavilələri münasibətlərində vətəndaş iqtisadi cəhətdən zəif tərəf olur. Məhz bunu nəzərə alaraq qanunverici bu münasibətlərdə iqtisadi cəhətdən zəif tərəfin hüquqlarını müdafiə edir.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-cü maddəsinin ikinci hissəsinə görə əmanətçinin ilk tələbi üzrə əmanətlərin verilməsi təmin olunur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunun 45-ci maddəsini  Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin II, III hissələrinə, 59-cu maddəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab etmir.

Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin I bəndini, “Konstitusiya Məhkəməsi haqqında” Qanununun 75, 76, 78, 80-83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A     A L D I :   

1. “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası  Qanununun 45-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin II, III hissələrinə, 59-cu maddəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan” qəzetində dərc olunsun.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev