Постановления

15.09.14 H.Cəfərovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

15 sentyabr 2014-cü il                                                                         Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Teymur Ocaqverdovun,

ərizəçi Həşim Cəfərovun vəkili Əlirza Həbilovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin vəkilinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Qaratel Məhərrəmovanın cavabdehlər Həsən Hacıyevə, Həşim Cəfərova və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinə (bundan sonra – Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti) qarşı Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 45 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin, bu alqı-satqı müqaviləsi əsasında cavabdeh H.Cəfərovun adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia tələbi rədd edilmiş, H.Cəfərovun Voroşil Məhərrəmova və Yaqub Müseyibova qarşı mülkiyyətində olan sahədən çıxarılmaları tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 13 mart 2008-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Q.Məhərrəmovanın apellyasiya şikayəti təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 22 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı Q.Məhərrəmovaya aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı H.Cəfərovun cavabdeh Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna (bundan sonra – DNK) qarşı alqı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsinə dair iddiası təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Q.Məhərrəmova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

Ali Məhkəmənin MK-nın 26 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 9 yanvar 2009-cu il tarixli qərardadı ilə hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 4 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Q.Məhərrəmovanın apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi Q.Məhərrəmovaya aid hissədə, həmçinin Nəsimi rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin MK-nın 11 mart 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 3 avqust 2011-ci il tarixli qətnaməsi ilə Q.Məhərrəmovanın apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin MK-nın 6 fevral 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 3 avqust 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən Q.Məhərrəmovanın iddia tələbi qismən təmin edilmiş, 41 saylı DNK tərəfindən 4Ə/749 saylı reyestrlə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli, AN-I 0052217 saylı alqı-satqı müqaviləsi və Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən H.Cəfərovun adına verilmiş 18 noyabr 2005-ci il tarixli, 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə iddiaçı Q.Məhərrəmovaya aid hissədə ləğv edilməklə, onun mülkiyyət hüququ bərpa edilmişdir. H.Cəfərovun 41 saylı DNK-ya qarşı 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsində notariat kontoruna təqdim edilmiş digər etibarnamələrlə yanaşı, H.Hacıyevin adına verilmiş etibarnamənin əks etdirilməsinin notariusa həvalə edilməsi barədə iddia tələbi isə təmin edilməmişdir.

Ali Məhkəmənin 10 oktyabr 2013-cü il tarixli qərardadı ilə H.Cəfərovun əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmaması qərara alınmışdır.

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.2, 157.3, 362.1, 362.2, 364.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 459 və 465-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, MPM-in 416, 417.1.4, 417.2-ci maddələri düzgün tətbiq edilməmişdir.

Ərizəçi hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı).

İş üzrə yeni qərar qəbul etmiş kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına (alqı-satqı müqaviləsi bağlanarkən H.Cəfərovun ağlabatan sayıqlıq və ehtiyatlılıq nümayiş etdirməklə bütün ona təqdim edilmiş etibarnamələrə diqqətlə yanaşmaması, onları imzalamış şəxslər barədə məlumatlara, etibarnamələrdə olan imzalara diqqət yetirməməsi və s.)  təkrarən hüquqi qiymət verərək, apellyasiya instansiyası məhkəməsinin MM-in 157.3-cü maddəsini düzgün tətbiq etməməsi nəticəsinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun.

Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

MM-in 157.2-ci maddəsinə əsəsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.3-cü maddəsində (bu maddə H.Hacıyev ilə H.Cəfərov arasında mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən qüvvədə olmuş, 1 noyabr 2005-ci il tarixdə qüvvədən düşmüşdür) isə nəzərdə tutulmuşdur ki, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və ya bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Pul, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb edilə bilməz.

Həmin dövrdə qüvvədə olmuş bu normanın məzmununa görə yalnız əmlakın əvəzli surətdə əldə edilməsi, mülkiyyətçinin və ya sahibin hökmranlığından yuxarıda göstərilən səbəblər ucbatından çıxmaması, əldə edənin isə əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.

Əgər MM-in 157.2-ci maddəsinə əsasən əmlak vicdansız sahibdən (əldə edəndən) bütün hallarda geri tələb oluna bilərsə, yəni, əmlakın vicdansız sahibindən geri alınması barədə mülkiyyətçinin vindikasiya tələbi bütün hallarda (tam vindikasiya) istisnasız olaraq ödənilir və təmin edilirsə, MM-in 157.3-cü maddəsində əşya vicdanlı sahibdən (əldə edəndən) həmişə tələb edilə bilmir (qismən vindikasiya). Belə ki, həmin maddədə əmlakı vicdanlı əldə edən şəxs(lər) üçün, yəni, vicdanlı sahib(lər) üçün müvafiq istisnalar müəyyən edilmişdir.

 Qeyd olunmalıdır ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı.

 MM-in 157.3-cü maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə, əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. MM-in 157.3-cü maddəsinin mənasına görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur.

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli Qərarı).

Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

Belə ki, MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. MM-in 157.3-cü maddəsinin mənasına görə isə vicdanlı sahiblik o halda mövcud ola bilərdi ki, əmlak bilavasitə mülkiyyətçidən deyil, bu əmlakı özgəninkiləşdirmək hüququ olmayan şəxsdən alınmış olsun və bu cür pozuntu ilə bağlanmış əqdin nəticələri ikitərəfli restitusiya yox, əmlakın qanunsuz sahiblikdən qaytarılması ilə əlaqədar olmuş olsun (vindikasiya).

Beləliklə qeyd olunmalıdır ki, MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) bu Məcəllənin 157.3-cü maddəsinin mənasına görə vicdanlı sahibə tətbiqi mümkün deyildir. Ona görə ki, restitusiya və vindikasiya qaydasında irəli sürülən tələb üzrə mülki dövriyyənin iştirakçılarının (subyektlərinin) dairəsi fəqlənir və bu hal vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında da əks olunmuşdur.

Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı.

Bununla yanaşı, qeyd olunmalıdır ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir.

MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in  362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir.  MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.

İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, bu zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

Məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş 2 iyun 2004-cü il və 11 may 2005-ci il tarixli etibarnamələr, həmçinin 13 oktyabr 2005-ci il tarixli etibarnamə əsasında H.Hacıyevin (təmsil edən şəxsin) səlahiyyətlərinin legitimliyi barədə maraqlı şəxslər tərəfindən heç bir iddia irəli sürülməmişdir. Bu hal isə H.Cəfərovun mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçilərinin həmin əmlakın satılmasına yönəlmiş iradə ifadəsinə şübhə yaranmamasına dəlalət edir.     

Lakin kassasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə yeni qərar qəbul edilərkən, işin vicdanlı sahibliklə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməməsi H.Cəfərovun mübahisəli qeyri-yaşayış sahəsinə qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Bu isə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I, II və III hissələrində təsbit olunmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir.

Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən MPM-in 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. (MPM-in 417.1.4 və 417.2-ci maddələri).

Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər.  

MPM-in 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrinə görə kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

  Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il, 21 may 2004-cü il, 3 avqust 2004-cü il, 28 oktyabr 2004-cü il, 21 iyun 2010-ci il, 28 fevral 2012-ci il, 18 fevral 2014-cü il tarixli Qərarlarında da öz əksini tapmışdır.

Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi MPM-in 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, son nəticədə həmin hüquq normalarının tələblərinə əməl etməmişdir.

Belə ki, mülki işin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Rusiya Federasiyasının Perm şəhərinin Dzerjinski rayon Məhkəməsinin 31 mart 2005-ci il tarixli qətnaməsinin işə tətbiqi barədə qeyd etmişdir ki, MPM-in 459 və 465-ci maddələrinə görə xarici məhkəmələrin qətnaməsi Azərbaycan Respublikasında tanınmadan icraya yönəldilə bilməz. Həmin Məcəllənin 465.1.1-ci maddəsinə görə xarici məhkəmələrin qətnaməsinin icra edilməsindən imtina olunmasının əsaslarından biri işin baxılmasının Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aid edilməsidir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Rusiya Federasiyasında əqdlə bağlı Q.Məhərrəmova tərəfindən mübahisə qaldırılanadək Azərbaycan Respublikasında eyni hüquqi mübahisəyə dair eyni tərəflər arasında artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olmuşdur.

Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən bir sıra beynəlxalq aktlara (“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasının 23-cü maddəsinin 1-ci bəndinə, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında” 22 dekabr 1992-ci il tarixli Müqavilənin 21-ci maddəsinin 2-ci bəndinə, 38-ci maddəsinin 1-ci bəndinə) istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsi isə bu hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulmasını əsas gətirərək göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xarici məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi digər sübutlarla birlikdə araşdırılması üçün nəzərə alınmamışdır. Ali Məhkəmə öz qərarında həmin qətnaməni sübut kimi qəbul etməklə hüquqi qiymət vermişdir. 

Mülki prosessual qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qənaətinə gəldikdə, bir qayda olaraq, MPM-in 417.1.3-cü maddəsinə əsasən işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. İş üzrə düzgün qətnamənin qəbul edilməsinə təsir göstərən hər hansı boşluğun aşkar edilməsi apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini istisna edir.

Göründüyü kimi, Ali Məhkəmənin MK MPM-in 416, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə riayət etməmiş və iş üzrə tətbiq edilən maddi hüquq normalarının düzgün şərh edilməməsi nəticəsində H.Cəfərovun Konstitusiyanın 29-cu maddəsinin I, II və III hissələrində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Q.Məhərrəmovanın cavabdehlər H.Hacıyevə, H.Cəfərova və digərlərinə qarşı qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin, bu alqı-satqı müqaviləsi əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 6 fevral 2012-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I, II və III hissələrinə və 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.1.4, 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Q.Məhərrəmovanın H.Hacıyevə, H.Cəfərova və digərlərinə qarşı qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin, bu alqı-satqı müqaviləsi əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin daşınmaz əmlaka dair mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I, II və III hissələrinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4, 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                                Fərhad Abdullayev